Yeni nazirlər necə işləyir?
12:33 22-02-2014
DÜNYA
Yeni nazirlər necə işləyir?
Deputatlar onların fəaliyyətinə qiymət verdi
Prezidentin nazir dəyişikliyindən artıq xeyli müddət keçib. Bir neçə aydan çoxdur ki, eks-müdafiə naziri Səfər Əbiyevin kreslosunda Zakir Həsənov, sabiq təhsil naziri Misir Mərdanovun postunda Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun səltənətində isə Səlim Müslümov əyləşib. Bildiyimiz kimi, ölkə başçısının sərəncamı ilə hazırda baş nazirin müavini olan İsmət Abbasovu kənd təsərrüfatı naziri vəzifəsində Hesablama Palatasının keçmiş rəhbəri Heydər Əsədov əvəz edib.
Yeni nazirlər vəzifə tutduqları ilk günlərdən başlayaraq, təmsil etdikləri qurumlarda bir sıra kadr dəyişiklikləri həyata keçiriblər. Bu dəyişiklikləri cəmiyyətdə qəbul edənlər olsa da, bu addımı birmənalı qarşılanmayanlar da olub. Yeni nazirlərin gördüyü işlər mətbuatla yanaşı ictimaiyyətin də diqqət mərkəzindədir.
Ümumilikdə yeni nazirlərimiz necə işləyir? azvision.az bu sualla millət vəkillərinə müraciət edib. Parlamentarilər yeni nazirlərin fəaliyyətinə qiymət veriblər.
"Onun fəaliyyəti
erməniləri
narahat edir"
Millət vəkili Zahid Oruc müdafiə naziri Zakir Həsənovun işinə qiymət verib. Deputat bildirib ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra fəal şəkildə Ali Baş komandan tərəfindən üzərinə qoyulan vəzifələri həyata keçirməyə başlayıb: "Düşünürəm ki, bütün bunlar millətimizin gözləntiləri səviyyəsindədir. İlk növbədə, kadrların düzgün yerləşdirilməsi, onların fəaliyyətinin koordinasiya olunması, şəffaflıq və bütövlükdə silahlı qüvvələr sistemində hüquqi münasibətlərin bərqərar edilməsi ən önəmli məsələlərdən biri idi. Düşünürəm ki, o, bunu həyata keçirməkdədir və bu, sadəcə ayrı-ayrı insanların yerlərinin dəyişdirilməsi və yaxud hər hansı bir səbəbdən bu idarəetmə sistemindən kənarda qalanların təkrar işə bərpa olunmasını nəzərdə tutmur. Eyni zamanda, onların qarşısına qoyulan tapşırıqlar, yerinə yetirilməsi olan, yəni çatılması istənilən hədəflər tamamilə fərqlidir. Və onlar yaxın bir zamanda mühüm nəticələrini göstərəcəklər".
Deputatın fikrincə, yeni nazirin fəaliyyətindən Ermənistan tərəfi və Azərbaycanda maraqlı olan digər dairələr narahatdır: "Onlar hiss etməkdədirlər ki, silahlı qüvvələr sistemindəki baş verən dəyişişikliklər həqiqi mənada Azərbaycan maraqlarına xidmət edir. Ölkənin müdafiə qabiliyyətini gücləndirir. Məsələnin başqa bir tərəfi burada xarici əlaqələrin yaxşı qurulması, mühüm standartların, hərbi islahatların həyata keçirilməsi məsələləridir. Bu müəyyən bir zaman tələb edir. Zənn edirəm ki, Zakir Həsənov qərb hərbi sistemlərini kifayət qədər yaxşı bilir. Zakir Həsənov sübut etdi ki, o kabinetden sadəcə ölkənin hərbi dislokasiyalarını, hissələrini xəritə üzərində görmür. Əminəm ki, ilk növbədə orduda qeyri-döyüş itkilərinin aradan qaldırılması, əsgərlərə maddi nöqtə kimi baxılmamaması onların idarəçiliyinin daha yaxşı qurulması bundan sonrakı dövrdə sürətlə gedəcək.
Zakir Həsənov onu qəbul edir ki, o, işğal olunmuş bir ölkənin naziridir. Birinci növbədə, bizim hərbi strukturlarımızın üzərinə düşən məsuliyyətdir ki, torpaqlarımızın bütövlüyünə nail olsunlar. Bu cəhətdən onun işini hazırkı dönəmdə daha böyük miqyasda öhdəlikləri öz üzərinə götürən, fiziki cəhdən intellektual hərbi karyera baxımından qane olacaqlarına inanaraq söyləyirəm. Və onlara bu yolda uğurlar arzu edirəm, çünki onların işindən millətin gələcəyi asılıdır".
Z.Oruc açıqlamasında Zakir Həsənovu eks-nazir Səfər Əbiyevlə müqayisə etmək niyyətində olmadığını deyib: "Səfər Əbiyevlə onu heç bir formada müqayisə etmək istəməzdim. Çünki Zakir Həsənov tamam başqa parametrləri daşıyan şəxsdir. Hesab edirəm ki, ölkə rəhbərinin belə bir mühüm vəziyyətdə ona etibar etməsi, çox mühüm bir dövrdə bu vəzifəyə təyin olunması ona əsas verir ki, bütün qoşun növlərinə xüsusilə, hərbi hava qüvvələri sistemlərinə eyni zamanda, bölgələrdə müasir mənbələrin formalaşmasına həmçinin NATO elementlərinin Azərbaycan ordusunda oturuşdurulmasına qadir olan bir insandır. Düşünürəm ki,onun mütəmadi bir proqramla bütün sahələrə baş çəkməsi əksinə, daha real şəkildə ölkəni bütün ərazilərini əhatə edərək, ölkənin birinci şəxsi qarşısında bütün hərbi kəşfiyyat və digər məlumatları mötəbərliklə təqdim etməsi sübut edir ki, o, bu işin peşəkarıdır".
"Mikayıl Cabbarovdan gözləntilərimiz
çoxdur"
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətini qiymətləndirərkən ondan böyük yeniliklər gözlədiyini bildirib: "Mikayıl müəllimin fəaliyyətini yüksək qiymətləndirirəm və ondan gözləntilərim çoxdur"
YAP-çı millət vəkili Aydın Mirzəzadə təhsil naziri Mikayıl Cabbarovla bağlı fikirlərində həmkarı ilə eyni mövqedədir: "Mikayıl Cabbarov nazir təyininə qədər Azərbaycan cəmiyyətində tanınırdı. Və onun təhsil naziri təyin edilməsi bu sahəyə gənc, müasir fikirli və menecerlik qabiliyyəti olan bir şəxsin gəlməsi təəssüratı oyatdı. Çox şadam ki, ona yönəlik fikirlər özünü doğrultdu. Bu müddət ərzində Mikayıl müəllim təhsildə bir sıra yeniliklərin və islahatların əsasını qoydu. Bu islahatlar Azərbaycanda təhsilin keyfiyyətini yüksəltməyə , orada Avropa təhsil modelinin tətbiqinə ən əsası da tələbələrin öz ixtisasını daha dərindən öyrənməsi üçün şərait yaradılmasına xidmət edir. Hesab edirəm ki, Mikayıl Cabbarov müasir düşüncəli,qarşısına qoyulan vəzifənin məsuliyyətini və perspektivini görən və bu istiqamətdə öz komandası ilə fəaliyyət göstərən uğurlu bir kadrdır. Onun cəmiyyətlə münasibətləri də kifayət qədər açıqdır. Onun təhsillə bağlı istənilən məsələyə operativ reaksiyası diqqəti cəlb edir. Bu səbəbdən də bu gün ilk növbədə, təhsilin keyfiyyətinin qaldırılması ilə bağlı addımların atılması vacibdir".
Deputat hesab edir ki, nazir Mikayıl Cabbarov vəzifəsinin öhdəsindən gələ bilər: "O, təhsilin yeni proqramlarının işlənməsi ilə bağlı dəfələrlə cəmiyyətə mesajlar verib və bunlar müsbət qarşılanıb. Hesab edirəm ki, yeni təhsil naziri Azərbaycanda təhsilin keyfiyyətinin artırılmasına, təhsilə olan inamın möhkəmlənməsində Azərbaycan təhsilinin Avropa təhsili standartlarına cavab vermək istiqamətində yüksək nəticələrə nail olacaq. Hər halda dediyim məsələlər üzrə Mikayıl müəllimin ciddi işləməsi hiss olunur və o, Azərbaycan universitetlərinin Avropa universitetlərinə yaxınlaşmasına, Azərbaycan təhsilinin dünya üçün maraqlı olmasında sabah üçün hazırlıqlı kadrların yetişməsində nazirlik qarşısında qoyulan vəzifələrə nail ola biləcək".
"Səlim Müslümov istəyir ki, təmiz işləsin"
Eks nazir Füzuli Ələkbərovun xələfi Səlim Müslümovun işinə millət vəkili Elmira Axundova qiymət verib: "Onun işini çox yüksək qiymətləndirirəm. Təmiz və professional bir insandır. Çox böyük təmizlik işləri gedir orda. Heç kim deyə bilməz ki, bundan sonra onun idarəsində yeyinti, korrupsiya halları olacaq. O bunların hamısını yoluna qoyacaq. Mən buna inanıram. Səlim müəllimi DSMF fondunun rəhbəri kimi uzun illərdir ki, tanıyıram. 8 il əməkdaşlıq etmişik. Görürəm ki, o necə professional bir şəxsdir. Profesionallıqdan başqa bu insan dogurdan istəyir ki, təmiz işləsin. Təmiz işləmək və korrupsiya ilə mübarizə onun canındadır. O, mənim dostumdur və cox layiqli insandır".
"24 ildir ki, Heydər
Əsədovu tanıyıram"
Millət vəkili Vahid Əhmədov yeni kənd təsərrüfatı naziri Heydər Əsədovun fəaliyyətinə yüksək qiymət verib. Deputat Heydər Əsədovu uzun müddətdir tanıdığını bildirib: "Uzun müddətdir ki, Heydər Əsədovu tanıyıram. Azərbaycan hökumətində baş nazirin birinci müavini işləyən zaman o, maliyyə nazirliyində işləyirdi. Əlaqələrimiz də o vaxtdan yaranıb. Millət vəkili olan zaman 10 il Hesablama Palatasının sədri olub. Çox yaxşı maliyyəçidir, təsərrüfatı yaxşı bilir. Mənə elə gəlir ki, Kənd Təsərrüfatı Nazirliyində də onun addımları uğurlu olacaq. Heydər müəllimin səfərlərini izləyirəm. İsrailə gedib ondan əvvəl də Avropa Birliyi ilə görüşüb. Müəyyən qərarlar qəbul ediblər Ondan irəliləyişlər gözləyirəm. 24 ildir ki, onu tanıyıram".
V.Əhmədov açıqlamasında yeni nazirdən gözləntilərini də bildirib: "Çox istəyirəm ki, ərzaq təhlükəsizliyi ilə əlaqədar dövlət proqramının yerinə yetirilməsinə nail olsun. Xüsuilə taxıl istehsalını Azərbaycanda artırsın, iri fermer təsərrüfatlarının yaradılmasına nail olsun. Avropa dövlətləri ilə sıx əlaqədə olsun ki, problem yaranmasın. Azərbaycanda geni dəyişdirilmiş məhsulların istehsalına imkan verilməsin. Daha çox təbii ərzaq məhsullarının istehsalına nail olsun. Həm də çox istərdim ki, rayonlarda, yerlərdə, kənd təsərüffatı ilə məşğul olan müəyyən şöbələr yaradılsın. İcra başçılarının müavinləri kənd təsəürfati ilə məşğul olsun. Struktur dəyişikliklərinə də baxmaq lazımdır".
Nihadə Eyyubova
Digər Xəbərlər
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05