Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-nin Kaliforniya ştatında yaşayan mədəniyyət xadimi Sevinc Kərimova ilə görüşüb. 

"Unikal" xəbər verir ki, Komitə sədri xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə sadiqliyini və xalqımızın qədim mədəniyyətinin təbliği istiqamətində gördükləri işləri yüksək qiymətləndirib. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafında və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsində Azərbaycan diasporunun aktiv rol oynadığını söyləyib. Xaricdə yaşayan azərbaycanlı icmaların və soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Sevinc Kərimovaya “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib. 

Qonaq fəaliyyətinə verilən dəyərə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Azərbaycanın və mədəniyyətinin ABŞ-də tanıdılması, gənc soydaşlarımızın milli ruhda tərbiyəsi üçün bundan sonra da çalışacağını, diaspor fəaliyyətinin daha səmərəli təşkilində səylərini əsirgəməyəcəyini dilə gətirib.

Qeyd edək ki, mədəniyyətimizin tanınmış simalarından olan Sevinc Kərimova 1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramları ilə yanaşı, kütləvi tədbirlərin rejissoru və prodüseri kimi fəaliyyət göstərib. “Karvan” qrupunun yaradıcısıdır. Fəaliyyətini ABŞ-də davam etdirən soydaşımız “Golden Arts Entertainment Production” şirkətində prodüser kimi işləyib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və “Birlikdə” adlı beynəlxalq layihələrin təşkilatçısı olub.

Sevinc Kərimova həyat yoldaşı, bəstəkar Mikayıl Vəkilovla birlikdə gənc azərbaycanlı musiqiçilərin inkişafına və böyük səhnələrə çıxmasına dəstək göstərib. Onların övladları - Rüstəm Vəkilov Hollivudda film çəkən ilk azərbaycanlı rejissor, Nigar Vəkilova isə moda sahəsi üzrə fotoqrafdır.