Bədbəxt Ermənistan
11:37 19-11-2013
DÜNYA
Bədbəxt Ermənistan
Və ya balaca köləlik daxmasının dərin siyasi kökləri
Ukraynadakı ana müxalifət olan "Batkivşina" partiyasının Ali Radadakı fraksiyasının üzvlərindən birinin dediyinə görə, ölkə prezidenti Viktor Yanukoviçin Avropa İttifaqı ilə aparılan danışıqlarda qəflətən mövqeyini dəyişərək Rusiyaya üz tutmasının səbəbləri çoxdur. Onların arasında ən başlıcası və önəmlisi Rusiyanın hakimiyyət dairələrinin Ukrayna rəhbərliyinə göstərdiyi çox sərt təzyiqlər, ağır pressinqdir.
Ermənistan belə təzyiqlərin daha ağır formasına məruz qalır. Rusiyadan asılı olmayan Ukraynadan fərqlənən Ermənistan Moskvanın Cənubi Qafqazdakı faktiki quberniyası sayıla bilər. Daha doğrusu, Yerevan artıq quberniya mərkəzi də yox, müstəmləkə formatındakı ölkənin baş şəhəridir.
Ermənistanın hakimiyyət strukturlarının olduğu bu şəhər rəsmi sənədlərdə, çağdaş erməni siyasi mifologiyasında və siyasətçilərdən tutmuş, çobanların danışıqlarına qədər müxtəlif verbal ifalarda "paytaxt" adlandırılsa da, hələlik belə deyil. Yerevan əsrlər boyu əsarət altında olan şəhərdir və onun indiki durumu ötən əsrin ortalarındakı situasiyadan heç nə ilə fərqlənmir. Ermənistan prezidenti Serj Sarkisyan bütün bunları istədiyi qədər dana bilər, amma həqiqət çox acıdır. Ermənilər əsla etiraf etmək istəməsələr də. Rəsmi Yerevan Avropa İtiifaqı ilə danışıqların "uğurla davam etdirildiyini və bu istiqamətdə tərəflərin əhəmiyyətli, uzunmüddətli perspektivə hesablanmış addımlar atdıqlarını" söyləsə də. Yalandır.
Ermənistan Avropa İttifaqı ilə danışıqlar görüntüsü yarada bilər: amma aydın olan budur ki, prezident - hər halda, nominal olsa da, belədir - Serj Sarkisyanın iqtidarı bütünlüklə Rusiyadan asılıdır və Moskvanın göstərişlərinə uyğun hərəkət edir.
Yaşananların məsuliyyəti də Yerevandakı kleptokratiyadadır. Təbii, Rusiya öz maraqlarını təmin etmək və mənafeyini qorumaq üçün məqbul, gərəkli bildiyi bütün vasitələrə əl atır. Daha konkret olsaq, Moskvanın maraqları ilə Rusiyanın mənafeləri üst-üstə düşmədiyindən hakim rejim MDB çərçivəsində müxtəlif süni səciyyəli təşkilatlar vasitəsilə sabiq Sovetlər Birliyinin əvvəlki sərhədlərini xəyali də olsa, bərpa etməyə can atır. İllüzor niyyətdir və buna Rusiyanın daxilindəki ciddi problemlər dəlalət edir. Belə problemləri olan ölkənin böyük iddialarla çıxış etməsi, sadəcə, acı gülüş doğura bilər.
Fəqət unutmayaq ki, Rusiya hər şeyə rəğmən, postsovet məkanında onun təzyiqlərinə uyan ölkələrin bundan sonra da sərt təsir dairəsində çalışmasına can atır. Xüsusilə də Ermənistanda, hakimiyyətə xas olan hər hansı bir məziyyətdən bilmərrə məhrum iqtidar tərəfindən idarə olunan ölkədə.
Rusiyadan asılılıqdan qurtulmaq üçün ermənilərin çıxış yolları var. Gərçi Erimənistandakı hakimiyyət müxtəlif səviyyələrdəki seçkiləri total şəkildə saxtalaşdırmaqdan əl çəkərsə, dövlət vəsaitini mənimsəməzsə, iqtisadi resursları quldurcasına talan etməzsə, maliyyə ehtiyatlarını hakim ailə və bu ailənin ətrafındakı adamların varlanmasının mənbəyi saymazsa, süni oliqarxiyaya son qoyularsa, normal biznes və sahibkarlıq üçün şərait yaradılarsa, ən nəhayət, ölkədəki vətəndaşların siyasi və yaradıcılıq potensialları boğulmazsa - Ermənistan müstəqil strateji qərarlar qəbul edə bilər. Belə Ermənistan Rusiya və həmin ölkənin hakimiyyət dairələrinin maraqlarından qaynaqlanan təzyiqlərə sinə gərə bilər.
Ermənistan dövlət müstəqilliyi qazanandan bəri orada Rusiyanın pressinqinə uğurla müqavimət göstərə biləcək hakimiyyət olmayıb.
Rusiya Ermənistan iqtisadiyyatının strateji sahələrinə nəzarət tələb edib - ona veriblər. İndisə Rusiya Ermənistanın taleyini həll etmək istəyir - Sarkisyan rejimi "əlbəttə" deyir. İş o yerə çatıb ki, Zori Balayan kimi sərsəm, ruhu sapmış bir idiot "Dağlıq Qarabağ Rusiyanın birbaşa nəzarətinə verilsin" çağırışı ilə çıxış edir - Sarkisyan rejimi illərdən bəri daimi kart-blanş kimi istifadə etdiyi bu məsələyə "yeni baxış"la bağlı susur.
Rusiya nə istəsə, Ermənistanda ona mütləq şəkildə, qeyd-şərtsiz veriləsidir. Serj Sarkisyan rejiminin mahiyyəti budur. Quldur, tamahkar, ölkənin resurslarını çapıb-talayan, imkanlarını məhv edən iqtidar başqa cür davrana bilməz.
Belə iqtidarlar bütün səfil, diktatura rejimi və ya yaramaz, başıpozuq hakimiyyət tərəfindən idarə olunan ölkələrdədir.
Rusiyaya istədiyi verilməzsə, Sarkisyan rejimi hakimiyyətlə vidalaşmalıdır. İqtidardan imtina bu quldur dəstəsi üçün iqtisadi və maliyyə imkanlarını itirməklə yanaşı, məhkəmə qarşısında durmaq perspektivi, ya da belə riski yaşamaq ehtimalıdır.
İtkilərdən sonra Sarkisyan rejiminin hansı qüvvə və kimlər tərəfindən əvəzlənəcəyi əsla önəmli deyil. İndiki iqtidardan sonra Ermənistanı demokratik qüvvələr, yaxud mövcud hakimiyyət daxilindəki hər hansı qruplaşmanın təzahür forması idarə edə bilər.
Məhkəmə qaçılmazdır. İndi Sarkisyana sadiq, illər boyu onun əmrlərini yerinə yetirmiş adamlar hakimiyyət dəyişəndən sonra məhkəmə şousuna başlaya bilərlər. Çünki çaqqal sürüsünün qanunu belədir: sürünün başçısı olan çaqqal zəifləyəndə və ya haldan düşəndə onunla ətrafındakıları yeni "gələnlər" əzir, ən pis halda parçalayırlar.
Serj Sarkisyan da əmindir ki, hakimiyyətdən gedərsə, onun yerinə ən yaxşı halda elə həmin bu hakimiyyət sistemindən olan biri gələcək. Amma bu, Sarkisyan və onun ailəsi, yaxınları üçün təhlükəsizlik təminatı olmayacaq. Mahiyyət etibarilə o anlayır ki, mövcud hakimiyyət sisteminin bütün seqmentlərində təhlükəsizlik təminatı nəyin bahasına və hansı çətinliklərlə verilir.
Şayət Ermənistanda ondan sonra hakimiyyətə demokratik qüvvələr gəlsələr, onda Serj Sarkisyan və dəstəsinin ümumiyyətlə, təhlükəsizlik təminatı olmayacaq. Belə təminatlar istənilən səviyyədə səslənsə də, Sarkisyan həbs olunacaq və bütün varidatını itirəcək.
İş ondadır ki, Ermənistanda dövlət ehtiyatları və ictimai resurslar talandığından, çapovulluqla qarət olunduğundan ölkəni qaydaya salmaq üçün demokratik qüvvələr mütləq şəkildə resursların yenidən paylanması və bölüşdürülməsi prosesinə başlamalıdır. Bunu etməmək mümkün deyil. Əks təqdirdə ölkədə iqtidar və proseslərə nəzarət indiki kapitalın əlində qalacağından yeni hakimiyyət bərqərar etmək absurd, mümkünsüz işə çevriləcək.
Hadisələrin inkişaf məcrasını Ermənistanda hamıdan yaxşı anlayan elə Sarkisyan və onun ətrafıdır - nədən ki, onlar ölkədəki situasiyaya ən kiçik detala qədər bələddirlər. Məhz bu səbəbdən Sarkisyan hakimiyyətdən kənarlaşmaq təhlükəsi ilə qarşılaşmamaq üçün Rusiyanın tələblərini tam yerinə yetirməyə üstünlük verir.
Köləlik, mütilik, qul olmaq onun üçün istefadan və ya devrilməkdən daha təhlükəsizdir.
Eyni zamanda situasiya ilk baxışda göründüyündən daha mürəkkəbdir, axı Ermənistandakı "hakimiyyət" yalnız Serj Sarkisyan yox, süni oliqarxiya və kriminal kapitalın piramidasıdır. Problem daha çeşidli, çoxşaxəlidir.
Rusiya vəziyyətdən əla yararlanır və Ermənistanda cəmiyyət problemi həll etmək üçün bitkin mexanizmlər hazırlamadığına görə hələ bundan sonra uzun müddət yararlanacaq. İllah da ki, Ermənistanın xarici siyasəti təki, daxili siyasəti də iç gerçəklər və amillər yox, Rusiyanın tələblərindən, mövqeyindən asılıdır.
Bədbəxt Ermənistan...
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17
2024-12-23 22:20:17
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13