İran "altılıq" ölkələrinin Cenevrədə siyasi iradə nümayiş etdirəcəyini gözləyir
12:01 08-11-2013
DÜNYA
İran "altılıq" ölkələrinin Cenevrədə siyasi iradə nümayiş etdirəcəyini gözləyir
Fars rejimi sosial şəbəkələrə qarşı yumşalacaqmı?
Tehran Cenevrədə "altılıq" ölkələri ilə danışıqlarda qarşılıqlı anlaşmanın əldə ediləcəyinə ümid edir. İRNA-nın verdiyi məlumata görə, bunu noyabrın 6-da Vyanadan Cenevrəyə gəlmiş İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas Əraqçı deyib.
O qeyd edib ki, anlaşmanın əldə edilməsi üçün beynəlxalq vasitəçilər danışıqlarda siyasi iradə nümayiş etdirməlidir. "Cenevrə danışıqları "altılıq" ölkələrinin siyasi iradəsini yoxlamağa imkan verəcək. Ümid edirəm ki, tərəflərin mövqeləri, habelə ümumi məqsəd daha yaxın olacaq və biz razılaşdırılmış qərar əldə edəcəyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, "altılıq" ölkələri ilə İran arasında danışıqlar noyabrın 7-8-də Çenevrədə baş tutacaq.
İranda "Facebook"və "Twitter" şəbəkələrinə icazə verilə bilər
İranda "Facebook"və "Twitter" şəbəkələrinə icazə verilə bilər. İCTnews saytının verdiyi məlumata görə, Iran vətəndaşları "Facebook" sosial şəbəkəsi və "Twitter" mikrobloqlar xidməti daxil olmaqla yaxın gələcəkdə 2009-cu ildən ölkə ərazisində bloklanmış bir sıra məşhur internet resurslarına giriş əldə edə biləcək. Belə ki, İranın mədəniyyət naziri Əli Canatti bu yaxınlarda bəyan edib ki, hər kəs "Facebook" və başqa saytlara sərbəst giriş imkanına malik olmalıdır.
Xatırladaq ki, "Facebook" kimi sosial internet-resurslar İranda radikal yönümlü şəxslərin qiyam, qarışıqlıq və s. təşkilində ondan istifadə edə bilməmələri üçün bloklanıb.
İranın xarici işlər naziri YUNESKO-nun iclasında
"Dünyada baş verən zorakılıqların səbəbini xalqların mədəniyyət fərqi ilə əlaqələndirmək qətiyyən doğru deyil. Baxmayaraq ki, bu, dövrümüzün danılmaz faktıdır". İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Fransanın paytaxtı Parisdə keçirilən YUNESKO-nun iclasında çıxışı zamanı bu açıqlamanı verib.
Onun sözlərinə görə, mədəniyyət anlayışı müxtəlif cəmiyyətlər arasında bölücü ünsür kimi deyil, əksinə, xalqları birləşdirən bir element kimi qəbul olunmalıdır. "Təəssüf ki, dünyanın müxtəlif yerlərində geniş yayılmış zorakılıq hallarının səbəblər, adətən, mədəniyyələrarası fərqliliklər pərdəsi altında gizlədilir. Bu, çox məyusedici bir faktdır. Mədəniyyətlər arasında süni sərhədlərin yaradılması və fərqliliklərin qabardılması, əslində, xalqlar arasında etibarınsızlığın, şübhənin, və nəhayət, düşmənçiliyin yaranasına gətirib çıxarır. Bu faktların gizli motivlərlə siyasiləşdirilməsi isə, həyəcana təbili çalmağa əsas verən təmayüldür".
Zərifin çıxışı, eyni zamanda, bir qrup İran hökuməti əleyhidarlarının etirazlarına da səbəb olub. YUNESKO-nun binası qarşısında toplaşan fəallar İranda ölüm hökmünün ləğv olunması tələbi ilə çıxış ediblər. Həmçinin, rəsmi Tehranın nüvə proqramında dair müzakirələrin uzadılması məsələsi fəalların etirazlarına səbəb olub.
İran və FİFA
prezidentləri
arasında görüş
İranda səfərdə olan FİFA prezidenti Jozef Zepp Blatter bu ölkənin hökumət başçısı Həsən Ruhani tərəfindən qəbul edilib. İran mətbuatının məlumatına görə, görüşdə Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti Şeyx Salman da iştirak edib.
H.Ruhani bildirib ki, futbol müxtəlif ölkə, xalq, mədəniyyət və əlaqələri bir-birinə yaxınlaşdıra biləcək qabiliyyətə sahibdir: "Bu gün futbol sırf bir idman növü olmaqla qalmır. Bu idman növünün parlaq ulduzları dünyanın hər tərəfində matçlara çıxarkən əslində ölkələrin sülh elçiləri xüsusiyyətindədirlər".
İran prezidenti beynəlxalq səviyyədə futbol, futzal və çimərlik futbolu müsabiqələrinə ev sahibliyi etməyə hazırdır: "İran böyük idman qabiliyyətlərinə sahib bir ölkədir. Ona görə də bu gün İran Asiya Millətlər Kuboku, futzal və çimərlik futbolu müsabiqələrinə dünya çempionatları səviyyəsində ev sahibliyi etməyə hazırdır".
H.Ruhani FİFA və AFC prezidentlərinə İranın 2019-cu ildə Asiya Millətlər Kubokuna ev sahiblik etməsinə dəstək verdiklərinə görə təşəkkür edib. İran prezidenti FİFA-nı İran da daxil olmaqla bölgə ölkələrinə futbolla bağlı daha çox yardım göstərməsini xahiş edib. H.Ruhani həmçinin J.Blatterin islami əxlaq və qaydalar diqqətə alınaraq müsəlman qadınların da idman yarışlarına qatılması üçün lazımi şərait yaratmasını təqdir edərək, bu addımın müxtəlif ölkələrdə, xüsusilə İslam ölkələrində futbolun daha da inkişafına səbəb olduğunu vurğulayıb.
J.Blatter isə öz növbəsində futbolda ali məqsədin dünyanın müxtəlif xalqları arasında bir ictimai, mədəni və idman fəaliyyəti olduğunu söyləyib: "Futbol ölkələr və xalqlar arasında sülhün barışın təmin edilməsi üçün çox təsiredici vasitədir. Ona görə də sizə futbol başda olmaqla idman sahəsinə göstərmiş olduğunuz diqqətə görə təşəkkür edirəm".
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-25 10:51:11
2024-12-25 10:16:00
2024-12-25 10:14:53
2024-12-25 10:00:28
2024-12-25 09:56:06
2024-12-25 09:46:00
2024-12-25 09:29:00
2024-12-25 09:14:00
2024-12-25 09:09:09
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42