Rusiya Qərbə qarşı güc nümayişinə başladı
12:35 06-03-2014
DÜNYA
Rusiya Qərbə qarşı güc nümayişinə başladı
Kreml Rusiya nüvə başlığı daşıya bilən qitələrarası raket silahını sınaqdan keçirdi
Rusiya Federasiya Şurasında ABŞ və Avropa şirkətlərinin aktivlərinin müsadirəsini nəzərdə turan qanun layihəsi hazırlanır. Rusiya mətbuatının verdiyi məlumata görə, qanun layihəsinin müəllifi, Federasiya Şurasının konstitusiya qanunvericiliyi komitəsinin rəhbəri Andrey Klişas bildirib ki, qanun layihəsi Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi halda işə düşəcək.
“Qanun layihəsi prezidentə və hökumətə müvafiq səlahiyyətlərin verilməsini nəzərdə tutur. Məqsəd suverenliyimizə hücum cəhdlərinin qarşısını almaqdır”, - deyə o vurğulayıb.
A.Klişasın sözlərinə görə, müvafiq tədbirlərin ayrıca qanunda yer alacağı gözlənilir: “İstənilən sanksiyalar qarşılıqlı olmalıdır”.
Moskvadan daha bir
gövdə göstərisi
Rusiya nüvə başlığı daşıya bilən qitələrarası raket silahını sınaqdan keçirib. Ukrayna ilə sərhəddən 450 km məsafədə yerləşən Həştərxan bölgəsindəki “Kapustin Yar” poliqonundan buraxılan qitələrarası raket Qazaxıstanda yerləşən “Sarı-Şaqan” poliqonundakı hədəfi vurub.
Srağagün Moskva vaxtı ilə saat 22:10-da gerçəkləşən sınaq testində müasirləşdirilmiş yeni raket başlığının istifadə edildiyi bildirilib.
Raket silahının sınağı ilə bağlı açıqlama verən Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya idarəsinin nümayəndəsi İqor Yeqorov sınağın uğurla keçdiyini və hədəfi vurduqlarını açıqlayıb.
Qeyd edək ki, Rusiya istehsalı RS-12M Topol-M raketi 10 min km məsafə uzaqlıqda yerləşən hədəfi vurur. Raket 550 kq nüvə başlığı daşımağa malikdir.
Həm bunu, həm də məlum qanun layihəsinin hazırlanmasını Qərb mətbuatı Ukraynaya görə ABŞ və aparıcı Avropa ölkələri ilə münasibətləri kəskinləşən Rusiyanın güc nümayişi kimi şərh edir.
Ukrayna ilə Rusiya
arasında
danışıqlar başladı
Ukrayna ilə Rusiya arasında nazirlər səviyyəsində diplomatik danışıqlar başladılıb. Ölkənin baş naziri Arseniy Yatsenyuk bu barədə açıqlama verib. Yatsenyuk qeyd edib ki, Ukrayna hökuməti Rusiya ilə münasibətlərini yeniləməyə və yaxşılaşdırmağa hazırdır.
Onun sözlərinə görə, rəsmi Kiyev danışıqlar prosesində Rusiyanın Ukraynanın beynəlxalq siyasi təmayülünə hörmətlə yanaşmalıdır: "Biz bir daha Rusiyanı Ukrayna ərazisində hərbi təcavüzkarlığa son qoymağa çağırıq. Hazırda Rusiyanın əvvəlki hökumətlə əldə olunan maliyyə razılaşması öhdəliklərini yerinə yetirməsini gözləyirik. Ukrayna hökumətinin vətəndaşlara və beynəlxalq kreditorlara olan borclarını ödəməsi üçün biz Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq etməliyik. Ümid edirəm ki, fondla razılıq əldə edəcəyik".
Krım muxtar respublikasının Sevasatopol şəhərində yerlşən Belbek hərbi bazasında rus əsgərlərin üzərinə doğru yürüş edən silahlılar isə artıq geri çəkiliblər. Gərginlik NATO-nun rəsmi Moskvadan Ukrayna ilə bağlı xüsusi görüşlər tələb etməsindən sonra baş tutub. NATO- nun baş katibi Anders Foq Rasmussen bildirib ki, Rusiya regionda böhranı aradan qaldırmağa çalışmalıdır. "Dəfələrlə edilən beynəlxalq çağırışlara baxmayaraq, Rusiya Ukraynanın suverenliyinə qarşı zorakılıq törətməyə və beynəlxalq qanunları pozmağa davam edir. Hadisələrin bu cür inkişafı Avro-atlantik bölgədə stabilliyə qarşı təhlükədir"
Bu arada, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama vəziyyəti şərh edərəkən Rusiyanın təcavüzkar addımlarını şiddətlə təndiq edib. Obama bildirib ki, hazırkı vəziyyətdə Ukrayna, eyni zamanda, həm Qrəbin, həm də Rusiyanın dostu ola bilər.
Ukraynanın baş
nazirindən Krım mesajları
“Ukrayna Nazirlər Kabineti bu gün Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə təminatı və ödəmələr barədə qərar qəbul edəcək”. Bunu isə Nazirlər Kabinetinin iclasında baş nazir Arseni Yasenyuk deyib.
O, Krım Muxtar Respublikası ərazisindəki Ukrayna əsgərləri və dənizçiləri ilə qürur duyduqlarını söyləyib: “Bu insanlar Ukrayna xalqına sədaqət andı içiblər və bu andı yerinə yetiriblər. Ukrayna Silahlı Qüvvələrinin təcavüzkara təslim olmaması bu gün Ukraynada mövcud olan yüksək vətənpərvərlik ruhu və milli ləyaqət hissinin göstəricisidir”.
A.Yasenyuk gün əvvəl müdafiə və maliyyə nazirlərindən Ukrayna Silahlı Qüvvələrinə yardım məqsədilə dərhal müvafiq qərar layihələri hazırlanmasını istədiyini açıqlayıb: “Bu gün xəzinəmizin boş olmasına baxmayaraq, hökumət Ukraynanın qəhrəmanları üçün hər şeyi edəcək ki, onlar Ukrayna dövlətinin hörmət və qayğısını hiss etsinlər”.
Baş nazir Rusiya qoşunlarının Krımda mövcudluğunun təkcə Ukraynaya deyil, bütün dünyanın təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb. O, Rusiyanı öz qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb. A.Yasenyuk Krımdakı mürəkkəb vəziyyətə baxmayaraq, son iki gün ərzində muxtar respublikaya sosial və digər xərclər üçün 60 milyon qrivna pul köçürdüklərini və bu ərazini fasiləsiz elektrik enerjisi ilə təmin etdiklərini açıqlayıb: “Biz Rusiyanın hərbi təcavüzünə rəğmən muxtar respublikanın həyat və fəaliyyətini təmin edirik”.
BMT elçisi Krımdadır
BMT baş katibinin baş müşaviri Robert Serri artıq Krımdadır. Bunu BMT mətbuat katibinin ofisindən bildiriblər.
Şənbə günü R.Serri Krım rəhbərliyi ilə əlaqə saxladığını və ora səfər etməyin mümkünsüz olduğunu bəyan edib.
Bundan sonra o, Cenevrəyə BMT baş katibi ilə görüşə yollanıb. Martın 3-də isə R.Serri Kiyevə qayıdıb.
Timoşenko: “Rusiyanın Qara dəniz donanması Ukraynadan çıxarılmalıdır”
“Krımda baş verən hadisələr Xarkov razılaşmasının denonsasiya edilməsinin vacibliyini ortaya qoyur”. Bunu “Batkivşina” (Vətən) Partiyasının lideri Yuliya Timoşenko “BBC Ukrayna”ya müsahibəsində deyib.
O bildirib ki, Rusiyanın Qara dəniz donanması müharibə və qeyri-sabitlik mənbəyidir. Xatırladaq ki, 2010-cu il aprelin 21-də Ukrayna və Rusiya prezidentləri Viktor Yanukoviçlə Dmitri Medvedev Rusiyanın Qara dəniz donanmasının Krımda qalma müddətinin 25 il uzadılması barədə müqavilə imzalayıblar.
Sabiq baş nazir 2009-cu ildə Rusiya ilə imzaladığı qaz sazişinə haqq qazandıraraq qeyd edib ki, Rusiya qazına görə real bazar qiymətlərinin ödənməsi Ukraynanın enerji müstəqilliyinə əsas yaradır: “Nə qədər ki, biz Kremllə siyasi qiymət üzərində razılıq əldə edəcəyik, Ukrayna heç vaxt müstəqil olmayacaq. Ona görə də biz daha əvvəl imzaladığımız sazişi yerinə yetirəcəyik. Bu saziş düzgün idi”.
Y.Timoşenko Ukraynada formalaşan yeni hakimiyyətin legitim olmadığına dair Rusiya prezidentinin bəyanatlarına da münasibət bildirərək bəyan edib ki, yeni hakimiyyət tam legitimdir və bütün dünya tərəfindən tanınıb: “Bu, onun subyektiv fikridir. Hesab edirəm ki, bu cür bəyanatlar Putinin Ukraynada öz təsirini saxlamaq üçün göstərdiyi ümidsiz cəhdlərdir. Kreml Ukraynanı ona tabe olan ərazi hesab etməyə son qoymalıdır. Artıq Ukraynada o cür siyasətçilər yoxdur ki, onların vasitəsilə Rusiya öz strategiyalarını və imperiya maraqlarını həyata keçirdin. Putin bununla barışmalıdır”.
Kerri Kiyevdə Kliçko
ilə görüşdü
Bu arada Kiyevdə Ukraynanın müxalif UDAR partiyasının lideri Vitali Kliçko və ABŞ dövlət katibi Con Kerri ölkədə yaranan vəziyyəti müzakirə ediblər. Bu barədə partiyanın saytında dərc olunmuş məlumatda deyilir.
Kliçko ABŞ rəhbərliyinə ölkənin çətin vaxtında göstərdiyi dəstəyə və maliyyə yardımı etməyə hazır olduğuna görə minnətdarlığını bildirib.
Bundan başqa, o Ukraynada vaxtından əvvəl prezident seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə həmçinin Ukraynanın Avropaya inteqrasiyası məsələsi də müzakirə olunub.
ABŞ dövlət katibi Con Kerri isə Kiyevə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Rusiya rəhbərliyini Ukraynanın yeni hakimiyyəti ilə dialoqa çağırıb. “Biz hesab edirik ki, Rusiya və bizim hamımız üçün böhrandan çıxmağa və diplomatik dialoqu bərpa etməyə kömək edə biləcək çoxlu variantlar var. Biz Rusiyanı danışıqlar masasına əyləşərək Ukrayna hökuməti ilə birbaşa danışıqlara başlamağa çağırırıq. Mən əminəm ki, bu danışıqlar bütün ziddiyyətləri aradan qaldırmağa kömək edəcək”, deyə Kerri bildirib.
Bundan başqa, Kerri ABŞ-ın Rusiyanın Ukraynadakı maraqlarını tanıdığını qeyd edib. O, Ukraynadakı Rusiya vətəndaşlarının maraqlarının qorunması üçün diplomatik dialoqdan istifadə etməyə çağırıb. “Əgər siz öz vətəndaşlarınızın aqibətindən narahatsınızsa hökumətə, BMT-yə və ya hüquq müdafiəsi təşkilatlarına müraciət edin”, deyə Kerri bildirib.
Ukrayna millətçilərinin
lideri beynəlxalq
axtarışa verildi
Ukrayna millətçilərinin “Sağ sektor” təşkilatının lideri Dmitri Yaroş Rusiyada qiyabi mühakimə olunaraq beynəlxalq axtarışa verilib. Bu barədə Rusiya Federasiyası istintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.
D.Yaroş çıxışlarnda açıq şəkildə antirusiya qüvvələrini Rusiya ərazisində terror törətməyə və ekstermist fəaliyyətə çağırmaqda ittiham olunub.
Qeyd edək ki, “Sağ sektor” Ukraynada baş verən son xalq etirazlarında və Viktor Yanukoviç hakimiyyətinin çökməsində fəal rol oynayıb.
Ərdoğan Ukrayna ilə
bağlı Putinlə nə danışdı?
Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon söhbətində Ukraynadakı vəziyyət müzakirə olunub.
Baş nazirlikdəki mənbələrin məlumatına görə, 25 dəqiqə davam edən görüş R.T.Ərdoğanın istəyi ilə baş tutub. “Baş nazir Ərdoğan ölkədəki böhranın həll edilməsinin ilk növbədə ukraynalıların vəzifəsi olduğunu ifadə edərək ölkədəki qeyri-sabit vəziyyətin bütün bölgəyə mənfi təsir edəcəyini bildirib. Baş nazir böhranın həllində beynəlxalq hüquq və dövlətlərarası əlaqələrin təməl prinsiplərinin rəhbər tutulmasının əhəmiyyətli olduğunu ifadə etdi. Ərdoğan Krımdakı tatar və rusların ukraynalılarla birlikdə sülh içində yaşamasını təmin edəcək mühitin yaradılmasının vacibliyini vurğulayıb”, - məlumatda deyilir.
Türkiyənin Avropa Birliyi naziri Mövlüd Çavuşoğlu isə Ukraynanın Türkiyədəki səfiri Sergey Korsunski ilə görüşüb. M.Çavuşoğlu Türkiyə və Ukraynanın stareji ortaq olduğunu xatırladıb.
Korsunski Ukraynadakı vəziyyətin çox gərgin olduğunu qeyd edərək “Krımda çox sayda Rusiya hərbçisi var. Türkiyədən böyük gözləntilərimiz var. ABŞ, Çin, Avropa İttifaqı, böyük yeddilik ölkələri bizi dəstəkləyir” deyib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 21:53:15
2024-12-25 21:03:45
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20