Bəşər Əsədin əsas himayəçisi hərəkətə keçdi
11:31 18-01-2014
DÜNYA
Bəşər Əsədin əsas himayəçisi hərəkətə keçdi
Rusiya Suriya diktatorunu vəziyyətdən çıxarmaq üçün yenidən iş başında!
Rusiya Suriyadakı münaqişənin regionun təhlükəsizliyinə təhdid olmasının qarşısını almaq istəyir. Bunu Suriya xarici işlər naziri Valid Muallemlə birgə keçirdiyi mətbuat konfransında Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, o, gələn həftə İsveçrənin Montrö şəhərində Suriya ilə bağlı keçiriləcək konfransın münaqişənin sona çatmasına, ölkənin demokratik, dünyəvi qalmasına kömək edəcəyini gözləyir.
Rusiya XİN rəhbəri əlavə edib ki, ölkəyə humanitar yardımın göstərilməsi məsələsi hələ də açıq olaraq qalır. S. Lavrovun sözlərinə görə, Suriyada humanitar yardımın insanlara çatdırılmamasına görə silahlı müxalifət məsuliyyət daşıyır. O qeyd edib ki, Əsəd hökuməti ölkədə humanitar vəziyyətin normallaşması üçün konkret addımlar atmağa hazırdır.
S. Lavrov həmçinin beynəlxalq humanitar təşkilatların Suriyaya humanitar yardımını da alqışlayıb. Bununla yanaşı o, BMT-nin Suriyaya ayrılan humanitar yardımın kimə çatacağını açıqlanmasını istəyib: "Bu yardımlar şəffaf olmalıdır".
Öz növbəsində Suriya XİN rəhbəri V.Muallim ölkədə mövcud vəziyyətdən danışıb. O bildirib ki, mətbuatda hökumət qüvvələrinin öz vətəndaşlarını öldürməsi və dövlət müəssisələrin dağıdılması ilə bağlı məlumatlar əsassızdır: "Bunları ölkədə fəaliyyət göstərən terrorçular edir. Bu xəbərləri yayan insanların kimliyini bilirik. Bunlar ya kordurlar, ya da ölkədəki vəziyyətdən xəbərsizdirlər".
S. Lavrov isə deyib ki, Suriyadakı yaraqlılar, xüsusi ilə "İraq və Levanta İslam Dövləti" adlı təşkilatın üzvləri dinc əhalini kütləvi şəkildə öldürür: "Onlar hətta jurnalistləri, xəstəxanada olan insanları edam edir. Belə misallar çoxdur".
Rusiya XİN başçısı onu da bildirib ki, Rusiya Suriyadan kimyəvi silahın çıxarılması prosesinin çətinləşdirilməsi cəhdləri müşahidə edir. Bu üzdən də Moskva Dəməşqlə sılahların çıxarılması əməliyyatının tarixini razılaşdırmaq qərarına gəlib.
Hələb ətrafındakı duruma gəldikdə isə Suriya XİN rəhbəri bildirib ki, Dəməşq Hələbdəki təhlükəsizliyin təminatı ilə bağlı planı Moskvaya təqdim edib. "Bununla əlaqədar mən Lavrovdan müvafiq planın icrası ilə bağlı bütün lazımi işlərin görülməsini, bu bölgəgə bütün hərbi əməliyyatların dayandırılmasının dəqiq tarixini müəyyənləşdirməyi xahiş etmişəm", - deyə o vurğulayıb.
Lavrov həmçinin deyib ki, Suriyada silahlı müxalifətə üstünlük verənlər bu qüvvələrin ölkədə hansı rolunu oynadığı barədə düşünməlidir. Suriya müxalifətinin "Cenevrə-2" konfransındakı iştirakı ilə bağlı danışan S.Lavrov bildirib ki, Rusiyanı bu qüvvələrin konfransda iştirakı ilə bağlı siyasi oyunların olması narahat edir: "Bizdə olan məlumata görə, koalisiya hələlik dəvət almayıb. Üstəlik onlar iştirakla bağlı qərarı bu gün İstanbulda deyil, sabah verəcəklər. Biz həmişə vətənpərvər koalisiyanın konfransda iştirak etməsini alqışlayırdıq. Koalisiya və ona sponsorluq edənlər ölkənin maraqlarını şəxsi maraqlardan üstün tutmalıdır".
Suriya hökuməti müxalifətlə birlikdə terrorçulara qarşı mübarizə aparmağa hazırdır. Bunu isə Moskvada səfərdə olan Suriya xarici işlər naziri Valid Muallem deyib.
O həmçinin bildirib ki, Suriya hökuməti müxalifət qüvvələri ilə əsirlərin mübadiləsi məsələsini müzakirə etməyə hazırdır.
Suriyanın məhv edilməsi nəzərdə tutulan kimyəvi silah ehtiyatı ABŞ-a məxsus "Keyp Rey" gəmisinə İtaliyanın Coy Tauro limanında yüklənəcək. Bu barədə isə İtaliyanın infrastruktur və nəqliyyat naziri Mauritsio Lupi bildirib.
İtaliyanın rəsmi qurumları açıqlamalarında kimyəvi silahların yüklənmə prosesinin 48 saatdan çox vaxt aparmayacağını və konteynerlərin sahilə çıxarılmayacağını bildiriblər.
Coy Tauronun meri kimyəvi silahların şəhərin limanında yüklənməsinə artıq sərt etiraz bildirib. Onun sözlərinə görə, şəhər administrasiyası mərkəzi hakimiyyətin planlarından tam məlumatsız olub.
Kimyəvi silahların gəmiyə yüklənməsi yanvarın sonu-fevralın əvvəlinə planlaşdırılıb.
Bu arada məlum olub ki, Suriyanın şimalında və şərqində üsyançıların müxtəlif qruplaşmaları arasında gedən döyüşlərdə son 2 həftə ərzində 1000-dən çox insan ölüb. "BBC"-nin verdiyi xəbərə görə, Suriya insan haqları monitorinq mərkəzinin məlumatına əsasən, ölənlərdən azı 130-u dinc sakinlərdir.
Müxalifət fəallarının bildirdiyinə görə, son 2 həftə ərzində toqquşmalar əsasən "Əl Qaidə" ilə əlaqəli "İraq və Suriyada İslam Dövləti" qruplaşması və digər radikal dəstələrin üzvləri arasında baş verib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04