"Şah İsmayılın göstərişi ilə 1510-1517-ci illərdə inşa olunan İrəvan qalası uzun illər ərzində aramsız müharibələrlə dağıdılsa da, sərdarlar və xanlar tərəfindən dəfələrlə bərpa olunub. XIX əsrdə rusların işğalından sonra tərtib edilən plana əsasən, İrəvan qalasının sahəsi 7 hektar, qala divarlarının uzunluğu isə 4.5 kilometr olub. Divarların hündürlüyü 10.5-12 metr təşkil edib".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq elmləri doktoru, professor Gülçöhrə Məmmədova "İnşaatın müasir problemləri" beynəlxalq elmi konfransında "Keçmiş və müasirlik: Qərbi Azərbaycanın tarixi memarlıq irsi haqqında" mövzusunda çıxışı zamanı İrəvan xanlığı dövrünə aid memarlıq irsi haqqında əhəmiyyətli faktlara toxunarkən deyib.
Gülçöhrə Məmmədovanın sözlərinə görə, fransız səyyah Jan Şardenin 1670-ci illərdəki qeydlərində yalnız səfəvilərin yaşadığı bu qalanın içərisində iki məscid və bir hamamın olduğu qeyd edilir. Bu faktlar həmin dövrdə şəhərdə mövcud olmuş dini və mülki memarlığın zənginliyini sübut edir.
Rektor vurğulayıb ki, xanlıqlar dövründə əsasən Azərbaycan türklərinin yaşadığı İrəvan şəhəri Şərq memarlıq ənənələrinə uyğun formalaşıb və mərkəzində yaşayış məhəllələri cəmlənib. XIX əsrdə bu şəhərdə Azərbaycan memarlığının qiymətli nümunələri toplanıb.
Professor, həmçinin qeyd edib ki, yalnız İrəvan şəhərində deyil, bütün xanlıq ərazisində genişmiqyaslı tikinti işləri aparılıb, qala və müdafiə qurğuları inşa olunub. Onlardan biri - 1815-1817-ci illərdə İrəvan xanı Hüseynqulu xan tərəfindən fransız mühəndislərinin iştirakı ilə inşa edilən Sərdarabad qalası da bu sıradadır. İkiqat divarları və möhkəm müdafiə quruluşu ilə seçilən bu qala da rus qoşunları və ermənilər tərəfindən tamamilə məhv edilib.
Professor Gülçöhrə Məmmədova çıxışında xüsusilə Sərdar sarayı (Xan sarayı) barədə məlumat verərək bildirib ki, bu tikili İrəvan memarlığının incilərindən biri olub. Saray XVI əsrdə Səfəvilər dövründə inşa olunub, Hüseynəli xanın hakimiyyəti illərində memar Mirzə Cəfər Xoylu tərəfindən yenidən qurulub. 1791-ci ildə Güzgülü salon və Yay köşkü də saray kompleksinə əlavə edilərək bu memarlıq ansamblı tam bir monumental irs kimi tamamlanıb.
Rektorun fikrincə, bu memarlıq irsinin məqsədli şəkildə məhv edilməsi Qərbi Azərbaycandakı azərbaycanlıların tarixdən silinməsi prosesinin tərkib hissəsi olub və bu həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılması bu günün vacib vəzifələrindəndir.