Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2025-ci il üçün təsdiq olunmuş iş planına uyğun olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

“Unikal” xəbər verir ki, nəzarət tədbirləri idarənin tabeliyindəki 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsində aparılıb.

Aparılmış yoxlamalar zamanı bəzi təhsil müəssisələrində dərnək və dərsdənkənar məşğələlərin təşkilində, dərslərin əvəzolunması ilə bağlı əməkhaqqının ödənilməsində, qruplarda komplektləşdirmənin aparılmasında, ştatların müəyyən olunmuş normalara uyğun saxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkar edilib. 

205 təhsil müəssisəsində son 3 il üzrə aparılmış nəzarət tədbirləri ilə aşkar olunmuş nöqsan və çatışmazlıqlara əsasən müəyyənləşdirilmiş  594,6 min manat vəsait cavabdeh şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilmiş, inzibati xəta törətmiş 26 vəzifəli şəxs isə inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilib.

Nöqsanlara yol vermiş 134 vəzifəli şəxsə əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi (şiddətli töhmət, töhmət, xəbərdarlıq) verilmiş, 6 rəhbər şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulub.

Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad edilib.

Digər Regional Təhsil İdarələrində də bənzər halların araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.