İsmət Abbasov bölgələrə getməyə peşman oldu
12:42 17-09-2013
CƏMİYYƏT
İsmət Abbasov bölgələrə getməyə peşman oldu
Kənd təsərrüfatı nazirinin səfərləri öz əleyhinə işləyir
Kənd təsərrüfatı naziri İsmət Abbasov son vaxtlar bir çox bölgələrdə görüşlər keçirir. Ekspertlər isə hesab edir ki, bu səfərlər nazirin əleyhinə işləməkdədir; çünki Abbasovun görüşlərində aqrar sektorun idarəetməsində nə qədər ciddi nöqsanların hökm sürdüyü bütün çılpaqlığı ilə ortaya çıxır.
Müşahidəçilər hesab edirlər ki, bir neçə gün əvvəl Gəncə-Qazax, ondan əvvəl isə Quba-Xaçmaz bölgələrində və digər regionlarda fermer və kəndlilər qarşıya çıxan problemlərlə bağlı təkliflərini Kənd Təsərrüfatı Nazirliyinin məmurlarına təqdim ediblər. Təkliflərə baxanda bölgədə kənd təsərrüfatı məhsullarının istehsalında, emalında, saxlanmasında və satışında çox ciddi nöqsanların olduğu ortaya çıxır. Sistemləşdirdikdə aydın olur ki, nazirlik üzərinə düşən əsas vəzifənin öhdəsindən gələ bilməyib. Yəni aqrar sahədə 10 istiqamət üzrə çox ciddi nöqsanların olduğu və uzun müddət öz həllini tapmadığı görünür.
Fermerlər şoranlaşmış torpaqların bərpasını təklif edirlər. Təəssüf ki, ilbəil torpaqların münbitliyi sürətlə azalsa da, bu istiqamətdə əsaslı bir iş görülmür. Təkliflərdə daha çox səslənən problemlərdən biri də maliyyə çatışmazlığı ilə bağlı olub. Şikayətçilər güzəştli kreditlərin əlçatan olmadığını qeyd ediblər. Arıçılığın, bağçılığın inkişaf etdirilməsi üçün güzəştli kreditlərin ayrılması təklifini irəli sürüblər. Kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi təklifini veriblər. Əslində bütün bu kimi vacib məsələlər öz həllini çoxdan tapmalı idi.
Maliyyə problemi ilə yanaşı fermerlər stimullaşdırıcı, həvəsləndirici tədbirlər vasitəsilə istehsalın yaxşılaşdırılmasını, aqrar sahəyə marağın artmasını istəyirlər. Onlar heyvandarlıq sahəsində subsidiyanın tətbiqi, süni mayalanma ilə alınan heyvanlara subsidiyaların verilməsi, süni mayalanma texniklərinin gördükləri işlərin nəticəsinə görə əlavə həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi, subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsi, bələdiyyələrdə əkinə az yararlı torpaqları öz vəsaitləri hesabına münbitləşdirən sahibkarlara əlavə subsidiyaların verilməsi kimi təkliflər irəli sürüblər. Bu təkliflərin bir hissəsi uzun müddət kütləvi informasiya vasitələrində səslənsə də, hökumət məsələyə adekvat reaksiya verməyib.
Ekspertlərin sözlərinə görə, fermerlərin irəli sürdükləri təkliflərin bir hissəsi ölkədə kənd təsərrüfatı texnikası, xüsusilə kombayn çatışmazlığı ilə bağlı problemlərin üstünü açmış oldu. Belə ki, şikayətçilər Kənd Təsərrüfatı Nazirliyinin görəcəyi işi onların özlərinə xatırlatmağı da unutmayıblar. Fermerlər taxıl biçini zamanı biçinə gec başlayan rayonların kombaynları hesabına bölgədə taxıl biçininin təşkilinə yardım etmələrini xahiş ediblər. Fiziki şəxslər üçün kənd təsərrüfatı texnikalarını ilkin ödəniş olmadan uzunmüddətli lizinqə verilməsi məsələsini təklif edən torpaq istifadəçiləri maddi durumlarının hər hansı vəsait ödəmək imkanından kənar olduğunu, lakin texnikaya olan ehtiyacın vacibliyini nəzərə almağı bildiriblər.
Biçənəklərin, örüş sahələrinin çatışmazlığı məsələsi də qabardılır. Görünən tərəf həm də problemlərin uzun müddət öz həllini tapmaması və üst-üstə yığılaraq artmasıdır. Bölgələrdən irəli sürülən təkliflər içərisində kənd təsərrüfatı nazirinin uzun müddət öz marağı çərçivəsində irəli sürdüyü təkliflər də yer tapıb. Belə ki, bütün sektorlar və subsektorlar üçün yardımların artırılması, dövlət hesabına tədarük-satış bazasının, ixtisaslaşdırılmış aqrar bankın yaradılması kimi təklifləri fermerlərin adı ilə verərək dövlət büdcəsindən əlavə vəsait qoparmaq xəyalına düşüblər.
Bir sözlə, İsmət Abbasovun bölgələrə səfərlərindən məmnun qayıtdığını söyləmək çətindir. Aqrar sektorda yaranmış problemli durum bütün çılpaqlığı ilə ortaya çıxıb və indiyədək KİV-in yazdığı, amma kənd təsərrüfatı naziri və ətrafının inadla inkar etdiyi nöqsanların varlığı təsbitlənib.
Əlbəttə, əksəriyyət Abbasovun bu səfərlərinin bir daha ortaya qoyduğu pis mənzərənin düzəldilməsi istiqamətində əməli addımlar ata biləcəyini gözləmir. Hesab olunur ki, aqrar sektorun idarəçiliyində köklü islahatların vacibliyi qaçılmaz zərurət olaraq qalır. Bura nazirin özünün və komandasının əvəzlənməsi ilə bağlı ciddi struktur reformları da daxildir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33