Yanukoviç "ağ bayraq" qaldırdı
12:24 22-02-2014
DÜNYA
Yanukoviç "ağ bayraq" qaldırdı
Ukraynada atəşkəs elan edildi, prezident növbədənkənar seçkiyə razılaşdı
Ukraynada hökumətlə müxalifət arasında böhranın həllinə dair saziş imzalanıb. Sazişin imzalanmasına dair razılıq Ukrayna prezidenti Viktor Yanukoviç, müxalifət liderləri, Avropa Birliyinin nümayəndələri (Almaniya, Fransa və Polşa XİN başçıları) və Rusiyanın təmsilçisi (Ombudsman) arasında keçirilmiş çoxtərəfli görüşdə əldə olunub.
Məlumatı Yanukoviçin mətbuat xidməti yayıb.
Ukrayna KİV-in verdiyi xəbərə görə, AB nümayəndələrinin Yanukoviç və müxalifət liderləri ilə apardığı danışıqlar bütün gecə boyu 8 saatdan çox çəkib.
Bundan əvvəl isə, dünən gecə saatlarında Ukrayna Ali Radası antiterror əməliyyatı adı altında etirazçılara qarşı həyata keçirilən hücumların dayandırılması haqda qərar qəbul edib. Qərara əsasən, xüsusi strukturlarının əməkdaşları Kiyevi təkr etməlidir. Qərarın lehinə 236 deputat səs verib. Həmçinin qeyd olunur ki, ölkədə fövqəladə vəziyyət yalnız Radanın razılığı ilə tətbiq oluna bilər. Qərara görə, Ali Rada "dinc vətəndaşlara qarşı gücdən istifadəni və insanlıq əleyhinə cinayətləri" qətiyyətlə mühakimə edir.
Sənədə əsasən Daxili İşlər Nazirliyi Kiyevdə və başqa yaşayış məntəqələrində nəqliyyatın hərəkətini məhdudlaşdırmağa son qoymalıdır. DİN həmçinin, əməkdaşlarını daimi dislokasiya yerlərinə qaytarmalıdır.
Müdafiə Nazirliyi silahlı qüvvələrdən ölkə daxilində "antiterror əməliyyatında" istifadə olunmasını qadağan etməlidir.
Yanukoviç növbədənkənar seçkilərə razılaşdı
Ukrayna prezidenti Viktror Yanukoviçlə danışıqların nəticəsində 2004-cü il Konstitusiyasına qayıtmaq, koalisiya hökumətinin formalaşdırılması və dekabr ayında növbədənkənar prezident seçkilərinin keçirilməsi razılaşdırılıb. Ukrayna KİV-ləri bildirir ki, bunu heç bir fraksiyada təmsil olunmayan deputat Oleq Lyaşko bəyan edib: "Mən səhərə kimi Yanukoviçlə aparılan danışıqların nə ilə nəticələndiyini öyrənmişəm. Danışıqlarda iştirak edən tərəflər 48 saat ərzində 2004-cü il Konstitusiyasının qaytarılmasını, 10 gün ərzində koalisiya hökumətinin yaradılmasını və dekabrda növbədənkənar prezident seçkilərinin keçirilməsinə razılaşıblar".
Yanukoviçin tərəfdarları Kiyevə buraxılmadı
Bu arada Kiyev küçələrində gərginlik qalmaqdadır. Müxalifət fəallarına hökumət qüvvələrinin snayper atəşlərinə tuş gələ biləcəkləri üçün Maydandan kəara çıxmamaq çağırışı olub.
Lvovdan Maydana dəstək vermək üçün 8 avtobus etirazçı gəlib.
Donetskdən Kiyevə gələn Yanukoviç tərəfdarları isə şəhərə daxil olmadan, elə gəldikləri qatarla da geri qaytarılıblar.
Ukraynada rəsmi ölü
sayı 80-ə yaxınlaşır
Ukrayna Səhiyyə Nazirliyinin dünən səhər saatlarına olan məlumatına əsasən Kiyevdəki toqquşmalarda 77 nəfər ölüb. Nazirlik hadisələr zamanı 577 nəfərin xəsarət aldığını, onlardan 369-nun xəstəxanalara yerləşdirildiyini bildirib.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, ölənlərin və yaralıların sayı daha çoxdur.
Kerri Ukrayna keçid
hökuməti yaradılmasını
təklif edir
Prezident Yanukoviç geniş dəstəyə malik olan müvəqqəti hökumətin formalaşdırılması məqsədilə müxalifət liderləri dərhal danışıqlara başlamalıdır. Bu barədə ABŞ dövlət katibi Con Kerrinin Ukrayna ilə bağlı bəyanatında deyilir.
C.Kerri hesab edir ki, keçid hökumətinin yaradılması konstitusiya və iqtisadi islahatlara başlamaq üçün yeganə çıxış yoludur.
ABŞ dövlət katibi həmçinin tərəfləri Kiyevdəki zorakılığa son qoymağa çağırıb. "Ukrayna xalqı və beynəlxalq ictimaiyyət baş verənlərə görə cavabdeh olanları məsuliyyətə cəlb edəcək", - deyə o vurğulayıb.
ABŞ Yanukoviçin
istefasını istəmədi
Yanukoviç istefaya getməməlidir. Bu açıqlama ilə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet çıxış edib.
O, məhz Yanukoviçin Ukraynanı gələcəyə aparmağa qadir olduğunu deyib. "Biz fikirləşirik ki, Yanukoviç istefaya getməməlidir. O, xalqının gələcəyini müəyyən etməlidir. Bu isə yeni hökumət, konstitusiya və siyasi sistemdən asılıdır. ABŞ Ukraynada Yanukoviçin istefaya getməsini istəmir".
Qeyd edək ki, səfirin sözlərinə baxmayaraq, ABŞ Ukrayna dövlət rəsmilərinə sanksiyalar tətbiq etməyə hazırlaşır. Rəsmi Vaşinqton indiyə qədər Yanukoviç hakimiyyətinə qarşı sərt çıxış edən əsas dövlətlərdən biri olub.
Ukrayna müxalifəti Yuliya Tomoşenkonun azadlığa buraxılmasını tələb edir
Bu arada Ukrayna müxalifəti sabiq baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılması ilə bağlı məsələnin Ali Radada müzakirəyə çıxarılmasını tələb edir. Bunu Ali Radada çıxışı zamanı müxalif "Batkivşina" fraksiyasının lideri Arseniy Yasenyuk bəyan edib.
"Biz tələb edirik ki, Yuliya Timoşenko azadlığa buraxılsın", - deyə o vurğulayıb.
Qeyd edək ki, müxalifət 2004-cü il konstitusiyasına qayıdışla yanaşı, ölkədəki böhrandan çıxmağa yardım edəcək digər məsələlərin müzakirəyə çıxarılmasını tələb edir.
Ukraynalı mer:
"Lider yoxdur"
"Beynəlxalq aləm Avropanın mərkəzində Suriya hadisələrinin təkrarlanmasına yol verməməlidir". Bu barədə Ukraynanın qərbində yerləşən Rava-Russkaya şəhərinin meri İrina Vereşuk deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, siyasətçilər sözün yaxşı mənasında bu vəziyyətə müdaxilə etməlidir: "Ukraynada vəziyyət çox pisdir. Dinc insanlara güllə atırlar. Fövqəladə vəziyyət elan edirlər. Bu, bizim üçün çox pisdir. Mən Avropa İttifaqı-Polşa ilə sərhəddə yerləşən şəhərin meriyəm. Onlar da çox narahatdırlar. Çünki hər yer yanır. İndi elə bir vəziyyətdir ki, bunun radikallar, milliyyətçilər, yoxsa hökumət qüvvələri tərəfindən edildiyi bilinmir".
Ukraynalı merin sözlərinə görə, insanlar sadəcə hüquqları və Avrointeqrasiya maraqları üçün küçələrə çıxıblar: "Bu gün səhər mənə zəng elədilər və hökumətin danışıqlara razı olduğunu bildirdilər. Ancaq indi belə bir məsələ var, artıq müxalifət Maydana və əlinə silah alan insanlara təsir edə bilmir. Yəni danışıqlara gedəcək tərəf yoxdur. Qan tökülməsinin qarşısını ala biləcək lider yoxdur".
İrina Vereşukun sözlərinə görə, insanlar elə bir vəziyyətə gətiriliblər ki, onlar yalın əllə polisə hücum edirlər. O, bütün bu hadisələrə beynəlxalq ictimaiyyətin müdaxiləsinin vacibliyini bildirib.
Ukrayna Baş
Qərargah rəisinin müavini də istefa verdi
Ukrayna Baş Qərargah rəisinin müavini Yuri Dumanski istefa verib, onun sözlərinə görə, o, ölkədə hərbçiləri münaqişəyə cəlb etməklə razı deyil. Bu barədə LB.ua saytı xəbər verir.
"Doğrudan da, mən təsdiq edirəm ki, raport yazdım. Bu gün hərbçilərin mülki münaqişəyə cəlb edilməsi baş verir, bu isə yolverilməzdir; bu həm hərbçilərin, həm də dinc vətəndaşların ölümünə gətirib çıxara bilər. Bu mənim həm vətəndaş, zabit, rəhbər kimi öz mövqeyimdir. Ona görə də mən istefa verdim", - Dumanski bəyan edib.
İstefa barədə raportun surəti informasiya agentliyinin saytında yerləşdirilib. Çərşənbə günü Baş Qərargah rəisinin vəzifəsini tərk edən Vladimir Zamana Ukrayna milli təhlükəsizlik və müdafiə Şurası katibinin müavini təyin olunub.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general Vladimr Zamana tutduğu vəzifədən çıxarılaraq başa işə keçirilməsinin səbəbini açıqlayıb. O, "5-ci kanal"a müsahibəsində deyib ki, baş qərargah rəisi vəzifəsindən mitinqçilərə qarşı ordudan istifadə cəhdinə etiraz etdiyi üçün çıxarılıb. "Mən orudan Ukrayna xalqına qarşı istifadə olunmasından imtina etdim. İstefam barədə raportu isə üç gün əvvəl yazmışdım", - deyə Zamana bildirib.
Saakaşvilinin partiyadaşı Kiyevdə öldürüldü
Kiyevdə baş verən toqquşmalar zamanı Gürcüstan vətəndaşı Dato Kipiani snayperlə vurularaq öldürülüb.
Snayperdən açılan iki atəş nəticəsində Kipiani ağır yaralanıb, xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Onun Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin rəhbəri olduğu Vahid Milli Hərəkatın üzvü olduğu bildirilir.
Bu barədə Mixail Saakaşvili özünün Fyesbuk səhifəsində də yazıb: "Dato Vahid Milli Hərəkatın üzvü olsa da, Kiyevdə siyasi və ya partiyanın maraqlarına görə deyildi".
Krım Rusiyaya birləşir
Krım Muxtar Vilayəti parlamentinin dünən saat 12-yə təcili növbədənkənar iclası çağırılıb. Bunu parlament üzvü Refat Cubarov deyib.
O, bu barədə parlamentin müvafiq şöbəsindən məlumat aldığını bildirib. Cubarov parlamentin belə təcili iclas çağırmasına həyəcanını və qorxusunu gizlətməyib: "Zəng edən protokol şöbəsindən nədən belə tələsik iclas çağırılması ilə bağlı verdiyim sual cavabsız qaldı. Sadəcə dedilər ki, parlament sədri Vladimir Konstantinov səhər saatlarında Moskvadan dönəcəyi və bir neçə saatdan sonra iclas keçiriləcəyi təlimatını verib. Odur ki, deputatları təcili çağırmamızın kökündə bu amil dayanır. Sonra mən həmkarım Leonid Pilunskiyə telefon zəngi açdım, o da belə tələskənliyə təəccübünü gizlətmədi. Biz birlikdə məsələnin mahiyyətini araşdırmağa başladıq. Dərhal parlament sədrinin müavini Qriqori Yoffeye zəng etdik. O isə məsələni təfsilatı ilə bizə anlatdı. Sualla bizə anlatdı ki, bəyəm bilmirikmi 6 nəfər krımlı Kiyevde dünyasını dəyişib. Yoffe bu olaylardan sonra Krımın Ukraynanın tərkibində qalmasının mümkünsüzlüyünü dedi. Ukraynadakı vəziyyət səsə qoyulacaq. Mən və dostum Leonid Pilunski buradan bütün dünyaya səslənirik. Həyacan təbili çalırıq. Parlamentin bu separat addımının qarşısını alsınlar. Əks halda onsuz da gərgin durumda olan vilayətdə hər şey fəlakətə çevriləcək".
Qeyd edək ki, bir müddət öncə Krıma "boz kardinal" ləqəbli Vladimir Surkov gizli səfər etmişdi. V.Putinin nümayəndəsi olan V.Surkov burada muxtariyyatın rəhbərliyi ilə gizli danışıqlar aparmışdı.
Kiyevdən bəd xəbər:
azərbaycanlı
Maydanda yoxa çıxıb
Ukraynanın paytaxtı Kiyev şəhərində baş verən hadisələr zamanı bir azərbaycanlı itkin düşüb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev bildirib ki, həmin şəxs əslən Bakının Hövsan qəsəbəsindən olan, 1987-ci il təvəllüdlü Ukrayna vətəndaşı Mustafayev Teymur Əli oğludur.
R. Tağıyev bildirib ki, Teymurun ailəsi Kiyevdə yaşasa da, özü Ukraynanın Volın vilayətinin Turçin şəhərində yaşayır: "Fevralın 19-da Turçindən Kiyevə anasının yanına gəlib və axşam saatlarında evdən çıxarkən anasına Maydana getdiyini, Kiyevə də elə bu məqsədlə gəldiyini bildirib. Həmin gecə səhərə qədər evə gəlməyib və fevralın 20-də səhər Maydanda baş verən atışma və partlayışlardan sonra onunla əlaqə kəsilib, mobil telefonu söndürülüb və yaxın dost-tanışından da heç kimin artıq onu görmədiyini bildirib".
R. Tağıyev T. Mustafayevin tapılması üçün Daxili İşlər Nazirliyinə, Ukrayna Təhlükəsizlik Xidmətinə, ərazi üzrə yerli milis bölmələrinə, o cümlədən müxalifətin Maydandakı qərargahına müraciət olunduğunu söyləyib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15
2024-12-25 15:09:11
2024-12-25 14:07:02
2024-12-25 14:03:00
2024-12-25 13:47:43