Avtonom nəqliyyat vasitələrində operator olmaq istəyənlərə dair tələblər müəyyənləşir.
"Unikal" xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Nəqliyyat haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə bildirilib ki, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə işçiləri aşağıdakı tələblərə cavab verməlidir:
- avtonom nəqliyyat vasitələrinin istismarı, avtomatlaşdırılmış idarəetmə sistemləri, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) üzrə hazırlıq və təlim keçməli;
- terrorçuluq, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə, həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkum edilməməli;
- ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmamalı;
- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı;
- fiziki və psixi cəhətdən sağlam olmalı.
Anar Kəlbiyev

























































