“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Namik Tahir oğlu Məmmədovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Bu barədə "Unikal"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaq olunan cinayət işi üzrə Namik Məmmədovun qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda əmlakı əldə etmə, ona sahiblik etmə və ya ondan istifadə etmə, rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirmə cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunduğundan təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla barəsində beynəlxalq axtarış elan edilib.

Namik Məmmədov Ukrayna ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.