Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) elan etdiyi “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, açılış nitqi ilə çıxış edən İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov yazı müsabiqəsinə marağın yüksək olduğunu, mövzuların jurnalistlər və ekspertlər tərəfindən geniş araşdırıldığını və maraqlı məsələlərə toxunulduğunu qeyd edib.

Nail Mərdanov iştirakçılara müsabiqəyə verdikləri töhfəyə görə təşəkkür edib və uğurlarının davamlı olmasını arzulayıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov çıxışında yazı müsabiqəsinin ölkəmizdə internet xidmətlərinin tənzimlənməsi və bu sahə üzrə maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində mühüm bir addım olduğunu bildirib. 

Nazirin müşaviri qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra İKTA-nın fəaliyyətini əks etdirən təqdimat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin mövcud statusu barədə media nümayəndələrinin, ekspertlərin, eləcə də geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsi olub.

“Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri”, “İnternet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı” və “İnternetin xidmət keyfiyyətini müəyyən edən göstəricilər, sahə üzrə elektron xidmətlərin əlçatanlığı” mövzuları əhatə edilib.

Müsabiqəyə 60-dan çox müraciət daxil olub. Şərtlərə əsasən, 18 iştirakçı əsas, 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. 

Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat, mükafat və hədiyyələr təqdim olunub.