22 iyul – Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, aparatın məsul əməkdaşları, qəzet, informasiya agentlikləri, televiziya kanallarının və digər onlayn media resurslarının əməkdaşları iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov milli mətbuatımızın yaranmasının 150 illik yubileyi münasibətilə tədbir iştirakçılarını səmimi-qəlbdən təbrik edərək, ölkə mətbuatının keçdiyi şərəfli inkişaf yolundan bəhs etmişdir. Bildirilmişdir ki, 150 illik tarixə malik Azərbaycan milli mətbuatı zəngin ənənələrə söykənir və bu ənənələrin əsası Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə nəşr edilmiş “Əkinçi” qəzeti ilə qoyulmuşdur.

Çıxışda qeyd olunub ki, dövrün aparıcı qələm sahibləri milli şüurun formalaşmasında, xalqın maarifləndirilməsində mühüm rol oynamış, sözün gücü ilə cəmiyyətə təsir göstərmişlər. Bu ənənə bu gün də uğurla davam etdirilir.

Tədbirdə vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev demokratik cəmiyyətin qurulmasında mətbuatın roluna xüsusi əhəmiyyət vermiş, senzuranın ləğvi, KİV-lərin azad və müstəqil fəaliyyət göstərməsi üçün geniş imkanlar yaratmışdır. Ulu Öndərin siyasi iradəsi ilə formalaşmış bu yol bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Natiqlər qeyd etmişlər ki, hazırda ölkədə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının müvafiq sərəncamları ilə KİV nümayəndələri üçün yaşayış binalarının inşası və istifadəyə verilməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.