Əli Həsənov ATƏT-i danışmaq xətrinə danışmaqda ittiham etdi
11:15 19-09-2013
CƏMİYYƏT
Əli Həsənov ATƏT-i danışmaq
xətrinə danışmaqda ittiham etdi
"Azərbaycan vətəndaşlarının rəyi, mövqeyi seçkilərin taleyini həll edən əsas faktordur və hamı bu seçimə hörmətlə yanaşmalıdır"
Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda keçiriləcək prezident seçkilərində müxalifətində iştirakına toxunaraq bildirib ki, siyasi partiyalar arasında hakimiyyət uğrunda mübarizə demokratik cəmiyyətlərə xas olan normadır.
Onların hakimiyyətə gəlmək istəyi, buna cəhd göstərməsi də təbii qarşılanmalıdır. Lakin o müxalifət hakimiyyət uğrunda real mübarizə apara və hakimiyyətə opponentlik edə bilər ki, onun ölkənin inkişafı ilə bağlı daha optimal proqramı var, xalqın arasına gedir, seçicilərlə öz işini qura bilir, seçki arası dövrdə elektoral bazasını daha da gücləndirir, vətəndaşları daha yaxşı idarəçilik sistemi formalaşdıracağına və ölkəni daha səmərəli idarə edəcəyinə inandırmağa çalışır. Ola bilər ki, dövlət müstəqilliyinin ilk illərində müəyyən siyasi partiyalar hələ dünyagörüşü tam formalaşmamış bəzi insanları populist vədlərlə aldatmağı, cəmiyyətə qeyri-real, lakin cəlbedici vədlər verməklə özünə tərəfdaş toplamağı bacarırdı. Lakin indi XXl əsrdir, insanlarda milli şüur, praqmatik təfəkkür, yetkin dünyagörüşü formalaşıb. Əgər siz müxtəlif dövrlərdə seçkilərin əsas hərəkətverici qüvvəsi olan vətəndaşların, seçicilərin mövqeyini müqayisə etsəniz, görərsiniz ki, artıq Azərbaycan seçicisi kimə və nəyə görə səs verəcəyinin fərqindədir. O, iddiaçıların hər birinin nə etdiyini, nə etmək istədiyini və nə edə biləcəyini anlayır, onların arasında tam şüurlu bir seçim etməyi hədəfləyir.
Əminliklə demək olar ki, bu il seçki elektoratı tam sabitdir, dayanıqlıdır və öz iradəsini tam müəyyən etmiş durumdadır. Bu da öz növbəsində təsadüfi nəticəni, hansısa gözlənilməz yekunu tam istisna edir.
Bu arada məlum olub ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı aralıq hesabatı yayıb və hakimiyyəti sərt tənqid edib. Əli Həsənov isə hesab edir ki, bu hesabat reallıqdan çox uzaqdır:-" Müstəqillik illərində Azərbaycanda beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi, müvafiq seçki institutları yaradılmış və onların səmərəli fəaliyyəti təmin edilib. Bu günə kimi keçirilmiş prezident və parlament seçkilərində əldə olunmuş təcrübə onu deməyə əsas verir ki, artıq ölkəmizdə demokratik seçki sistemi və ənənəsi formalaşıb. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının rəyi, mövqeyi seçkilərin taleyini həll edən əsas faktordur və hamı bu seçimə hörmətlə yanaşmalıdır.
Builki prezident seçkisinə gəldikdə, hesab edirəm ki, bütün seçki mərhələləri-namizədlərin irəli sürülməsi, imzatoplama kampaniyası, namizədlərin qeydiyyatı Seçki Məcəlləsinin tələbləri çərçivəsində reallaşdırılıb. Bu günə kimi 22 nəfər namizədliyini irəli sürüb, onlardan yalnız birinə imza vərəqələrinin verilməsindən imtina edilib. 11 nəfər imzatoplama kampaniyasını lazımi şəkildə apara bilməyib. 21 nəfərdən 10 iddiaçının prezidentliyə namizədliyi qeydə alınıb. İmzatoplama kampaniyası dövründə hər hansı qanun pozuntusu müşahidə olunmayıb.
Məlum olduğu kimi, Milli Məclis seçkiləri müşahidə etmək üçün artıq 9 beynəlxalq təşkilata müraciət edib. Seçki prosesini 1000-ə yaxın uzunmüddətli və qısamüddətli xarici müşahidəçi və minlərlə yerli müşahidəçinin izləyəcəyi gözlənilir. Bundan əlavə, bütün namizədlərə İctimai Televiziyada və radioda ödənişsiz efir vaxtı, rəsmi qəzetlərdə isə ödənişsiz yer veriləcək. Namizədlər Mərkəzi Seçki Komissiyasına müraciət edərək qeydə alınmış KİV-lərdə ödənişli təbliğat aparmaq imkanından da yararlana bilərlər. Bakı şəhərində və bölgələrdə seçicilərlə görüşlərin keçirilməsi üçün müvafiq yerlər ayrılıb. Dairə və məntəqə seçki komissiyaları səsvermə prosesinə tam hazırdırlar. Məntəqələrdə səsverməni online izləmək üçün 1000 ədəd veb-kamera quraşdırılıb. Artıq Mərkəzi Seçki Komissiyası seçici siyahılarını dəqiqləşdirmiş və bu seçkidə 5 milyondan artıq vətəndaşın öz səsvermə hüququnu reallaşdırmaq imkanına malik olduğu müəyyən edilib.
Qeyd etmək istərdim ki, Azərbaycan mötəbər beynəlxalq təşkilatlar çərçivəsində öz fəaliyyətini qarşılıqlı etimad, obyektivlik, şəffaf və aktiv fəaliyyət meyarları üzərində qurur və daim həmin təşkilatların prinsiplərinə əməl edir, onların mövqeyinə hörmətlə yanaşır. Bununla yanaşı, təəssüflə qeyd etmək istərdim ki, bəzi hallarda beynəlxalq təşkilatların hesabatları və rəyləri tendensioz xarakter daşıyır və daha çox ikili standartlara söykənir. Konkret olaraq ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son hesabatı belə bir təəssürat yaradır ki, sanki qurumun vəzifəsi seçki ərəfəsi real vəziyyəti obyektiv şəkildə qiymətləndirmək deyil, irad naminə irad bildirməkdən ibarətdir. Bu kontekstdə, istər proseslərin təqdimatı, istərsə də ifadələrin seçimində qəbul olunmaz qüsurlar mövcuddur. Məsələn, bəzi partiyaların adları çəkilməklə onların parlamentə "buraxılmadığı" iddia olunur. Parlament xalqın iradəsi və mövcud qanunvericilik çərçivəsində formalaşır. Əgər hər hansı partiyanın namizədləri seçkilərdə zəruri səs toplaya bilməyib parlamentə düşmək şansından məhrum olurlarsa, bunu onların "buraxılmaması" kimi şərh etmək qüsurlu yanaşmadır.
Digər tərəfdən, başqa ölkələrdə seçki prosesi ilə bağlı heç yada belə düşməyən məsələlərin yalnız Azərbaycanda qabardılması müəyyən suallar doğurur. Məsələn, Azərbaycanda qadınların prezidentliyə namizədliyinin irəli sürülməməsini "nöqsan" kimi təqdim etmək nə dərəcədə obyektiv yanaşmadır? Kim qadınların bu hüququnu əlindən alır? Belə bir qanuni və ya inzibati məhdudiyyət mövcuddurmu? Qadınlar bütün hakimiyyət strukturlarında, seçkili orqanlarda təmsil olunurlar, cəmiyyət həyatında kifayət qədər yüksək fəallıqları ilə seçilirlər. Parlamentdə qadınların təmsilçilik faizi baxımından Azərbaycan bəzi Avropa ölkələrinə nümunə kimi göstərilə bilər. Qoy bu hesabatı tərtib edənlər desinlər ki, ATƏT-ə üzv olan ölkələrin neçəsində qadın dövlət başçısı olub? Ümumilikdə, ATƏT məkanında qadınların prezidentliyə namizədliyinin irəli sürülməsi nə vəziyyətdədir?
Həmçinin az qala müstəqillik tariximizi təftiş edib subyektiv mülahizələr əsasında uzaq gedən nəticələr çıxarmaq da sənədin obyektivliyini şübhə altına qoyur. Əvvəlki illərdə qəbul olunmuş qanunlar və ya qanunlara edilmiş əlavə və dəyişikliklərin, seçki prosesinə aidiyyəti olmayan digər məsələlərin seçki ilə əlaqələndirilməsi ATƏT DTHİB-nin tətbiq etdiyi metodologiyanın yanlış olduğunu göstərir. Üstəlik, sənəddə ölkədə media, sərbəst toplaşmaq azadlığı və digər məsələlərlə bağlı əsassız iddiaların mövcudluğu onu deməyə əsas verir ki, bu hesabat reallığı əks etdirmir.
Düşünürəm ki, artıq ikili standartlar praktikasına son qoyulmalıdır. Hər halda, ortada Ermənistanda namizədlərin güllələndiyi, onların pozuntulara etiraz olaraq aclıq aksiyası keçirdiyi, seçici səslərinin kobud şəkildə saxtalaşdırıldığı seçkiyə ATƏT DTHİB-nin verdiyi "pozitiv" qiymət nümunəsi var. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, növbəti hesabatlarda obyektivlik meyarına tam riayət olunması, qüsurlara yol verilməməsi missiyanın hesabatına ictimai etimadın yüksəlməsi baxımından faydalı olardı.
Əminəm ki, prezident seçkisi ölkə qanunvericiliyi çərçivəsində, Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun keçiriləcək və həm yerli, həm də xarici müşahidəçilərin obyektiv və yüksək qiymətini alacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33