Ukrayna hökumətindən şok bəyanat: Rusiya Krımı işğal edib!
13:15 01-03-2014
DÜNYA
Ukrayna hökumətindən şok bəyanat: Rusiya Krımı işğal edib!
Obama ilə Putin arasında telefon danışığında nələr müzakirə olundu?
Ukraynada Yeni Hökumətin tərkibi açıqlanıb. Bu barədə xarici KİV xəbər verib.
Belə ki, Ukrayna Ali Radası 331 səslə Arseni Yasenyukun rəhbərlik etdiyi yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Yeni hökumətin tərkibi aşağıdakı kimidir:
Baş nazirin 1-ci müavini - Vitali Yarema
Baş nazirin avrointeqrasiya üzrə müavini - Boris Tarasyuk
Baş nazirin regional siyasət üzrə müavini - Vladimir Qroysman
Baş nazirin müavini - Aleksandr Siç
Daxili işlər naziri - Arsen Avakov
Xarici işlər naziri - Andrey Deşitsa
Müdafiə naziri - admiral İqor Tenyux
Ədliyyə naziri - Pavel Petrenko
Maliyyə naziri - Aleksandr Şlapak
İqtisadiyyat naziri - Pavel Şeremeta
Təhsil naziri - Sergey Kvit
Sosial siyasət naziri - Lüdmila Denisova
Ekologiya naziri - Andrey Moxnik
Mədəniyyət naziri Yevgeni Nişşuk
Aqrar siyasət naziri - İqor Şvayka
Səhiyyə naziri - Oleq Musiy
Yanacaq və energetika naziri - Yuri Prodan
Gənclər və idman naziri - Dmitri Bulatov
İnfrastruktur naziri - Maksim Burbak
Kabinet naziri - Ostap Semerak
Bu arada isə Ukraynanın Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının Krıma silahlı müdaxilə etdiyini açıqlayıb.
"RBK Ukraina" saytının verdiyi məlumata görə, nazir Arsen Avakov özünün "Facebook" səhifəsində Sevastopol şəhərindəki "Belbek" beynəlxalq hava limanının Rusiyanın Qara dəniz donanmasının hərbçiləri tərəfindən mühasirəyə alındığını bildirib: "İçəridə Ukrayna hərbçiləri və sərhədçiləri var. Bayırda isə üzərində tanınma nişanı olmayan kamuflyaj geymiş, lakin öz mənsubiyyətlərini gizlətməyən silahlı şəxslər dayanıb. Baş verənləri silahlı müdaxilə və işğal kimi qiymətləndirirəm. Bu, bütün beynəlxalq müqavilələrin, normaların pozulmasıdır və suveren dövlətin ərazisində qan tökülməsi məqsədilə törədilən təxribatdır".
Nazir hələlik silahlı toqquşmanın olmadığını, hava limanının fəaliyyət göstərmədiyini söyləyib. A. Avakov baş verənlərin artıq DİN-in səlahiyyət çərçivəsini aşdığını və məsələ ilə bağlı Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının qərar verməli olduğunu bəyan edib.
Krımda sərhəd dəstəsi
naməlum şəxslər
tərəfindən
mühasirəyə alındı
Ukraynada Dövlət Sərhəd Xidmətinin dəniz mühafizəsi dəstəsi naməlum şəxslər tərəfindən mühasirəyə alınıb.
"İnterfaks-Ukrayna"nın verdiyi məlumata görə, hadisə Krımda, Balalakva qəsəbəsində baş verib.
Naməlum şəxslər Balalakvaya ərazini mühafizə etmək məqsədi ilə gəldiklərini deyib.
Ukrayna Krımda yaranmış vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edəcək
Ukrayna dövləti Krımda yaranmış durumun araşdırılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməyə hazırlaşır. Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov bildirib ki, Ukrayna BMT TŞ-dən Krımdakı situasiyanın monitorinqini aparmağı və ölkənin suverenliyinin pozulması halında tədbirlər görməyi xahiş edəcək.
Ali Rada 1994-cü ildə imzalanmış Budapeşt Memorandumuna əsasən Ukraynanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatçısı olan dövlətlərə (ABŞ, Britaniya, Rusiya) rəsmi müraciət ünvanlayıb. Müraciətdə Krım Muxtar Respublikasında son günlər baş verənlərdən, o cümlədən hərbi müdaxilədən narahatlıq ifadə olunur və bunun Memorandumun pozulması olduğu bildirilir. Parlamentarlar silahlı şəxslər tərəfindən Krımda dövlət binalarının və hava limanının ələ keçirilməsindən, eləcə də Rusiya ordusuna məxsus hərbi texnikanın Ukrayna tərəfi ilə razılaşdırılmadan hərəkətindən dərin narahatlıq keçirdiklərini ifadə ediblər: "Bununla əlaqədar Ali Rada Rusiyadan Ukraynanın ərazi bütövlüyünə qəsd əlamətləri daşıyan hərəkətlərə və separatizmə verdiyi dəstəyə son qoymağı tələb edir".
Ukrayna prezidenti
səlahiyyətlərinin icraçısı
hələlik Krıma getməyi planlaşdırmır
Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov yaxın zamanda Krım Muxtar Respublikasına səfər etməyi planlaşdırmır.
Bunu Ukraynanın NATO yanındakı nümayəndəliyində bildiriblər. Bundan əvvəl Ukraynanın NATO yanında səfiri İqor Dolqov Aleksandr Turçinovun Krıma səfər edəcəyini bildirmişdi.
Xatırladaq ki, fevralın 27-nə keçən gecə 100-ə yaxın naməlum silahlı şəxs Simferopolda Krım parlamentinin və Nazirlər Kabinetinin binalarını zəbt edib.
Krımda fövqəladə vəziyyət elan olunması tələb edildi
Ukrayna Ali Radasının deputatı, Krım-Tatar Məclisinin keçmiş sədri Mustafa Cəmilov yarımadada yaranan münaqişəli situasiyaya görə Krımda fövqəladə vəziyyət rejiminin elan olunması təklifi ilə çıxış edib.
Bu haqda o özü məlumat verib: "Fövqəladə vəziyyət elan etmək lazımdır, Krımdakı bütün silahlı qüvvələr həyəcan siqnalı verməlidir".
Cəmilovun fikrincə, hava limanını zəbt etməyə və Rusiya bayraqları ilə adamların küçələrdə növbə çəkməsinə yol vermək olmaz. Deputat Krımda yaranan situasiyanı dövlət çevrilişinə cəhd kimi qiymətləndirib. O, ciddi qərarlar qəbul olunmasına israr edir.
Qeyd edək ki, fevralın 26-da naməlum şəxslər Krım parlamentinin və hökumətin binasını zəbt ediblər. Fevralın 27-də isə saat 23 radələrində Belbek hava limanına onlarla yük və hərbi maçınla gələn rusiyalı hərbçilər buranı ələ keçiriblər.
Krıma humanitar yardım layihəsi reallaşa bilər
RF Prezidentinin sərəncamına uyğun olaraq, yaxın günlərdə Krıma humanitar yardım göstərilməsi üzrə iri layihənin reallaşdırılmasına başlamaq olar. Bunu cümə günü RF Dövlət Dumasının MDB məsələləri və həmvətənlərlə əlaqə Komitəsinin rəhbəri Leonid Slutski bəyan edib.
Xəbəri Rusiya KİV-i yayıb.
Srağagün Prezident Vladimir Putin hökumətə müxtariyyət rəhbərliyinin müraciətinə uyğun olaraq Krıma humanitar yardım göstərilməsi məsələsi üzərində işləməyi tapşırıb.
Slutski cümə günü keçirilən plenar iclasda çıxışı zamanı deyib: "Biz qardaş Ukrayna xalqı ilə daim bir yerə olmuşuq, bir yerdəyik və bir yerdə olacağıq. Bu tezisin əsasında Prezidentin ilk növbədə Ukraynanın cənub-şərqinə və Krıma humanitar yardım göstərilməsi haqqında qərarı durur. Bu iri humanitar layihədə Dövlət Dumasının bütün fraksiyaları iştirak edə bilərlər. Hesab edirəm ki, bu, yaxın günlərdə reallaşdırılmasına başlana biləcək humanitar layihədir".
Obama və Putin arasında Krım müzakirələri
ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. "Komsomolskaya pravda"nın xəbərinə görə, prezidentlər Krım məsələsini müzakirə ediblər.
ABŞ prezidenti ilə müzakirədə Vladimir Putin Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirib. Bunu ABŞ-ın dövlət katibi Con Kerri "MSNBC"yə müsahibəsində qeyd edib:
"Rusiya prezidenti Putin Ukraynanın ərazi bütövlüyünü tanıdığını qeyd edib. Bu özü çox ciddi məsələdir".
Kerri eyni zamanda bildirib ki, ABŞ və Rusiya Ukraynanı böhrandan qurtarmaqda əməkdaşlıq edə bilər.
Yanukoviç qırıcı
təyyarələrin müşayiəti
ilə Rostov-Dona gəldi
Göyərtəsində Viktor Yanukoviçin olduğu təyyarə srağagün axşam saatlarında qırıcı təyyarələrin müşayiəti ilə Rostov-Donda eniş edib.
"Gazeta.ru"nun verdiyi xəbərə görə, bu barədə "DonİnformBüro"nun yerli agentliyi məlumat yayıb. Mənbənin məlumatına görə, təyyarə yerli vaxtla saat 22.00-da hərbi aerodromda eniş edib.
Məlumatda qeyd olunur ki, Viktor Yanukoviç Rostovda yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulmuş hökumət iqamətgahında yox, özəl mülklərin birində yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl verilən məlumata görə, Viktor Yanukoviç dünən Rostov-Donda mətbuat konfransı keçirməli idi.
ABŞ Yanukoviçi Ukrayna prezidenti hesab etmir
Ağ Ev Viktor Yanukoviçi artıq Ukrayna dövlətinin rəhbəri hesab etmir. Bu barədə mətbuat konfransında Ağ Evin nümayəndəsi Cey Karni deyib.
"O məsuliyyəti öz üzərindən götürüb, ölkəni idarə etmək lazımdır", deyə o vurğulayıb.
Karninin sözlərinə görə, Ağ Ev Ukrayna parlamentinin yeni hökumətin yaradılmasına dair qərarını alqışlayır.
O qeyd edib ki, Vaşinqton Rusiyadakı hərbi təlimləri diqqətlə izləyir və Moskvanı Ukraynaya qarşı təxribat xarakterli addımlardan çəkinməyə çağırır.
"Krım məsələsi Rusiyanı daxildən partladacaq"
Politoloq Qabil Hüseynli Rusiyanın Ukraynaya yönəlik hərbi və siyasi hərəkətlərinə münasibət bildirib. Q.Hüseynli hesab edir ki, Rusiyanın Ukrayna ətrafında yaratdığı gərginlik bumeranq effekti verəcək.
Mütəxəssisə görə, bu hərəkətləri federasiyanı daxildən partlada bilər. Ukraynanı təsir dairəsinə salmasının Rusiyaya müvəffəq olmayacağını deyən politoloq bunu, Ukraynanın güclü dövlət, xalqın milli məsələlərdə istənilən qüvvələrə dirəniş göstərmək iqtidarında olması ilə əlaqələndirib: "Krım isə tatarlarındır. Tatarlar son qanına qədər mübarizə aparan millətdir. Bu millət heç vaxt Krımı Rusiyaya güzəştə getməyəcək. ABŞ və Avropa İttifaqı dövlətləri də məsələ barədə artıq Rusiyanı xəbərdar ediblər. Beynəlxalq güclər Rusiyanı Ukraynaya qarşı radikal hərəkətlərdən geri çəkindirməyə çalışır. Rusiyanın Ukraynaya yönəlik hərəkətləri psixoloji təzyiq xarakteri daşıyır. Ukraynada hakimiyyətin formalaşması başa çatdıqdan sonra bu ölkə Rusiyaya qarşı daha sərt şəkildə mübarizə aparacaq".
Ukraynanın yeni
prokurorunun qızının
yarıçılpaq
fotoları yayıldı
Ukraynanın yeni baş prokurorunun qızı açıq-saçıq fotoları ilə medianın gündəmini zəbt edib. "Azadlıq Partiyası"nın nümayəndəsi olan Oleq Maxniski iş fəaliyyətindən öncə 18 yaşlı qızı ilə məşhurluşaıb. Marina Maxniskaya sosial şəbəkələrdə çimərlik geyimində şəkillərini, eləcə də oğlan dostları ilə səmimi fotolarını paylaşmaqla məşhurlaşıb.
Bədən quruluşu ilə bir çoxlarının qəlbini fəth edən gənc xanımın sosial şəbəkədə istifadəçilər ilə kobud davranmağı diqqətdən yayınmayıb. Bir çox şəbəkələrdə qeydiyyatdan keçən Marina ask.fm-də də özünə səhifə yaradıb. Xanım orada atasının dövlətə xidmət göstərməyəcəyini deyən insanları "ağıldankəm" adlandırdığı, "ağzınızı bağlayın" kimi şərhlər yazaraq onların ünvanına təhqirlər bildirib.
Bunlardan əlavə olaraq o, "Lamborghini" avtomobili istədiyini açıq şəkildə etiraf edib. Ukrayna mətbuatı isə 18 yaşlı qızın istəyinə nail olmasının bir addımlığında olduğunu dərc edib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55