İsrail qırıcılarının İrana hava hücumları zamanı Türkiyə hava məkanını pozması ilə bağlı xəbərlər yayılıb. 

"Unikal" xəbər verir ki,  Türkiyə Milli Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. 

Açıqlamada, "Hücumun ilk günü İsrail qırıcılarının Türkiyənin hava məkanını pozması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Hücumun ilk anından tərəflərin hava hərəkətləri izlənilir və İsrail təyyarələrinin hava məkanımızı pozması ehtimalı üzərinə təyyarələrimiz hava patrul missiyası həyata keçirir", - qeyd olunub. 

Əlavə edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə "Am Kelavi" kod adlı  hərbi əməliyyata başlayıb. İran da buna cavab olaraq “Doğru vəd 3” əməliyyatına başlayıb və İsraildəki hərbi obyektləri vurub.

Hər iki ölkədəki zərbələr nəticəsində onlarla insan yaralanıb. İran və İsrail bir-birinə hücumlarını davam etdirir.

Gülayə Mecid