Ermənistanda əsası və gələcəyi olmayan iqtidar cəmiyyətlə oynayır
12:23 28-12-2013
DÜNYA
Ermənistanda əsası və gələcəyi
olmayan iqtidar cəmiyyətlə oynayır
Qərb Sarkisyanın mümkün qədər tez şəkildə hakimiyyətdən uzaqlaşdırılmasında maraqlıdır
Sentyabrın 3-dən sonra Ermənistanın hakimiyyət dairələrində başlanmış çox maraqlı proseslər davam edir. Rusiyadan kölə asılılığına, müti siyasətə və xarici siyasətdəki müstəmləkə davranışına daxildə etirazlar artdıqca Yerevandakı rejim bu etirazların Qərbdən dəstəkləndiyini, Avropa Birliyi və ABŞ tərəfindən idarə olunduğundan daha çox danışır.
Tanış davranış, bəlli sözlərdir. Məsələn, 2008-ci ilin fevralında Yerevandakı Azadlıq Meydanında Rusiya, Ukrayna, Gürcüstan, Fransa, Avropa Birliyinin bayraqları dalğananda "Aylur" telekanalı yalnız İsrail bayrağı olan kadrları çəkirdi və reportajlarında da "müxalifəti idarə edən yəhudi barmağı"ndan bəhs edirdi.
O barmaq hələ sovet dönəmindən ermənilərin bir çoxunun beynində, şüurunda və təhtəlşüurunda kök atmış nəsnə halındadır. Sabiq prezident Robert Köçəryan rejiminin yalan maşınlarından olan "Aylur" o vaxt anlamırdı və ya anlamaq istəmirdi ki, bu minvalla Ermənistan dövləti ilə cəmiyyəti üçün çox təhlükəli məqamlar yaradır.
İlk əvvəl, "yəhudi barmağı"ndan yararlanaraq Ermənistanda küçələrə çıxan və seçki saxtakarlıqlarına etiraz edən on minlərlə insanı xəyanətkar kimi qələmə verən "Aylur" əslində Robert Köçəryan, sonra da Serj Sarkisyan rejimlərinin antisemit mahiyyətini ortaya qoydu.
Təbii ki, bu məqam Qərbin diqqətindən yayınmadı. ABŞ Dövlət Departamentinin hesabatında Ermənistanın hakimiyyət dairələrində qatı antisemitizm ruhunun hökm sürdüyü, cəmiyyətdə yəhudilərə qarşı antipatiyanın və dözülməzliyin olduğu vurğulandı.
Bundan başqa, vətəndaş hərəkatına və etirazlara qarşı hakimiyyətin təbliğat mübarizəsini "xarici dövlətlərin məkrli planları və ssenariləri" kimi təqdim edənlərin cəhdləri indi də davam edir. Serj Sarkisyan iqtidarı müxalifətin aktivlik və ya passivliyini sürəkli olaraq "yad qüvvələrin məkrli planları" ilə bağladığından Yerevanın hələlik nisbətən normal münasibətlərdə olduğu dövlətlərdə də təmasları sürətlə pisləşir.
Avropa Birliyi artıq Ermənistana inanmır, ABŞ isə erməni lobbisini ifrat narazı salmamaq şərtilə Yerevanın öhdəsindən gəlməyin yollarını arayır.
Fəqət münasibətlərin pisləşməsi, beynəlxalq təcrid təhlükəsi Sarkisyan rejiminin eyninə deyil. Əsas məsələ qanunsuz yolla əldə olunmuş hakimiyyətin qorunması, xalqın və dövlətin resursları, perspektivləri hesabına daha da varlanmaq, xarici ölkə banklarındakı hesablara yatırılan vəsaitin məbləğini fasiləsiz artırmaqdır.
Və 2008-ci ildə olduğu kimi, indi də "Qərbin məkrli oyunları" yenidən gündəmə gətirlir, situasiyalar elə qələmə verilir ki, guya hansısa "qara qüvvələr" və ya "superdövlətlər" öz maraqlarını təmin etmək üçün Ermənistanı çalxalayır, dövləti yıxmaq və məhrumiyyətli həyata sürükləmək niyyətindədir.
Təbii, Ermənistandakı mövcud hakimiyyət Qərbin səbr kasasını çoxdan daşdırdığından Avropa Birliyi ilə ABŞ Serj Sarkisyan iqtidarından qurtulmağın yollarını arayırlar.
2008-ci ildə prezident seçkilərinin nəticələrinin total saxtalaşdırılması, qanunun ayaqlar altına atılması, Yerevan küçələrinə çıxaraq qanunsuzluqlara etiraz edənlərin gülləbaran edilməsi hesabına baş nazir postunu ölkə prezidenti kürsüsünə dəyişən Serj Sarkisyan 5 il sonra ikinci səlahiyyət müddəti fikrinə düşdü. Builki seçkilər də tragifarsa çevrildi, Sarkisyan bütün inzibati resursları, ələalmaları, hakimiyyətin nəzarətindəki oliqarxların imkanlarının bütünlüklə səfərbər edilməsi, polislər və hərbçilərin alətə çevrilməsi, ən başlıcası isə Rusiyadan tam dəstək alınması nəticəsində hakimiyyətdə qaldı.
Onun siyasi varlığı, komandasının iqtidardakı mövcudluğu bütünlüklə Moskvadan asılıdır və Sarkisyan Rusiyadan alınan əmrlər, göstərişlər və təlimatları yerinə yetirməmək imkanlarına əsla malik deyil.
Ermənistanın Cənubi Qafqazda Rusiyanın rəsmən "müttəfiqi və strateji tərəfdaşı", faktiki olaraq quberniyasına çevrilməsi, Moskvanın geosiyasi planlarının tərkib hissəsinə çevrilməsinin Qərbi təmin edəcəyini düşünməyin özü sadəlövhlük olardı.
Rəsmi Yerevanın yürütdüyü, daha doğrusu, Rusiyaya bağışladığı xarici siyasət regional təhlükəsizliyə illərdən bəri ən ciddi təhdid mənbələrindən birinə çevrilib. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışlıqlar prosesində tutduğu aqressiv mövqe, Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilmək tələblərini rədd etməsi, qonşularına meydan oxuması, İranla çox sıx əlaqələr qurması, Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməsi və s. kimi naqisliklər toplusundan ibarətdir.
Daxili siyasətə gəldikdə isə, Sarkisyan rejimi Konstitusiyanın kağıza çevrilməsi, qanunların addımbaşı pozulması, vətəndaş haqları və demokratik azadlıqların puç edilməsi, iqtisadiyyatın iflic duruma salınması, mühacirət dalğasının sürəkli böyüyərək fəlakət həddinə çatdırılması, işsizliyin milli bəlaya dönməsi, yoxsulluq və səfalətin dözülməz həddə yüksəlməsi kimi problemlər məcmusundan ibarətdir.
Ən nəhayət, Serj Sarkisyan rejimi müxalifət düşərgəsini məhv etməyə çalışdığından ağla gələsi bütün çirkinliklərdən yararlanır və siyasi yaşamını başqalarının həyatlarını məhv etməkdə görür. Bu səbəbdən Qərb Sarkisyanın mümkün qədər tez şəkildə hakimiyyətdən uzaqlaşdırılmasında maraqlıdır.
Əksinin düşünülməsi Şimali Koreyanın diktatoru Kim Çen İrin Vaşinqtonda demokratiya barədə mühazirələr oxunmaq üçün dəvət edilməsi və ya Ermənistan prezidentinin Cənubi Qafqazda ən demokratik dövlət başçısı sayılması kimi irrasional olay olardı.
Konkret olsaq, Avropa Birliyinin emissarları ilə yanaşı, amerikalı siyasətçilər Serj Sarkisyana nifrət edirlər. Lakin onlar hələlik hadisələrə süni təkan verərək Ermənistandakı hakimiyyət dəyişikliyini dinc yollarla reallaşdırmaq, üsyan və ya qiyamın, kütləvi iğtişaşların alovlanmasının səbəbkarı olmaq istəmirlər.
Üstəlik, ABŞ və Avropa Birliyinin siyasətçiləri onu da yaxşı bilirlər ki, Ermənistan vətəndaşlarının tam əksər hissəsinin beynində "Rusiya müttəfiq və dost, Qərb isə düşməndir" şüurunun rudiment qalıqları hələ də hərəkət edir.
Ermənistanda qul təfəkkürlü insanlar az olmadığından, deməli, S.Sarkisyan rejiminin təbliğatının bu kütləyə təsir imkanları da az deyil.
Ermənilərin stereotip-emosional düşüncə tərzinə əsaslanan insanların şüurları ilə yanaşı, talelələri ilə oynayan Yerevan iqtidarı ölkə cəmiyyətini parçalamağa çalışır. Səbəb aydındır: vətəndaş və demokratik dəyərlərə qarşı Sarkisyan rejiminin başqa arqumentləri yoxdur.
Belə arqumentlərin isə əsası olmadığı kimi, gələcəyi də yoxdur.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17