Yanukoviçin köməkçisi güllələndi
11:21 27-02-2014
DÜNYA
Yanukoviçin köməkçisi güllələndi
Ukraynanın üç sabiq prezidenti Rusiyaya qarşı birləşdi
Ukraynanın keçmiş prezidenti Yanukoviçin köməkçisi silahlı hücuma məruz qalıb. Andrey Kluyev ayağından vurulub.
Kluyevin mətbuat katibi Artem Petrenko açıqlamasında 23-24 fevral tarixlərində zərərçəkənin evinə 2 hücum təşkil edildiyi və hücumda 20-dən çox adamın iştirak etdiyini dilə gətirib. Kluyevin də bu hücumda ayağından yaralandığını deyib.
Silahlı hücum nəticəsində ayağından yaralanan Kluyev xəstəxanaya çatdırılıb.
Yanukoviçin ən sadiq adamlarından biri olaraq tanınan Kluyevin fevralın 23-ü bazar günü onunla Krımda görüşdüyü və ona vəzifəsindən istefa verməsi ilə bağlı ərizəni təqdim etdiyi bildirilir.
Krım parlamentinin
üzərində Rusiya
bayrağı qaldırıldı
Ukraynanın yeni hakimiyyətinə qarşı mitinq keçirən Krım sakinləri isə Krım Ali Sovetinin üzərində Rusiya Federasiyasının bayrağını qaldırıblar. Bu barədə jurnalist Oleq Kryuçkov öz "Facebook" səhifəsində bildirib və fotosunu yayıb. Rusiya bayrağı "Krım Muxtar Respublikasının Yuxarı Radası" sözlərinin üzərinə taxılıb.
Dünən Krımda 500-ə yaxın sakin Krım Muxtar Respublikasının Yuxarı Radasının binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar Ukrayna mərkəzi hakimiyyətindən müstəqilliyi təmin edən qərar qəbul etməyi tələb edirlər.
İnsanların qarşısına Yuxarı Radanın sədri Vladimir Konstantinov çıxıb və bildirib ki, o, Krımı tərk etmək niyyətində deyil: "Bu gün Kiyev bizim problemləri həll etmək istəmir. Biz birləşməliyik və qərarlı olmalıyıq. Muxtariyyətin və krımlıların qüvvəsi yetərincədir. Krımda neonasizm keçməz. Biz Krımı satmayacağıq".
Ukraynanın sabiq
prezidentləri Rusiyanı
Ukraynanın daxili
işlərinə qarışmaqda
ittiham etdilər
Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko bəyanatla çıxış ediblər. "RBK Ukraina" xəbər saytının verdiyi məlumata görə, keçmiş prezidentlər Rusiya Federasiyasını Ukraynanın daxili işlərinə qarışmaqda ittiham ediblər.
Bəyanatda deyilir ki, Ukraynadakı qarşıdurmanı siyasi yolla həll etmək istəyən beynəlxalq tərəfdaşları Ukraynanın daxili işlərinə müdaxilədə ittiham edən Rusiya indi özü Krımın siyasi həyatına birbaşa müdaxiləyə əl atıb: "Rusiya Dövlət Dumasının təmsilçilərinin Kırımın Rusiyaya birləşdirilməsi haqqında referendum keçirilməsi və ya Krım Muxtar Respublikası Ali Soveti tərəfindən müvafiq müraciətin edilməsi ideyasını səsləndirmələri Ukraynanın Konstitusiya quruluşunun dağıdılması və ərazi bütövlüyünün pozulmasına çağırış kimi pislənilməlidir".
Sabiq dövlət başçıları Ukraynanın federallaşması ssenarisinin təhlükəli olduğunu vurğulayıblar: "Bu, siyasi böhranın dərinləşməsinə, Krımda siyasi düşmənçiliyin qızışdırılmasına və yeni Ukrayna hakimiyyətinin diskreditasiyasına səbəb ola bilər".
Kravçuk, Kuçma və Yuşşenko Ukrayna Təhlükəsizlik Xidmətini və Baş Prokurorluğu istənilən separatçı bəyanata sərt reaksiya verməyə çağırıblar: "Kırımın rusdilli əhalisinin hüquqlarının pozulması ilə bağlı spekulyasiyalara, Ukraynanın regionlarının tarixi-mədəni müxtəlifliyini əsas götürərək onlar arasında düşmənçiliyin qızışdırılmasına, Ukrayna dilinin alçaldılmasına və dövlət rəmzlərinə açıq hörmətsizliyə lazımi qiymət verilməlidir".
Rəsmi Kiyev Rusiya
Xarici İşlər Nazirliyinin bəyanatına cavab verdi
Ukrayna Xarici İşlər Nazirliyi ölkədədaxili vəziyyətlə bağlı bəyanat yayıb. Ukrayna xarici siyasət idarəsinin bəyanatında qeyd olunub ki, hazırda ölkənin böhrandan çıxarılması üçün bütün lazımi addımlar atılır. "Ali Rada tərəfindən qəbul olunmuş qərarların legitimliyini artıq Ukraynanın əksər beynəlxalq tərəfdaşları tanıyıb. Kiyevdə və ölkənin digər şəhərlərdə ictimai əsayiş bərpa olunub", - deyə sənəddə vurğulanıb.
Rəsmi Kiyev həmçinin Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib. Ukrayna xarici siyasət idarəsi qeyd edib ki, Ukraynada milli azlıqlar və dini konfessiyaların nümayəndələrinin hüquqlarının təhlükədə olduğuna dair iddialar əsassızdır. "Hazırkı mərhələdə rəsmi Kiyev ölkənin iqtisadi sabitliyinə, habelə ərazi bütövlüyünə mümkün təhlükələrin dəf edilməsinə yönəlik səylərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsində maraqlıdır. Bu baxımdan Kiyevdə Rusiya XİN rəhbərinin Ukraynanın ümumavropa ailəsinin tərkib hissəsi kimi inkişafı üçün lazımi şəraitin yaradılmasının vacibliyi haqda bəyanatına xüsusi önəm verilir", - deyə bəyanatda vurğulanıb
Kerri: "Qərarı Ukrayna xalqı verir"
Bu arada Amerika Birləşmiş Ştatları (ABŞ) və Böyük Britaniya Ukraynanın gələcəyinə dair qərarları başqa ölkələrin deyil, ukraynalıların verdiyini hesab edir. Bunu Vaşinqtonda görüşən ABŞ-ın dövlət katibi Con Kerri ilə Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bildirib.
Con Kerri Ukraynada baş verən siyasi böhranın simvolik soyuq müharibə və ya Qərb-Şərq qarşıdurması olmasına dair iddiaların həqiqətə uyğun olmadığını deyib. "Bu bir oyun deyil, Qərb Şərqə qarşı deyil, belə də olmamalıdır. Bu, nə Rusiya, nə Birləşmiş Ştatlar, nə də onların maraqlarıdır, bu, Ukrayna xalqının seçimləridir. Ukraynalılar da öz gələcəklərinə dair seçimlərini edirlər. Biz bu gündən etibarən hər kəs üçün bunun sülh şəraitində olmasını təmin etmək məqsədilə Rusiya və digər ölkələrlə əməkdaşlıq etmək istəyirik. Çünki Maydanda baş verən zorakılıqlar, təbii ki, dünyada hər kəsi şoka saldı" - deyə, Con Kerri bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq də Con Kerrinin mövqeyini bölüşdüyünü deyib və ukraynalıları keçid hökuməti yaratmağa çağırıb. "Düşünürəm ki, bu günkü müzakirələrdən eyni mövqeyi bölüşdüyümüz aydındır - azad insanların, azad demokratik Ukraynanın əhalisinin öz qərarlarını vermək hüququ var. Biz onları öz ölkələrini formalaşdırmaq, korrupsiyanın olduğu siyasi mədəniyyəti dəyişmək üçün yeni siy asi konsensusun əldə edilməsi məqsədilə keçid hökumətini formalaşdırmağa, planlaşdırıldığı kimi mayda azad, hər kəs üçün ədalətli olan seçkilər keçirməyə çağırırıq".
Ukrayna müxalifəti srağagün Ali Radanın binası üzərindən Sovet İttifaqının ulduzunun çıxarılmasını Avropa Birliyi ilə Rusiya arasında soyuq müharibəyə çevrilmiş etirazların rəmzi hesab edir.
Ukraynanın yeni
prezidenti kim
olacaq? - TƏHLİL
Ukraynada hazırda vəziyyət stabil olaraq davam edir. Geridə qalan qanlı aksiyalardan sonra Viktor Yanukoviçi taxtından endirən etirazçı kütlə missiyasını başa vurmuş görünsə də xalqı düşündürən növbəti sual Ukraynanın növbəti prezidentinin kimliyidir.
Hazırda Ukrayna müxalifətin rəhbərlik etdiyi Ali Rada tərəfindən idarə olunur. Belə ki, mayın 25-də keçirilməsi qərarlaşdırılan növbədənkənar prezident seçkiləri Ukrayna xalqı üçün yeni sınaq olacaq. Yeni prezidentin kimliyini indidən demək müəmmalıdır.
Heç şübhəsiz ki, seçkilərdə əsas mübarizə elə müxalifət daxilində baş tutacaq.
İlkin siyasi mənzərə onu deməyə əsas verir ki, Ukraynanın yeni tax-tacının rəhbəri "Batkovşina" partiyasının sədri Arseni Yasenyuk, "Udar" partiyasının sədri Vitali Kliçko və həbsdən yenicə çıxan keçmiş baş nazir Yuliya Timoşenko üçlüyündən biri olacaq.
Ekspertər hesab edirlər ki, adları çəkilən şəxslər arasında prezidentliyə ən potensial namizəd Arseni Yasenyukdur. Onun Qərblə sıx əlaqələri Yasenyuka prezidentliyə gedən yolda "yaşıl işıq" yandıra bilər. O, ölkənin ali kürüsüsünə daha iddialı təsir bağışlayır.
Vitali Kliçkonun siyasi səriştəsizliyi onun Yasenyukdan bir addım geridə durmasına gətirib çıxara bilər. Söz yox ki, Maydan olaylarında Kliçko sonadək mübarizlik nümayiş etdirərək xalqın yanında oldu. Hakimiyyətlə qanlı "döyüşlərdə" sonadək mübarizə apardı. Bu şücaəti ilə Kliçko istər Qərb dövlətləri tərəfindən, istərsə də xalq arasında müsbət imic qazanmış oldu.
Həbsdən çıxar-çıxmaz prezidentliyə namizədliyini verəcəyini bəyan edən keçmiş baş nazir Yuliya Timoşenkonun seçkilərdə qalib gəlməsi sual altındadır. Ən azından Yanukoviç iqtidarını devirməyi bacaran Kliçko və Yasenyukun Timoşenkoya prezidentlik kürsüsünü rahatlıqda verməsi inandırıcı görünmür. Bu baxımdan Timoşenkonun prezident seçiləcəyi böyül sual altındadır.
Bundan əlavə bəzi analitiklər hesab edirlər ki, Ukraynada növbəti qarşıdurma seçki ərəfəsində müxalifət daxilində baş verəcək. Yəni, şəxsi ambisilar müxalifətin həmrəylini poza bilər.
Hadisələrin necə inkişaf edəcəyi və bunun Ukraynaya hansı təsirlər göstərəcəyi barədə suallarımızı politoloq Elman Nəsirov cavablandırıb. O, Ukrayna hadisələrini şərh edib və öz proqnozlarını diqqətə çatdırıb: "İstənilən halda Ukrayna 2004-cü il Konstitusiyasına qayıtdı. Ukrayna parlamentli prezidentli respublika olacaq. Yəni faktiki olaraq ölkənin prezidenti, müdafiə naziri, xarici işlər naziri və milli təhlükəsizlik naziri təqdimatını edəcək. Onları parlament təsdiqləməlidir. Baş nazirin də təqdimatı olacaq və onu da parlament təsdiqləyəcək. Baş nazir isə hökuməti fprmalaşdıracaq. Bu da o deməkdir ki, ölkədə baş nazirin çox geniş səlahiyyətləri, prezidentin isə məhdud səlhiyyətləri olacaq. Parlamentli-prezidentli respublika quruluşu formalaşacaq. Təbii ki, indi əsas məsələ ölkədə hakimiyyətin, hakimiyyət strukturlarının qurulması məsələsidir və bu istiqamətdə də işlər gedir. Qərbin Ukraynaya köməklik göstərəcəyi barədə də informasiyalar yayılıb".
Politoloq deyir ki, hazırda gündəmdə olan əsas məsələlərdən biri də Rusiyanın təzyiqidir: "Burada Rusiyanın təzyiqləri ilə bağlı məsələlər də gündəmdədir. Ən mühüm təhlükə Yanukoviçin özünün doğulduğu Donetsk, ümumiyyətlə ölkənin şərq hissəsi ilə bağlı məsələlərdir. Separatçı qüvvələr də çalışır ki, bu vəziyyətdən istifadə edib Ukraynada separatizmi artırsınlar və legitim hakimiyyətin qurulmasına mane olsunlar. Belə vəziyyətdə yeni hakimiyyətin formalaşması labüddür və bu hakimiyyət heç şübhəsiz ki, öz sələflərinin buraxdığı səhvləri təkrarlamamalıdır".
Siyasi ekspert vurğulayıb ki, yeni qurulan hakimiyyətin güclü olmağı labüddür, əks halda o da Yanukoviçin taleyini yaşaya bilər: "Ukrayna xalqı sanki inqilab etməyə artıq vərdiş edib. Ən pis hakimiyyət zəif hakimiyyətdir. Ona görə də hesab edirəm ki, Ukraynada formalaşmış hakimiyyət güclü və xalqın yanında olan hakimiyyət olmalıdır. Belə olan vəziyyətdə Ukraynada hadisələrin ağ ssenari üzrə inkişafı mümkündür. Əks halda isə hadisələr yenə də mürəkkəbləşə bilər. Onsuz da hər kəsə bəllidir ki, inqilabdan sonrakı sindrom deyilən bir məsələ var, çalışmaq lazımdır ki, həmin sindromun qarşısı alınsın".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 21:03:45
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15