Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı ilə bağlı cinayət işi üzrə məhkəmənin ilk hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən cərrah Sənan Mehdiyevin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsi ilə bağlı müzakirə aparılıb.
Təqsirləndirilən həkimin vəkili isə vəsatət təqdim edərək məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş edib. O bildirib ki, müəyyən məsələlərlə bağlı sorğular müvafiq qurumlara ünvanlanıb və həmin sorğular cinayət işi üçün əhəmiyyət kəsb edir.
Müəyyən anket məlumatları dəqiqləşdirilmədiyindən hazırlıq iclası iyunun 13-dək təxirə salınıb.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda cinayət işi başlanılıb.
İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Seymur Əli