"Dövlət Proqramında həmçinin heyvandarlıq sektorunun inkişafı ilə bağlı fundamental tədbirlər nəzərdə tutulub. İntensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi hesabına 2030-cu ilədək yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının faktiki 2.5%-dən artırılaraq 10%-ə çatdırılması hədəflənir".

"Unikal" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Nazir müavini bildirib ki, süd istehsalının təqribən 10%, ət istehsalının 20% artırılması, bununla da özünütəminetmənin yaxşılaşdırılması, o cümlədən mal əti ilə təminata nail olunması hədəflənir:

"İntensiv heyvandarlıqla bağlı qarşıya qoyulan hədəflərə nail olmaq üçün  yeni təsərrüfatların yaradılması və cins damazlıq heyvanlarla təminatı, yeni süd və dəri toplama məntəqələrinin yaradılması, yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması, damazlıq heyvan və məhsul subsidiyalarının tətbiqi kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, xırdabuynuzlu heyvandarlığın inkişafı ilə bağlı tədbirlər hesabına qoyun əti ilə tam özütəminetmə səviyyəsinə nail olunması hədəflənir. Bu istiqamətdə yarım-intensiv qoyunçuluq təsərrüfatlarının yaradılması, yun toplama məntəqələrinin yaradılması, örüş və otlaq sahələrinin bərpası, eləcə də təsərrüfatların içməli su təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər müəyyən edilib".

Qeyd edək ki, mətbuat konfransı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunub.

Anar Kəlbiyev