Qusarda qadın qonşu kişi ilə birləşib ərini öldürüb.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Quxuroba kəndində baş verib.

Kənd sakini Ramazan Mamalıyev içkili vəziyyətdə evinə gələrək, stolun üstündə olan boşqabları yerə vuraraq qırıb. R.Mamalıyevin həyat yoldaşı Mirvari Mamalıyeva buna etiraz edərkən əri onu döyüb. Hadisədən əsəbiləşən M.Mamalıyeva həyətdən götürdüyü çomaqla həyat yoldaşını döyməyə başlayıb. Həyat yoldaşının ona müqavimət göstərdiyini görən qadın qonşu Namiq Xəlilovu köməyə çağırıb. Hər iki şəxs birləşərək R.Mamalıyevi möhkəm döyüb evin ikinci mərtəbəsinə çıxarıb yataq otağına atıblar. R.Mamalıyev zərbələrin təsirindən huşunu itirsə də, nə həyat yoldaşı, nə də qonşu təcili tibbi yardım çağırıblar. Nəticədə R.Mamalıyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs məsuliyyətə cəlb edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirvari Mamalıyeva 9, Namiq Xəlilov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.