Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, "BakuBus"a məxsus avtobus evakuatorla toqquşub. Evakuator da öz növbəsində "Renault" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.
"BakuBus"dan sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 08:22 radələrində “BakuBus” MMC-nin balansında olan 130 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan, 99-JZ-195 dövlət qeydiyyat nişanlı avtobusda yüngül yol-nəqliyyat hadisəsi qeydə alınıb:
"Avtobusu idarə edən sürücüsü-Orxan Rzayevin verdiyi ilkin məlumata əsasən, hadisə minik avtomobilinin ani şəkildə avtobusun qarşısına çıxması səbəbilə baş verib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasını təmin etmək məqsədilə operativ şəkildə 130 nömrəli digər avtobusa yönləndirilib və marşrut xəttinin qrafiki qısa müddətdə bərpa olunub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır", - deyə açıqlamada qeyd olunub.
Murad İbrahimli