Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər müəyyənləşir.

"Unikal" xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, sözügedən nəqliyyat vasitəsi digər qanunverici aktlarda müəyyən edilmiş tələblərə cavab verdiyi təqdirdə, o cümlədən dövlət qeydiyyatına alındıqdan sonra yol hərəkətində iştiraka buraxılacaq.

Bildirilir ki, avtonom nəqliyyat vasitəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müəyyən edilən ərazidə və avtomobil yolunda hərəkət edə biləcək.

Həmçinin layihədə vurğulanır ki, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemləri həmin sistemlərin fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan idarəetməyə nəzarət mərkəzi ilə inteqrasiya edilməlidir. 

İdarəetməyə nəzarət mərkəzinin vəzifələri isə aşağıdakılardır:

- avtonom nəqliyyat vasitələrinin hərəkətinin monitorinqinin və təhlilinin aparılması (fərdi məlumatların mühafizəsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, o cümlədən anonimliyin və konfidensiallığın təmini şərtilə);

-  avtonom nəqliyyat vasitələrinin istismarı ilə əlaqədar formalaşan məlumatların saxlanılmasının təmin edilməsi;

- aşağıdakı hallarda avtonom nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı tədbirlərin görülməsi:

- avtonom nəqliyyat vasitəsində və ya onun avtomatlaşdırılmış idarəetmə sistemində nasazlıq müəyyən edildikdə;

- avtonom nəqliyyat vasitəsinin bu Qanunun 46-3-cü maddəsinin II hissəsində müəyyən edilmiş ərazi və ya avtomobil yolundan kənara çıxması halları müəyyən edildikdə;

- yol hərəkəti şəraitinin avtonom nəqliyyat vasitəsinin istismarına təhlükə yaratdıqda.

Anar Kəlbiyev