Putin dünyanın qəzəbindən qorxdu
11:20 05-03-2014
DÜNYA
Putin dünyanın qəzəbindən qorxdu
Ukraynanın BMT-dəki nümayəndəsi Yuriy Sergeyev bəyan edib ki, Rusiya ölkənin digər regionlarına hərbi müdaxilə etmək niyyətindədir. Bunu Sergeyev BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib.
"Hərbi hissələrin düzülüşü, tədarük və təchizatı onların Ukraynanın qitə hissəsinə hərbi müdaxiləyə hazırlaşmalarından xəbər verir"- deyə Sergeyev bildirib.
Onun sözlərinə görə, artıq 16 minə yaxın Rusiya hərbçisi Krım ərazisindədir, onlar hərbi hissələr və digər mühüm obyektləri blokadaya alırlar. Ukraynanın BMT-dəki nümayəndəsi qeyd edib ki, Ukrayna ordusu təxribatlara cavab verməyərək radikal hərəkətlərdən çəkinməyə üstünlük verir.
Bu bəyanatdan bir neçə saat sonra isə məlum olub ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd bölgələrində keçirilən hərbi təlimlərin dayandırılması haqda göstəriş verib. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, srağagün Putinə təlimlərin uğurla keçdiyi haqda məruzə edilib. Bundan sonra Putin hərbi birləşmələrin komandirlərinə hərbi hissələrə qayıtmaq haqda göstəriş verib.
Bununla belə, Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın Xarkov, Luqansk və Donetsk vilayətləri ilə sərhəd bölgələrində hərbi texnikanın cəmləşdiyi haqda məlumat yayıb.
Ali Rada isə öz növbəsində Ukrayna ərazisində olan Rusiya qoşunlarının əlkə ərazisindən təcili çıxması ilə bağlı müraciətnaməyə müsbət cavab verib.
Zalda qeydiyyatdan keçmiş buna 331 deputatdan 239-u müsbət rəy verib.
Ali Radanın sədri Aleksandr Turçinov bildirib ki, Krımdakı münaqişənin yatırdılması üşün Rusiya Federasiyasının qoşun hissələrinin Qara Dəniz donanmasına geri dönməsi mütləqdir. "Bizim dövlətin daxili işlərinə qarışmağı dayandırın. Yanukoviçin bizə qaytarılması isə iki ölkə arasında normal münasibətlərin əsasını qoya bilər", - deyə spiker bildirib.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin
komandanlığından
ilginc bəyanat
"Heç bir hərbi hissə, heç bir qarnizon və hərbi gəmi silahları təhvil verərək qondarma "Krım hökuməti"nə sadiqlik andı içmək və ya xidməti tərk etmək barədə Rusiya hərbçilərinin ultimatumunu yerinə yetirməyib!" Bunu "Azadlıq" radiosuna Ukrayna Hərbi Dəniz Qüvvələrinin Sevastopoldakı komandanlığından bildiriblər. HDQ-nin sabiq komandanı Denis Berezovskinin xəyanətindən sonra başqa fərarilik halı da qeydə alınmayıb.
Ukrayna Müdafiə Nazirliyinin Krımdakı media mərkəzinin rəisi Vladislav Seleznyov 4 mart gecəsi Krımdakı Ukrayna hərbi hissələrinə hər hansı hücum faktının qeydə alınmadığını söyləyib. Buna baxmayaraq, hərbi hissələrin ətrafında gərginlik davam edir.
Rusiya Yanukoviçi
hakimiyyətə
qaytarmaq istəmədiyini
rəsmən elan etdi
Rusiya Viktor Yanukoviçin hakimiyyətə qayıda biləcəyinə şübhə ilə yanaşsa da, onu qanuni dövlət başçısı sayır. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
"Bizim vəzifəmiz Yanukoviçi hakimiyyətə qaytarmaq deyil. Başa düşürük ki, o, bir daha hakimiyyətə qayıtmayacaq və ölkəni idarə etməyəcək. Buna baxmayaraq, hesab ediri ki, o, hazırda Ukraynanın legitim prezidentidir", - rusiyalı diplomat bildirib.
Yanukoviçin ölüm
xəbəri yayıldı
Bu arada Maydan fəallarından olan Mixail Lebed Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ürək tutmasından vəfat etməsi xəbərini yayıb. O, bu barədə məlumatı öz "Facebook" səhifəsində yerləşdirib.
LB.ua saytının məlumatına görə, Lebed bununla bağlı xəbəri srağagün axşam Rostov şəhərinin kadiomərkəzindən aldığını deyib.
LB.ua redaksiyasının əməkdaşları xəbəri dəqiqləşdirmək üçün Mixail Lebedlə əlaqə saxlayıb. Hərəkat üzvü məlumatın həqiqətə uyğun olmasından şübhə etmədiyini söyləyib.
Rəsmi dairələr bu barədə hər hansı açıqlama verməyiblər.
ABŞ-dan Rusiyaya
ilk zərbə
Ukrayna ilə münaqişə həll edilməyənədək Amerika Birləşmiş Ştatları Rusiya ilə ticarət və investisiyalara dair istənilən danışıqları dondurub. Bu barədə ABŞ-ın Ticarət Nümayəndəliyinin rəsmi bəyanatında deyilir.
"Rusiya hökuməti ilə ticarət və kommersiya əlaqələrinin dərinləşdirilməsi proqramı çərçivəsində aparılan istənilən ikitərəfli ticarət və investisiya danışıqlarının yekununu təxirə salmışıq", - ABŞ Ticarət Nümayəndəliyinin bəyanatında belə deyilir.
Daha əvvəl isə Ukrayna ətrafında yaranan vəziyyətlə əlaqədar Amerika Birləşmiş Ştatlarının Rusiya ilə hərbi əlaqələri də dayandırdığı bildirilmişdi.
Rusiya ABŞ-ı
dollardan imtina ilə hədələdi
ABŞ tərəfindən sanksiyalar tətbiq olunsa, Rusiya dollardan imtinaya məcbur olacaq. Bunu isə Rusiya prezidentinin regional iqtisadi inteqrasiya üzrə müşakirə Sergey Qlazyev deyib.
"Biz baş valyutalara keçməli, öz hesablaşma-ödəmə sistemimizi yaratmalı olacağıq. Bizim hər Şərqdə, həm də Cənubda müttəfiqlərimizlə gözəl ticari-iqtisadi əlaqələrimiz var və ABŞ-dan maliyyə asılılığımızı sıfıra endirmək üsulunu tapacağıq. Bu sanksiyalardan özümüz üçün böyük fayda ilə çıxacağıq", - Putinin müşaviri bildirib.
Onun sözlərinə görə, ABŞ Rusiya müəssisələri və vətəndaşlarının hesablarını dondurmaq qərarına gəlsə, Moskva Rusiya strukturlarına Amerika bankları tərəfindən verilmiş kreditləri qaytarılmasının qeyri-mümükünlüyünü tanıya bilər: "Əgər ABŞ bizim aktivləri dondursa, təşkilatlarımızın dollarla olan passivləri də dondurulacaq. Bu isə o deməkdir ki, bizim bank və müəssisələrimiz amerikalı partnoyorlarına istiqrazları qaytarmayacaqlar".
ABŞ hərbi gəmilərini
Ukraynaya
köməyə göndərir
ABŞ-ın hərbi gəmiləri və bir təyyarədaşıyan gəmisini Qara dənizə yaxınlaşdığı iddia edilib. Rəsmi Ankara məlumatı təsdiqləməyib.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr isə yerli mətbuata 15 gün öncə bir ölkənin gəmilərinin boğazdan keçmək üçün icazə aldığını bildirilib. Ancaq icazənin hansı ölkəyə verildiyi açıqlanmır.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynanın Krım bölgəsinə qoşun yeritməsindən sonra qarşı kəskin çıxışlar edib. O, bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi cəzasız qalmayacaq. Onun sözlərinə görə, rəsmi Moskvanın Ukraynaya qoşun yeritməsi tarixinin ən yanlış səhifələrindən biridir.
Ukraynada
döyüş olarsa, Türkiyə nə edəcək?
Rusiyanın hərbi qüvvə salaraq idarəetməni tamamilə ələ keçirdiyi Krımda gedən son proseslər Ankaranı da hərəkət etməyə təşviq edib.
Rusiyanın öz əsgərlərini Krımdan çıxarması üçün Ukraynaya 12 saat müddət verildiyi deyilən əsnada Çankaya köşkündə "Ukrayna-Krım Zirvəsi" keçirilib.
Türkiyə prezidenti Abdullah Gülün dəvəti ilə xarici işlər naziri Əhməd Davudoğlu və xarici işlər müşaviri Feridun Sinirlioğlunun iştirakıyla reallaşan toplantı təxminən 1 saat 45 dəqiqə davam edib.
Görüşdə Davudoğlu həftə sonunda Kiyevdəki yeni rəhbərliklə, Krım tatarları və Yanukoviç tərəfdarları ilə reallaşdırdığı telefon danışıqları haqqında ətraflı məlumat verib.
Davudoğlu Türkiyənin rəsmi mövqeyinin Ukraynanın ərazi bütövlüyünün qorunmasının tərəfində olduğunu vurğulayıb. Görüşdə, həmçinin Krımda döyüş baş verəcəyi halda bunun Türkiyəyə və Qaradəniz sahili ölkərinə nə dərəcədə təsir edəcəyi müzakirə olunub.
Avropanın Berlin Divarının yıxılmasından bəri ən ciddi böhranla qarşı-qarşıya olduğunun qiymətləndirildiyi görüşdə Ukraynanın bölünəcəyi halda bunun bölgədəki geniş bir coğrafiyaya mənfi təsir edəcəyi qeyd edilib.
Sonda Davudoğlu Rusiya tərəfi ilə də müzakirə aparmaq üçün rus həmkarı Sergey Lavrovla görüşmək fikrini prezident Gülə çatdırıb.
GUAM-dan Ukrayna
ilə bağlı Rusiyaya
qınaq bəyanatı
"Ukrayna Ali Radasında yeni çoxluğun formalaşmasından, yeni hökumətin təsdiqlənməsindən və Ukraynanın Avropa Birliyi ilə yaxınlaşmasına əsaslanan xarici siyasət kursunun bərpasından sonra Rusiya hakimiyyəti beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Rusiyanın beynəlxalq öhdəliklərinə zidd addımlar atıb". Bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin bəyanatında bildirilir.
Baş katib bəyan edib ki, GUAM məkanındakı münaqişələr təşkilata üzv ölkələrin dövlət başçılarının 2006-cı il 23 may tarixli Bəyannaməsinə uyğun həll olunmalıdır. Həmin Bəyannaməyə əsasən GUAM ölkələrində münaqişələrin həlli bu dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında həyata keçirilməlidir: "Dövlətlərin əraziləri beynəlxalq hüquqa zidd olaraq güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək yolu ilə hərbi işğal obyekti ola, yaxud başqaları tərəfindən ələ keçirilə bilməz. Heç bir qanunsuz ilhaq və bunun nəticəsində əmələ gələn qondarma qurumlar heç bir vəchlə qanuni qəbul edilə bilməz".
V. Çeçelaşvilinin bəyanatında dövlətlərin daxili işlərinə qarışmağın, ona hərbi, siyasi, iqtisadi və ya başqa xarakterli təzyiq göstərməyin yolverilməzliyi vurğulanır: "Əminəm ki, GUAM-a üzv ölkələr bundan sonra da ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə beynəlxalq təhlükəsizliyin qorunması baxımından əsas kimi əməl olunmasında israr edəcəklər".
Xatırladaq ki, Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. Bu təşkilat 2006-cı il mayın 23-də Kiyevdə təsis olunub.
Ukrayna Rusiyadan
Yanukoviçin
ekstradasiyasını
tələb edəcək
Ukraynanın baş prokurorluğu Rusiya Federasiyasına indi bu ölkə ərazisində olan keçmiş prezident Viktor Yanukoviçin ekstradasiya olunması tələbi ilə müraciət edəcək. Ukrayna KİV-i bildirir ki, bu haqda parlamentin bugünkü iclasında Ali Radanın sədri Aleksandr Turçinov məlumat verib: "Baş prokurorluq Ukraynadakı kütləvi qırğınla bağlı istintaq aparır, bu işdə əsas fiqurlardan biri də eks-prezident Viktor Yanukoviçdir".
Onun sözlərinə görə, məhz bu səbəbdən baş prokurorluq Rusiya Federasiyasına keçmiş prezidentin Ukraynaya ekstradasiyası ilə bağlı müraciət edəcək.
Xatırladaq ki, Yanukoviç və digər vəzifəli şəxslərlə bağlı cinayət işi fevralın 25-də qaldırılıb. Keçmiş prezidentdən başqa Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey klyuev, keçmiş baş prokuror Viktor Pşonke, keçmiş daxili işlər naziri Vitali Zaxarçenko və digərlərinə qəsdən adam öldürmək ittihamı irəli sürülüb.
Yanukoviçin
partiyası sökülməyə davam edir
Xalq deputatları Sergey Klyuev və Vladimir Nakoneçnıy Ukraynanın Regionlar Partiyasının fraksiyasından çıxdıqlarını bəyan ediblər. Bu haqda dünən Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov məlumat verib.
Digər Xəbərlər
2024-12-25 21:03:45
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15