Suriyada döyüşən ingilisdən şok açıqlamalar!
10:58 07-11-2013
DÜNYA
Suriyada döyüşən ingilisdən şok açıqlamalar!
Sensasion iddia: Türkiyə kəşfiyyatında Bəşər Əsədə işləyənlər var?!
Suriya müxalifətin tərkibində Bəşər Əsəd rejiminə qarşı döyüşmək üçün Suriyaya gedən bir İngiltərə vətəndaşı ölkəsinin məşhur "Qardian" qəzetinin əməkdaşı ilə söhbətində bu ölkədə yaşadıqlarını "kabus" olaraq dəyərləndirib.
Qəzet yazır ki, Suriyaya rejiminə qarşı döyüşən müxalifətin içində çoxlu sayda xarici ölkə vətəndaşları var. Kəşfiyyat qurumları aralarında Belçika və İngiltərənin də olduğu Avropa ölkərindən Suriyaya gedənlərin geri qayıdan zaman ölkələrində terror aksiyalarında iştirakından narahatlıq keçirir. "Qardian" xatırladır ki, Avropa ölkələrindən Suriyaya vuruşmağa gedənlərin çoxu da məhz ərəb ölkələrindən Avropaya köçənlərdir.
O necə oldu ki,
Suriyaya getdi?
Suriyadakı döyüşlərdən danışan 21 yaşındakı gəncin ailəsi də 1970-ci illərdə Suriyadan İngiltərəyə köçüb. İngiltərədə böyüyən, amma hər tətildə Suriyaya gedərək oradakı qohumlarına baş çəkən gənc həyatda qaldığı və geri döndüyünə görə rahat olduğunu desə də, amma qohumları və xalqı öldüyü üçün günahkarlıq hissini keçirdiyini bildirir. "Yalnız yüngül yaralarım var, amma ruhumda açılan yaralar hələ də durur. Suriyada bir çox adamın mənim kimi qaçma şansı yoxdur, amma həyatda qaldığım üçün xoşbəxtəm",- ingiltərəli gənc söyləyib:
İngilis gəncin əmisi Dəməşqdə öldükdən sonra əmisi oğlu Zəfər və onun 25 yaşındakı böyük qardaşı Məhəmməd Azad Suriya Ordusuna qatılıb. O da qrafik dizaynı üzrə təhsilini yarımçıq qoyaraq Suriyaya getmək istəyib. Əmisi oğlanları Suriyaya gələcəyi halda ona sahib çıxacaqlarını söyləsə də, gəncin ailəsi uşağının Suriyaya getməsinə maneə olmağa çalışıb. Amma ingilis gənc ailəsinin sözünə qulaq asmayaraq Suriyaya yola düşüb.
"Sanksiyalar səbəbi ilə Avropa Birliyindən Suriyaya birbaşa uçan təyyarə tapmaq az qala qeyri-mümkün idi. Ona görə də bu ilin aprel ayında Beyruta ucdum", - ingilis gənc söyləyir. Əmisi oğlanlarının köməyi ilə Livandan Suriyaya keçən gənc müxalifətin nəzarətində olmayan Dəməşqin cənub bölgələrinə qaçıb.
Gecələri bomba
səsləri və ölən
insanların bağırtılarına görə yata bilmirmiş
Suriya və İngiltərə vətəndaşlığı olan ingilis gənc rejim nəzarətində olan ərazilərin daha etibarlı olduğunu söyləyir. Gəncin sözlərinə görə, onda belə bir təəssürat yaradıb ki, Suriya ilə yanaşı İngiltərə vətəndaşlığının da olması onu qoruyacaq. Lakin o, bunun səhv bir düşüncə olduğunu deyir. Hərbi xidmətə getmədiyini və silah tutmağı belə bilmədiyini deyən ingilis gənc Londonda böyüyən biri olaraq ətrafımda silah görəndə narahat olduğunu deyir.
Qısa bir müddət sonra əmisi oğlu Məhəmməd ona da silah istifadə etməyi və müdafiə olunmağı öyrədib. "İlk əvvəl silahdan atəş açmaq cox həyəcan verirdi. Zəfər və Məhəmmədin döyüşə gedərkən məni özləri ilə aparmamasına çox hirslənirdim. Bir müddətdən sonra onlarla cəbhəyə getdim. Bir dəfə yanımızda bombalar partladı. Bizlərdən biri gözlərimin qarşısında öldü. Silahdan istifadə etməyi öyrənməyimə baxmayaraq, bu silahın məni çox da müdafiə edə bilməyəcəyini fərq etdim", - ingiltərəli gənc söyləyib.
Gecələri bomba səsləri və ölən insanların bağırtılarına görə yata bilmədiyini deyən gənc çoxlu sayda adamın qolları və qıçlarının qopduğunu görüb: "Bir mağazanı müvəqqəti xəstəxana etmişdilər. Kömək etməyə çalışdım, amma kabus kimi idi. Mən yaralanmamışdım, amma hər tərəfim başqalarının qanına bulaşmışdı. Dörd uşağını itirmiş bir qadın dayanmadan qışqırırdı. Üzündəki ifadəni heç unuda bilmirəm. İki aydan sonra ailəmlə danışdım və heç dayanmadan ağladım. Və o an evə dönməyə qərar verdim".
Onu İngiltərədə
necə qarşıladılar?
İngiltərərə qayıdan zaman çoxlu sayda təhlükəsizlik məntəqəsindən və yoxlamadan keçdiyini deyən ingilis gənc yolların da çox təhükəli olduğunu söyləyir.
Gənc bildirir ki, qarşıdurmanın mərkəzində olmasının ən pis cəhəti heç bir qanunun etibarlı olmamasıdır. O, Livana gedərkən yolüstü Dəməşqdəki xalasıgilə gedib. "Xalam məni görən kimi ağlamaya başladı və sonra mənə bir yumruq ataraq çox axmaq olduğumu söylədi. Orada uzun müddət qalmadım, müxalifətin tərəfində vuruşduğumu ordunun öyrənəcəyindən və qohumlarına zərər verə biləcəyindən qorxurdum. Beyrutdan İngiltərəyə təyyarə bileti aldım",- o, qeyd edir.
Əmisi oğlu Məhəmmədi "tanıdığı ən cəsur insan adlandıran" ingilis gənc sözlərini belə tamamlayır: "Evə döndüyümdə Dəməşqdə kimyəvi silahlarla hücum təşkil edildi. Sentyabr ayında, atasının ölümündən tam bir il sonra Məhəmməd bazamıza yaxın bir yerdə hava hücumu nəticəsində öldü. Ölən adam mən də ola bilərdim".
"Türkiyə kəşfiyyatında Suriyaya işləyənlər var"
Bu arada Türkiyə mediasında sensasion bir iddia yer alıb. Həmin iddia ilə bağlı yazılanları təqdim edirik:
"O, Suriya Hava Qüvvələrində polkovnik rütbəsinə qədər yüksələn nadir sünni zabitlərdən biridir. Rejimin təzyiqləri dözülməz dərəcəyə çatanda isə Dəməşqi tərk edib. Suriyanın məxfi "əl-Müxəbarat" kəşfiyyat qurumunun izlədiyi polkovnik Faruk ordunun niyə müxalifətin tərəfinə keçmədiyi, seçmə birliklərdəki son vəziyyəti və BMT-dən gizlədilən kimyəvi silahlar barədə Türkiyənin "Aksiyon" jurnalına danışıb.
Polkovnikin "əl-Müxəbarat" tərəfindən izlənildiyini nəzərə alan "Aksiyon" müsahibənin alındığı yer gizli saxlayıb. 2012-ciildən Türkiyədə olan Farukun yaxın qohumlarının bir hissəsi hələ Suriyadadır. O, arxasınca düşən Suriya kəşfiyyatının qohumlarına zərər verəcəyindən qorxur. Təxminən 30 ildir ki, Suriya ordusunun ən güclü qoşun növü olan Hava Qüvvələrdə hava hücumu, hava hücumundan müdafiə və raket bölmələrində xidmət keçib. "Ovçu" adlandırılan Rusiya istehsalı "Miq-25"lərdə ucub və idarə olunan raket layihələrində rol alıb. Bundan başqa isə rejimin kimyəvi silahlarını istehsal edən və mühafizə edən gizli birliklərlə təmasda olub. Bir sözlə, Suriya Hava Qüvvələrinin gücünü, təyyarə və raketlərin sayını dəqiq bilir.
Ordu niyə müxalifətin
tərəfinə keçmədi?
Polkovnik Faruk ordunun müxalifətin tərəfinə niyə keçmədiyini danışır. O, Suriyanı yaxşı tanıyanların belə bir gözləntisinin olmadığını, ölkə gerçəkliyinin fərqində olmayanların isə ordunun bir neçə ay içində dağılacağını gözlədiklərini söyləyir. Faruk Liviya və Misirdən fərqli olaraq Suriya ordusunun vətəndaş müharibəsində rejimin yanında olmaqda davam etdirdiyini vurğulayır: "Suriyada ordu rejimin əlindədir. Hafiz Əsəd 30 illik iqtidarı dövründə öz qanından olan nüseyrileri hərbi, polis və kəşfiyyata yönəltdi. Bu insanları Rusiya, Almaniya və Polşa kimi ölkələrə təhsil almağa göndərdi, daha çox maaş və yaxşı işlə təmin etdi. 1970-ci illərdə sünniləri dövlətin mühüm vəzifələrindən uzaqlaşdırdı. Hərbi, polis, kəşfiyyat, qubernatorluqlar nüseyrilərin əlinə keçdi. Məsələn, hərbi akademiyaya mənimlə eyni il daxil olan nüseyrilər general oldu, uğurlarıma baxmayaraq mənə general rütbəsi vermədilər. Çünki sünniyəm, onların qanından deyiləm. Rejim mənə güvənməz. Buna görə də ordu öz qanından olan Əsəd rejimini müdafiə etmədə davam edir. Əsəd eyni zamanda yüksək rütbəli nüseyrilerin həyat sığortasını təmin edir".
Təyyarələr köhnə,
radarlar zəif
Faruk Hafiz Əsədin ölümündən sonra da dövlətdəki nüseyri təşkilatlanmasının davam etdiyini bildirir. O, polis, hərbi və kəşfiyyat qurumlarında açılan yeni iş yerlərinin 90 faizinin nüseyrilərə ayrıldığını, qalan qisminin isə xristian, dürzi və sünnilərə verildiyini söyləyib: "Hərbi və kəşfiyyat kimi həyati əhəmiyyətli təşkilatlardakı sünnilərin sayı son 10 ildə sürətlə azalıb. Suriya vətəndaşlarına 1,5 illik hərbi xidmət məcburi olduğu üçün sıravilərin əksəriyyəti sünnidir. Amma rütbəlilərin 90 faizi nüseyridir".
Təxminən 1,5 ildir Türkiyədə gizlənən Hava Qüvvələri polkovniki ordunun hazırkı durumundan da danışıb.O, qeyd edib ki, ordunun nüseyrilərdən ibarət ana onurğası varlığını qoruyub saxlasa da xarici müdaxiləyə cavab verə biləcək gücü qalmayıb: "Nüseyri komandirlər öz maraqları üçün Əsəd rejimindən qopmasalar da orduda ciddi bir güc itkisi yaşanır. Yüksək rütbəlilər qorxu içindədir. Pilotların
90 faizi nüseyridir, amma əmr almaqdan yayınırlar. Suriyanın əsas zərbə gücü mövqeyində olan Hava Qüvvələri bu vəziyyətdədirsə, rejimin son günlərini yaşadığını demək olar".
Polkovnik Türkiyə ilə müqayisədə Suriya hava gücünün zəif qaldığını deyir. "Rusiya istehsalı hərbi təyyarələri, Rusiya və İran istehsalı raketlər mətbuatda deyildiy kimi təsirli deyil. İran az qala hər ay Əsəd rejiminə bir milyard dollar qədər pul və silah-sursat verir. Amma texnologiyaları köhnədir. Radarlar lazımı səviyyədə deyil. Rusiya istehsalı "Miq-25" və "Miq-29" model döyüş təyyarələrindəki raketlərin maksimum uçuş məsafəsi 15 kilometrə qədərdir. Halbuki Türkiyənin "F-16"ların raketləri 35 kilometrə qədər uçuş məsafəsinə malikdir", - polkovnik bildirib.
Seçmə birliklər də
qan itirir
Polkovnik Faruk rejimin bel bağladığı digər seçmə birliklərdə də Hava Qüvvələrindəki qorxu və narahatlığın yaşandığını ifadə edir və Bəşər Əsədə bağlı olan Respublika Qvardiyası ilə qardaşı Mahir Əsədi əmrindəki 4-cü Zirehli Briqadasında da güc itkisinin yaşandığını vurğulayır.
Əsəd rejiminin zaman qazanmaq üçün Türkiyə və Livan kimi qonşu ölkələri qarışdırmağa cədh edəcəyini deyən polkovnik bunun üçün PKK, İraq Suriya İslam Dövləti və sərhəd xaricinə sızan "əl-Müxəbarat" kəşfiyyat qurumundan istifadə ediləcəyini bildirib. Polkovnik Əsədin Qərbi oyuna gətirdiyini, PYD və "Əl-Qaidə" kimi radikal qruplara ölkənin şimalını qəsdən təhvil verməklə rejimin yıxılacağı halda Suriyanın bu terror təşkilatlarının əlinə keçəcəyini göstərmək istədiyini qeyd edir: "ABŞ-ın lideri olduğu Qərb koalisiyası Suriyanın şimalındakı radikal qruplardan çəkinir. Buna görə də müxalifətə verdiyi dəstəyi kəsiblər. Kimyəvi silah istifadə etməsinə baxmayaraq, rejimə hava hücumu edilmədi. Çünki, Əsədin getməsi onların maraqlarına uyğun deyil. Halbuki, Dəməşq üzərində bir ABŞ təyyarəsi ucsaydı, rejim ikinci gün dağılaydı. ABŞ-ın bu utancaqlığı müxalifətin inancını sarsıtdı. Buna baxmayaraq xalqın müqavimət əzmi qırılmadı, müxalifət yalnız rejimlə deyil, İran və "Hizbullah"la da döyüşür. Suriya ordusu artıq İran, "Hizbullah" və "Şebbiha" qüvvələrindən təşkil olunub. İran İslam İnqilabı Keçikçilər Korpusu və "Hizbullah"ın dəstəklədiyi rejim ölkədəki qiyamı sünni-şiə qarşıdurmasına çevirib. Rejim ilə İran radikalları gizli şəkildə pul və silahla təmin edir. "Əl Qaidə" bununla da aylıq 300-400 dollar maaşla silahlı toplamaq imkanı qazanıb. Beləliklə də baş kəsmə görüntülərinin ortaya çıxması üçün zəmin hazırladı. Rejim nüseyrileri bu görüntülərlə qorxudaraq onun ətrafında birləşməyə məcbur etdi. "Əl-Qaidə"dən qorxan xristian və dürziler də Əsədi dəstəkləyir".
Əsəd kimyəvi silahları İran və Livana qaçırıb
Polkovnik Faruk kimyəvi silahların istehsalı, istifadəsi və gizlədilməsinin Əsədin güvəndiyi 10 nüseyri kəşfiyyatçının nəzarətində olduğunu bildirir. Bu 10 adamdan başqa gizli fabriklər və anbarların yerini bilən yoxdur. Onun fikrincə, rejim kimyəvi silah hücumundan sonra Qərbin hərbi müdaxiləsinin qarşısını almaq üçün kimyəvi silahları təhvil verməyi qəbul etsə də səmimi deyil: "Əsəd hətta Qərbi aldatdı. İçəridən aldığım məlumatlara görə, Əsəd razılaşmadan əvvəl kimyəvi silahın çoxunu İran və Livana qaçırıb. Hamının bildiyi fabrik və anbarları boşaltdı. Bir hissəsi də çox gizli saxlanılan anbarlara daşındı. Yəni, Əsəd rejimi kimyəvi silahlarından imtina etməyib".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04