Ukrayna vətəndaş müharibəsinə doğru?
12:40 12-12-2013
DÜNYA
Ukrayna vətəndaş müharibəsinə doğru?
Kiyevdə hadisələr nəzarətdən çıxa bilər
Kiyevdə dekabrın 11-nə keçən gecədən bəri Müstəqillik Meydanı ətrafındakı barrikadaları dağıtmağa və aksiya iştirakçılarını sıxışdırmağa çalışan “Berkut” xüsusi təyinatlı milis dəstəsi meydanı tərk edib.
UNİAN-ın verdiyi məlumata görə, iş günü olmasına baxmayaraq, hazırda meydana təxminən 25 min nəfər toplaşıb. “Berkut”çular qəfildən meydanı tərk etməyə başlayıblar. Kütlə onların gedişini sevinclə qarşılayıb və “əlvida!” deyə qışqırıb. Milislər müxalifətçilərin əlində olan meriya binasını təmizləmək cəhdindən də vaz keçərək binanın ətrafından uzaqlaşıblar.
Daxili işlər naziri Vitali Zaxarçenko isə meydandakı aksiyanı dağıtmağa cəhd etmədiklərini bildirib. O deyib ki, artıq bir neçə gündür şəhərin nəqliyyat arteriyaları barrikadalarla kəsilib, bunun nəticəsində şəhərdə böyük tıxaclar yaranıb: “Hər kəsi sakitləşdirmək istəyirəm – meydanı heç kim dağıtmayacaq. Heç kim vətəndaşların dinc etiraz aksiyası keçirmək hüququna qəsd etmir. Lakin digər vətəndaşların qanun hüquqlarını inkar etmək də lazım deyil. Paytaxtın normal həyatı pozulmamalıdır”.
Nazir yolların barrikadalardan təmizlənməsinin məhkəmə qərarı əsasında həyata keçirildiyini söyləyib.
Kiyevdə meriya binasını müxalifətçilərdən
geri almaq
cəhdi baş tutmadı
Dünən günorta saatlarında gələn məlumata görə, Kiyevdə “Berkut” xüsusi təyinatlıları müxalifət tərəfdarlarının əlində olan Kiyev Dövlət Şəhər Administrasiyasının (meriya) binasını təmizləmək üçün hərəkətə keçiblər.
Ukrayna saytlarının verdiyi məlumata görə, “Berkut”un ilk cəhdi uğursuz olub. Binanın içərisində barrikadalar quran insanlar yuxarı mərtəbələrdən milislərin üstünə qaynar su töküblər. Xüsusi təyinatlılar geri çəkilərək avtobuslara doluşublar. Mitinqçilər isə dərhal avtobusları mühasirəyə alıblar. Meriya binasına doğru əlavə milis qüvvələrinin gəlməsinin də qarşısı alınıb.
ABŞ dövlət katibinin müavini Kiyevin
Müstəqillik Meydanındakı aksiya iştirakçılarına
çörək apardı
Ukraynada səfərdə olan ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Müstəqillik Meydanına gedib. Nuland aksiya iştirakçılarına çörək aparıb. Meydan onu alqışlayıb.
İsveçin xarici işlər naziri Karl Bildt də gecə Kiyevdə baş verənlərə münasibətini açıqlayıb. “Bu gün Kiyevdə Avropa və Avrasiya, repressiya və islahat, hakimiyyət və xalq toqquşdu”, deyə o, özünün “Twitter” səhifəsində yazıb.
Kliçko: “İndi bir nömrəli məsələ Yanukoviçin
istefasıdır, başkəsənlər və diktatorlarla
kompromis olmaz”
“Yanukoviç meydanı ikinci dəfə dağıtmaq qərarı ilə kompromislərə gedən bütün yolları bağlamış oldu”. “Ukrainskaya pravda” saytının verdiyi məlumata görə, bu bəyanatla Ukrayna müxalifətinin liderlərindən biri, UDAR (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının lideri Vitali Kliçko çıxış edib.
O bildirib ki, başkəsənlər və diktatorlarla kompromis olmaz: “Onlardan qurtulmaq lazımdır. Bu gün bir nömrəli məsələ Yanukoviçin və onun kiflənmiş hakimiyyətinin istefasıdır. İndi ölkə “texniki hökumət”in qurulması və ya Konstitusiyaya dəyişiklik formasında hansısa kompromislər haqda sözlər eşidəcək. Bunlar hamısı Yanukoviçin hakimiyyətinin saxlanmasına yönəlmiş manipulyasiyalar olacaq. Əsas şər qüvvəsi Yanukoviçin özüdür, bütün qanunsuzluqları o yaradıb”.
V. Kliçko deyib edib ki, hazırda onun əsas vəzifəsi hakimiyyətin tam dəyişməsi və meydanlarda insanlara qarşı zorakılıq edənlərin cəzalandırılmasıdır: “Mən bütün məsuliyyətimlə bəyan edirəm ki, Yanukoviç hakimiyyətinə etimadsızlığını bildirən bütün vətəndaşlarımızla birlikdə bu hakimiyyəti nə qədər mümkündürsə, o qədər tez dəyişmək üçün hər şeyi edəcəyəm”.
Ağ Ev Ukrayna
hakimiyyətinin Kiyevdə mitinqi dağıtmaq qərarını iyrənc adlandırdı
ABŞ dövlət katibi Con Kerri isə Ukrayna hakimiyyətinin Kiyevin Müstəqillik Meydanındakı mitinqçilərə güc tətbiq etməsini kəskin ifadələrlə pisləyən çox sərt bəyanatla çıxış edib. “Ukrainskaya pravda” saytının verdiyi məlumata görə, bəyanatda Ukrayna hökumətinin bu addımının iyrənc olduğu vurğulanır: “ABŞ Ukrayna hakimiyyətinin Kiyev meydanındakı dinc etiraz aksiyasına xüsusi təyinatlılar, dəyənəklər və buldozerlərlə reaksiya vermək qərarına öz nifrətini bildirir. Bu cür cavab qəbuledilməzdir və demokratiya ilə bir araya sığmır. Ötən həftə mən Brüsseldə və Moldovada bütün tərəflərin zorakılıqdan vaz keçməsinin vacibliyini vurğuladım və prezident Yanukoviçi ukraynalıların gözləntilərini doğrultmağa çağırdım. Vitse-prezident Baydenin Yanukoviçlə telefon danışığında söylədiyi kimi, demokratik prinsiplərə, o cümlədən sərbəst toplaşma azadlığına hörmət ABŞ-ın Ukraynaya yanaşmasında fundamental əhəmiyyətə malikdir. Bu, təkcə Amerikanın deyil, bəşəri dəyərdir. Bir neçə həftə ərzində biz prezident Yanukoviç və onun hökumətini sülh, ədalət və Avropa gələcəyi tələb edən insanların səsinə qulaq asmağa çağırdıq. Bunun əvəzinə, Ukrayna liderləri başqa seçim etdilər”.
Kerri bəyan edib ki, Ukrayna hakimiyyəti Ukrayna xalqının təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır: “Kiyev küçələrində kilsə zənglərinin çalındığı bir vaxtda Amerika Ukrayna xalqı ilə birlikdədir. Onlar ən yaxşıya layiqdir”.
Ukrayna hadisələri
Azərbaycanda
təkrarlana bilərmi?
Yeni Azərbaycan Partiyasının icra aparatının sədr müavini Siyavuş Novruzov son günlərdə Ukraynada yaşanan hadisələrin Azərbaycanda da baş verə biləcəyi ehtimalından danışıb. O deyib ki, bu hadisələr Azərbaycanda təkrar oluna bilməz, çünki ölkəmizdə xalqla iqtidar bir yerdədir.
Deputat bildirib ki, kimsə nəyisə bəhanə etmək istəyirsə, onlar heç bir nəticə verməyəcək: “Azərbaycan xalqı öz prezidentin dəstəkləyir. Xalqımız bir neçə ay öncə çox böyük səs çoxluğu ilə öz prezidentini seçib və onun siyasətini müdafiə edir. Milli Şura adlı qurum iflasa uğrayıb və artıq belə bir qurum yoxdur”.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15
2024-12-25 15:09:11
2024-12-25 14:07:02
2024-12-25 14:03:00