Xəbər verdiyimiz kimi, Azərbaycanın təhlükəsizlik qüvvələri "Sputnik Azərbaycan"ın ofisində əməliyyat-axtarış tədbirləri keçirib. 

"Unikal" xəbər verir ki, tədbirlər çərçivəsində redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.

Redaksiya rəhbərliyinin saxlanılma anınının videosunu təqdim edirik:

*** 17:52

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.  

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var. 

Əlavə məlumat veriləcək.

***13:55

Hüquq-mühafizə orqanlarının “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi ilə bağlı məlumat Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib. 

"Unikal" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən TASS-a bildirilib. 

"Təsdiq edirik. Əməliyyatla bağlı əlavə məlumat veriləcək", - deyə rəsmi açıqlamada qeyd olunub. 

***12:44

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis ofisi nəzarətə götürüb.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.

Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.