Şəxsin xəstəxanada ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib.

"Unikal" xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğu məlumat yayıb.

Xəbər verildiyi kimi cari il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.