Türkiyədəki şok rüşvət əməliyyatının sensasion pərdəarxası
11:15 19-12-2013
DÜNYA
Türkiyədəki şok rüşvət əməliyyatının sensasion pərdəarxası
"Böyük rüşvət işi"nə azərbaycanlıların da adı qarışdı, Ərdoğanın oğlu da həbs təhlükəsi ilə üzləşib; baş verənlərdə "Mossad" barmağı varmı?
Türkiyədə srağagündən başlayan, qardaş ölkə və dünya mətbuatına bomba kimi düşən əməliyyatlar çərçivəsində baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğan da həbs edilə bilər. Qardaş ölkə mətbuatının məlumatına görə, rüşvət və korrupsiya ittihamı ilə açılan cinayət işinə B.Ərdoğanın da adının daxil edilməsi gözlənilir.
Belə ki, srağagün həbs edilən şəxslərdən Fatih Bələdiyyəsinin AKP-li sədri Mustafa Dəmirin Türkiyə baş nazirinin oğlu ilə birbaşa münasibətləri var. Ona qarşı ittihamlardan biri bundan ibarətdir ki, sədrlik etdiyi bələdiyyənin ərazilərində qeyri-qanuni olaraq inşaat icazəsi verib. Bu isə Bilal Ərdoğanı birbaşa cinayət işinə daxil edir.
Belə ki, Fatih Bələdiyyəsi Bilal Ərdoğanın da idarə heyəti üzvü olduğu Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi üçün tələbə yataqxanası tikib və həmin yataqxana ötən ay bu vəqfə 25 illiyinə pulsuz icarəyə verilib.
Bu vəqfin idarə heyəti üzvlərindən biri isə həbs olunan Fatih Bələdiyyəsinin sədri Mustafa Dəmirdir.
Onu da bildirək ki, adı çəkilən vəqfin idarə heyəti üzvləri arasında baş nazir Ərdoğanın daha bir neçə ailə üzvü var.
Ərdoğandan cavab atəşi
Srağagün Türkiyəni silkələyən hökumətə yaxın iş adamlarının və bir neçə önəmli nazirin övladının həbs edildiyi əməliyyatlara razılıq verən İstanbul Polis müdirlərini vəzifədən kənarlaşdırılıb. Belə ki, əməliyyatların ardından bu gün İstanbul polisinin maliyyə, terror, mütəşəkkil cinayətkarlıq, qaçaqmal və mühafizə polisinin rəisləri işdən azad edilib.
Xatırladaq ki, srağagün keçirilən və Türkiyə hökumətinin üzvlərinin ailəsinə qədər uzanan əməliyyatların Amerikada yaşayan din adamı Fətullah Gülənin Türkiyə baş naziri ilə aralarında yaşanan narazılıqla bağlı olduğu iddia edilir. Bildirilir ki, əməliyyat əmri Gülən Hərəkatından gəlib.
Dünən qeyd olunan polis rəislərinin vəzifələrindən azad edilməsi də məsələyə yeni çalar qatıb. Türkiyə mediası polis rəislərinin işdən azad edilmələrini baş nazir Ərdoğanın Gülən Hərəkatına cavabı kimi şərh edir. Görünür, bu məsələ Türkiyə gündəmini hələ uzun müddət zəbt edəcək.
Onu da bildirək ki, Türkiyədə polis sisteminin əsas etibarilə Gülən Hərəkatının təsirində olduğu iddia edilir.
Azərbaycanlı iş adamının adı 87 milyard
dollarlıq qalmaqalda
Dünən o da məlum olub ki, Türkiyə polisinin rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs etdiyi milliyyətcə azərbaycanlı olan iranlı iş adamı Rza Zərrab çirkli pulların yuyulması, İrandan böyük miqdarda maliyyə vəsaitinin Türkiyəyə şübhəli transferi, külçə qızılların qaçaqmalçılığı, saxta sənədlər hazırlamaq, vəzifəli şəxslərə rüşvət vermək kimi ağır cinayətlərdə ittiham edilir.
Belə ki, Türkiyə vətəndaşlığına keçdikdən sonra "Sərraf" soyadını götürən Rza Zərrab 2009-2012-ci illərdə qurduğu şirkətlər vasitəsilə İrandan 87 milyard avro məbləğində vəsaitin Türkiyəyə transferində vasitəçi olub. Türkiyə Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) bununla bağlı araşdırma aparılması üçün İstanbul Əmniyyət Müdirliyinə (polis idarəsi) raport göndərib. Əməliyyat 2011-ci il dekabrın 14-də İstanbuldan Rusiyaya gedən 3 azərbaycanlı və bir iranlının üzərində "Vnukovo" hava limanında 14,5 milyon dollar və 4 milyon avro nəğd pulun aşkarlanması ilə başlayıb. Rusiya Federal Gömrük Xidməti məsələ ilə əlaqədar Türkiyə tərəfindən müraciət edərək olayın araşdırılmasını istəyib. Türkiyə polisi hərəkətə keçərək ilkin mərhələdə İstanbulun Tahtakale səmtində bir valyutadəyişmə məntəqəsinin sahibini və 14 işçisini həbs edib. Bu şəxslərin 37 dəfə Rusiyaya 40 milyon dollar və 10 milyon avro nağd pul apardıqları müəyyənləşib. Bu pulların azərbaycanlı iş adamları A. Nizami, H. Surxay və B. Vidadiyə aid olduğu aşkara çıxarılıb. Pulların Dubaydan Türkiyəyə gətirildiyi və Rusiyaya göndərildiyi müəyyən edilib. İstanbul polisi kuryerləri sərbəst buraxıb və adı çəkilən 3 azərbaycanlı iş adamını beynəlxalq axtarışa verib.
Türkiyədə qurulmuş, kağız üzərindəki 3 xəyali şirkəti araşdıran maliyyə müfəttişləri İrandan çox böyük miqdarlarda pul transferinin gerçəkləşdirildiyini ortaya çıxarıblar. Adəm G. və Vidadi B. tərəfindən qurulan "Cihan Kiymetli Madenler", "Deniz Kiymetli Madenler" və "Kapital Kiymetli Madenler" adlı bu şirkətlərə 2009-2012-ci illər ərzində İran Millət Bankı vasitəsilə 87 milyard avro köçürüldüyü, şirkətləri R. Zərrabın qurdurduğu və idarə etdiyi ortaya çıxarılıb. Şirkətlərin "Garanti", "Küveyt Türk" bankları, "Denizbank" və "Aktif Bank"dakı hesabları araşdırılıb və bu hesabların hər birinə gündə təxminən 5 milyon avro köçürüldüyü bəlli olub. Vergi idarələrində bu şirkətlərin heç bir borcunun olmaması müfəttişləri təəccübləndirib. Saxlanılan Adəm G. ifadəsində pul transferi barədə təlimatların İrandan gəldiyini söyləyib.
R. Zərrabı 2011-ci ilin dekabrından bəri izləyən Türkiyə polisi iş adamının qanunsuz qızıl ixracatı ilə məşğul olduğunu da aşkarlayıb. Onun dövlət məmurlarına rüşvət verərək 1,5 ton qızılı ölkə xaricinə çıxardığı, verdiyi rüşvətin həcminin on milyonlarla dollar olduğu bildirilir.
Rza Zərrab nazirə 1,5 milyon dollar rüşvət
verərkən videoya çəkilib
Dünən həmçinin məlum olub ki, Rza Zərrab türkiyəli nazirlərdən birinə 1,5 milyon dollar rüşvət verərkən videolentə alınıb. Bu iddia ilə Türkiyənin "Kanal D" televiziyası çıxış edib.
Kanal öz xəbərində rüşvət alan nazirin kim olduğunu açıqlamasa da, rüşvəti verən şəxsin Rza Zərrab olduğunu bildirib.
Rza Zərrabın
Türkiyə polisini hərəkətə keçirən pulları
Dünən verilən bir başqa ilginc məlumata görə şərti adı "Böyük rüşvət işi" olan əməliyyatlar bir il əvvəl azərbaycanlı iş adamı Rza Zərrabın sürücüsünün sosial şəbəkədə paylaşdığı bir foto ilə başlayıb.
Belə ki, bir il öncə iş adamının sürücüsünün bir metr hündürlükdə pulla çəkdirdiyi fotonun yayılmasının ardından Türkiyə polisi hərəkətə keçərək, adı çəkilən şəxsi və onunla bağlantısı olan şəxsləri izləməyə başlayıb.
Qeyd edək ki, ötən il bu şəkil yayıldıqdan sonra polis həmin sürücünü saxlayaraq ifadəsini almış, daha sonra isə sərbəst buraxmışdı. Həmin dövrdə Rza Zərrabın Türkiyədən Rusiyaya 160 milyon dollar nağd pul göndərdiyi aşkarlanmışdı.
Ərdoğanın telefon
danışıqları da
dinlənilibmiş
Şərti adı "Böyük rüşvət" qoyulan korrupsiya əməliyyatında Türkiyə polisinin onlarla hökumət üzvünün telefon danışıqlarını dinlədiyi üzə çıxıb. Türkiyənin "Sözcü" qəzetinin məlumatına görə, telefon danışıqları dinlənilən şəxslər arasında baş nazir Rəcəb Tayyib Ərdoğanın olduğu da iddia edilir.
Belə ki, Türkiyə hökumətinə daxil olan bir neçə nazirin telefon danışıqlarının dinlənilməsi barədə qərar verən polis həmin nazirlərin baş nazir Ərdoğanla telefon danışıqlarını da dinləyib.
Qeyd edilir ki, bir ildən artıqdır aparılan dinlənmə və araşdırma prosesindən Türkiyədə çox az rəsmi şəxsin xəbəri olub. Hətta bildirilir ki, İstanbul valisi, ölkənin baş prokuroru və baş polis idarəsinin rəisi belə bu əməliyyatlardan xəbərsiz olub.
Övladları həbs edilən
nazirlər danışdı
Türkiyədə korrupsiya və rüşvət ittihamları ilə oğulları həbs edilən nazirlər Zəfər Çağlayan və Ərdoğan Bayraqdan mətbuata həbslərlə bağlı açıqlama veriblər.
Türkiyənin iqtisadiyyat naziri Z.Çağlayan deyib ki, bu əməliyyatlardan heç bir nəticə çıxmayacaq.
Ətraf mühit və şəhər naziri Ə.Bayraqdar isə bildirib ki, hazırda iş prokurorluqda olduğu üçün bu barədə heç nə deyə bilməz.
Türkiyənin daxili işlər naziri Muammər Gülər isə oğlunun həbsi barədə heç bir açıqlama verməyib.
Ərdoğana yaxın KİV
İsraildən şübhələnir
Türkiyənin İrandan neft alaraq qarşılığında "Xalq Bank" vasitəsilə qızıl ödəməsindən narahat olan İsrail bu mövzuda istintaqın başladılması üçün uzun müddətdir ki, təzyiq göstərirdi. Bunu isə qardaş ölkənin AKP hökumətinə yaxınlığı ilə seçilən mediası yazıb.
Həmin KİV-lər İsrail kəşfiyyatı MOSSAD-in istintaqın açılması üçün İstanbul Ədliyyəsinə təzyiq göstərdirdiyinin iddia edildiyini bildirir.
Həbs edilən "Xalq Bank"ın baş drektoru Süleyman Aslanın İrana qızıl ixracı ilə əlaqədar ittiham olunduğu deyilir. İsrail kəşfiyyatı MOSSAD uzun müddətdir ki, İrana tətbiq olunan embarqonun pozulduğunu iddia edirdi. Amerikan-İsrail Xalqla Əlaqələr Komitəsi (AIPAC) də bir müddət əvvəl Türkiyə əleyhinə kampaniyaya başlamışdı. Vaşinqtonun ən güclü lobbi təşkilatlarından olan İsrail tərəfdarı AIPAC-ın kampaniyasına 47 konqresmen də dəstək vermişdi.
Həm dövlət katibi Con Kerri, həm də ABŞ Mərkəzi Bankının müdiri Jak Levə göndərilən bir məktubda "Xalq Bank"ının İrana qızıl transfer edilməsi əməliyyatlarına müdaxilə edilməsi istənilirdi. Məktubda iqtisadiyyat naziri Zəfər Çağlayanın "Türkiyə dövlət bankı "Xalq Bank" İranla mövcud əməliyyatlarına davam edəcək" açıqlaması da bankın qeyri-qanuni nüvə proqramında İrana kömək etdiyi ilə bağlı narahatlığa əsas verdiyi ifadə edilmişdi.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17
2024-12-23 22:20:17
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13