Rüşvət aldığı iddia olunan bağça müdiri işdən çıxarılıb.
"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Xətai rayonundakı 202 saylı körpələr evi-uşaq bağçasının müdiri Simuzər Paşayevadan gedir.
202 saylı körpələr evi-uşaq bağçasında valideynlərdən hər uşaq üçün 20 manat pul tələb olunduğu, heç bir fəaliyyəti olmayan əməkdaşların müəssisədə işlə təmin edildiyi, əməkhaqlarının müəssisə rəhbəri tərəfindən mənimsənildiyi, 174 min manat yeyinti faktının aşkarlandığı ilə sosial mediada iddialar səsləndirilirdi.
İddiaları 202 saylı bağçanın tərbiyəçi- müəlliməsi Ruhəngiz Alıyeva səsləndirib. O, “Xəzər Xəbər”ə açıqlamasında müəssisədə baş verənlərlə bağlı iki ildir 15 müəllim yoldaşı ilə birgə mübarizə apardığını deyir: Səsləndirilən iddialara aydınlıq gətirməsi üçün müəssisənin rəhbəri Simuzər Paşayeva ilə də əlaqə saxladıq.
O dedi ki, bu məsələ ilə bağlı məhkəmə işi gedir və həmin müəllimin yaydığı məlumat yanlışdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, idarə tərəfindən 202 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq aparılıb. Müəssisədə bir sıra ciddi nöqsanlar, qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması aşkar edilib. Araşdırmanın nəticələrinə uyğun olaraq, iyulun 23-ü 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilib.
Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.