Öz sahəsindəki bənzərsiz araşdırmalarına görə “Əsrin ən yaxşı beyin cərrahı” seçilən Prof.Dr.Gazi Yaşargil 100 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu məlumat paylaşıb.
Gazi Yaşargil 6 iyul 1925-ci ildə Diyarbəkirin Lice rayonunda anadan olub. Türkiyədə tibb təhsilini başa vurduqdan sonra İsveçrənin Bazel şəhərində magistratura və neyrocərrahiyyə ixtisası üzrə təhsilini tamamlayıb.
O, cərrahiyyənin müxtəlif sahələrində mühüm kəşflər edib. Mikroskopla həyata keçirilən beyin cərrahiyyə əməliyyatlarına yeni bir ölçü gətirən Yaşargil 1967-ci ildə cərrahi mikroskopla ilk beyin bypass əməliyyatını həyata keçirib. Kəllədaxili anevrizma əməliyyatlarında damarları sıxmaq üçün hazırladığı kliplər indi də müasir cərrahi praktikalarda istifadə olunur. O, həmçinin beyin cərrahiyyəsində əməliyyat sahəsinə çatmaq üçün beyin toxumasını daha asan hərəkət etdirmək üçün Leyla retraktorunu dizayn edib. Bu cihaz bu gün beyin əməliyyatlarının əvəzedilməz hissəsinə çevrilib.
Gazi Yaşargilin tibb və cərrahiyyəyə verdiyi töhfələr onu neyrocərrahiyyənin öndə gedən adlarından birinə çevirib. 1999-cu ildə Amerika Neyroloji Cərrahlar Konqresi tərəfindən "Əsrin beyin cərrahı" adına layiq görülən Yaşargil, Avropa Nevroloji Cərrahlar Assosiasiyası tərəfindən Şərəf Medalı ilə təltif edilib. Amerikada “Əsrin adamı” seçilən Qazi Yaşargil həm də dünyada hörmətli alim kimi tanınır. Onun inkişaf etdirdiyi texnika və cihazlar bugünkü müasir beyin cərrahiyyəsinin təməl daşlarını təşkil etmişdir.
Gülayə Mecid