Ölkəmizin hər yerində olduğu kimi, hər il Ağstafa rayonunda da Qurban bayramı böyük ruh yüksəkliyi ilə qeyd olunur. Bayram günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat şəkildə həyata keçirilməsi məqsədilə xidmətlərin yüksək səviyyədə təşkili istiqamətində bütün zəruri tədbirlər icra olunur.

"Unikal" xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov aidiyyəti üzrə məsul şəxslərlə birlikdə Həsənsu kəndində fəaliyyət göstərən heyvanların satışı və kəsimi yerində mövcud şəraitə diqqət yetirib, əhaliyə xidmətlərin yüksək səviyyədə göstərilməsinə dair əlavə tövsiyə və göstərişlərini verib. Məntəqədə baytarlıq nəzarəti və sanitar-gigiyenik tələblərə əməl olunması qaydaları araşdırılaraq yüksək qiymətləndirilib. 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.