Ukraynada savaş siqnalı: qismən səfərbərlik elan olunur
11:01 18-03-2014
DÜNYA
Ukraynada savaş siqnalı: qismən səfərbərlik elan olunur
"Referendum komediyası"ndan Kreml qalib
çıxdı, Rusiya Krımın ilhaqını sürətləndirir
Krım əhalisinin 96,6 faizi muxtar respublikanın Rusiya Federasiyasına birləşməsinə səs verib. Bunu Krım Ali Şurasının referendumun təşkili üzrə komissiyanın rəhbəri Mixail Malışev bəyan edib.
Artıq protokolların 100 faizinin hesablandığı bildirilir.
Qeyd edək ki, srağagün Krım Muxtar Respublikasında referendum keçirilib. Referenduma iki sual çıxarılıb: "Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?" və "Siz Krım Respublikasının 1992-ci il Konstitusiyasının bərpasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?"
Dünyanın əksər ölkələri və beynəlxalq təşkilatlar referendumu qeyri-qanuni elan edib.
"Rusiya hərbi müdaxilənin və beynəlxalq hüququ heçə saymağın bədəlini hökmən ödəyəcək". Bu bəyanatı ABŞ prezidenti Barak Obama Krımda keçirilən referendum nəticələrini şərh edərkən səsləndirib.
Avropa Birliyi isə veriyi açıqlamada referendumun leqal olmadığını və nəticələrini qəbul etməyəcəyini vurğulayıb.
Rəsmi Paris isə referendumun Krım konstitusiyasına zid olduğunu qeyd edib. "Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır" - deyə Fransanın xarici işlər naziri Loran Fabius bildirib.
Putin Obamaya:
"Referendum
beynəlxalq
normalara cavab verir"
Amerika tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı baş tutub. Tərəflər martın 16-da Krımda baş tutan referendumu müzakirə ediblər.
Rusiya prezidenti Putin, Obamaya bildirib ki, referendumun tamamilə beynəlxalq normalara və BMT-nin nizamnamələrinə uyğun keçirilib. Bununla yanaşı, referendum zamanı yarımada sakinlərinin özünü müəyyən etmə və fikir azadlığı tam təmin olunub.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya və ABŞ liderləri Ukraynadakı böhranın müxtəlif aspektlərini də müzakirə ediblər.
Putin, hazırki Kiyev hökumətinin ölkədə stabilliyi pozan, dinc əhaliyə, xüsusən də rusdillilərə qarşı terror törədən ultra-milli və radikal qruplaşmaları cilovlamaq niyyətində olmadığına diqqət çəkib.
Bu baxımdan Ukraynaya ATƏT-in monitorinq qrupunun göndərilməsinin mümkünlüyü məsələsinə baxılıb. Rusiya prezidentinin fikrincə belə bir missya Ukraynanın bütün regionlarında fəaliyyət göstərməlidir. Dövlət başçıları qeyd ediblər ki, aralarındakı fikir ayrılıqlarına baxmayaraq Ukraynada vəziyyətin yenidən sabitləşməsi üçün səylərini birləşdirməlidirlər.
Bundan başqa, Barak Obama Putini Qış Paraolimpiya Oyunlarının uğurla başa çatması münasibətilə təbrik edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti referendumun nəticələrini rədd etdiklərini və Rusiyanı cəzalandıracaqlarını bildirib. "Referendumun nəticələrini rədd edirik və Rusiyanın cəzalandırılmasını vacib sayırıq. Biz və müttəfiqlərimiz Rusiyanın Ukraynaya etdiklərinə görə cəzasız qalmamasını istəyirik. Buna görə də müvafiq addımlar atacağıq. ABŞ və Avropa Birliyi seçkiləri qanunsuz hesab edərək, bunu Rusiyanın Ukraynaya təcavüzü kimi qiymətləndirirlər" deyə Obama seçkilərin ilkin nəticələri elan olunduqdan sonra bildirmişdi.
Referendum saxtakarlığı
Srağagünki referendumda çoxsaylı rüsvayçılıqlar yaşanıb. Məsələn, Krım tatarları Məclisinin mətbuat katibi Leyla Müslümova jurnalistlərə deyib ki, psixi xəstəxanaların pasientləri də səsverməyə cəlb olunub. Fəaliyyət qabiliyyətli olmayan, seçki və referendumlarda iştirakına icazə verilməyən bu insanlara "düzgün səs vermələri üçün" köməklik də göstərilib.
Şahidlərin bildirdiyinə görə isə, Krımda ev-ev gəzərək əhalini səsverməyə məcbur ediblər. Evlərə əli avtomatlı milislər və seçki siyahısı ilə bir nəfər olmaqla qruplar gedib, əhalini məntəqələrə çağırıb, məntəqələrə getmək istəməyənlərdən isə yerində səs alıblar.
Şahidlər hətta kçələrdə də eyni qaydada əhalidən səs toplandığını bildiriblər.
Ukrayna ordusunun Hərbi-Dəniz Qüvvələri komandanlığı isə referendumda iştirakdan qəti şəkildə imtina edib. Krımdakı rus kazak birləşmələri isə ukraynalı hərbçiləri səsvermədə iştiraka məcbur etmək istəyirlər.
Krım tatarlarının kompakt yaşadığı Baxçasaray rayonunda isə seçki məntəqələri ümumiyyətlə, qurulmayıb. Yerli administrasiyanın rəhbəri İlmi Umerov bildirib ki, seçki komissiyalarını formalaşdırmağa heç kimi tapa bilməyiblər. Umerov bundan əvvəl yerli sakinləri təxribata uymamağa və referendumda iştirak etməməyə çağırmışdı.
Ukraynanı yenidən
etirazlar bürüdü
Krımda baş tutan referendumdan sonra Ukraynanın bütün şəhərlərində etirazlar davam edir. Donetsk şəhərində həm Ukraynanın bütövlüyünün tərəfdarı, həm də Rusiyapərəstlər mitinq keçiriblər. Polis idarəsinə hücum edən Rusiya tərəfdarı olan qrupun üzvləri referendum keçirilmsəini tələb edən lider Pavlo Qubarevin azadlığa buraxılamasını tələb edib.
Nümayişçilərin bir qismi isə hesab edir ki, ölkə federativ idarəetmə formasına keçməlidir: "Referendumda 4 sual verilməli idi; federasiya, konfederasiya, Ukraynada qalmaq və Rusiyaya birləşmək. Hamının fikrinə diqqətlə yanaşmaq lazımdır".
Əks fikirdə olan nümayişçilər isə Rusiya tərəfdarı olan qruplaşmaların davranışından narahatdır: "Bizə daş atırlar. Dəyənəklə hücum edirlər və gözyaşardıcı qazla dağıdırlar. Avtobusa minəndə gördük ki, hamımız yaralanmışıq".
Krımlı siyasətçi:
Krım araq butulkası
və məscidlər
arasında bölündü
Krımlı siyasətçi Ayder Muydaba Krımda srağagün keçirilən referendumun canlı mənzərəsini təsvir edib.
O, sosial şəbəkələrdə bu barədə yazıb: "Saat 14:00-da yaşadığım beşmərtəbəli binadan çıxıram, qonşular mənə şübhə ilə baxır. Onların gözündə etibarsızlıq görürəm. 4 nömrəli məktəbin yanından keçirəm, bura seçki məntəqəsidir. Küçədə rus musiqisi səslənir. Məntəqənin girişində təxminən 5 insan var, spesifik "şişmiş üzlər" seçilir. Açıq görünür ki, bu gün referenduma hazırlaşmayıblar. Amma birdən polis bölməsindən əllərində səyyar səsvermə qutusu olan seçki komissiyasının üzvləri ilə bir polis çıxır. Və möcüzədir bu. Bizim kazak qadınlarımız. Dünənə qədər onlar özünümüdafiə üçün mübarizə aparırdılar. Bu günsə seçki komissiyasının üzvləridir.
Sonra bazara gedirəm. Baxmayaraq ki, bazar günüdür, amma bura həmişə camaatla dolu olardı. Bu gün isə sanki şəhər ölüb. Yalnız yoldan keçən bir neçə maşın gözə dəyir. Bankomatlar işləmir, nağd pul yoxdur.
"Məktəb-gimnaziyanın" yanından keçirəm. Bura da həmçinin seçki məntəqəsidir, yenə girişdə spesifik üzlər, eyni musiqi.
Pivə verilən yeməkxananın yanından keçirəm. Doğrudanmı səhv etdim, şəhər ölmədi? Burda bir neçə kişi və qadın qrupları gözə dəyir, əgər onları qadın adlandırmaq olarsa. Burda camaat sevinir.
Dairəni tamamlayıb məktəbin idman meydançasının yanından keçirəm. Bardyorun üzərində oturmuş iki nəfər butulka ilə araq və pivə içir. Deməli, bayram elə bu tip insanlarındır.
Evə gəlirəm, televizoru açıram. Krım kanalı insanları referenduma çağırır. Kanalı dəyişdirirəm. Baxçasarayın Krım tatarlarının kompakt yaşadığı 6 mikrorayonunu göstərirlər. Mikrorayon qadınları referenduma getməyiblər. Əvəzində məscidə gedib Ukraynanın bütövlüyü üçün Allaha dua edirlər. Mənim üçün referendumun nəticəsi budur: Şəhər bölünmüşdü. Bir qrup araq butulkasında, digər qrup məscidlərdə..."
Krım parlamenti
müstəqillik
haqda qərar qəbul etdi
Krım Ali Şurası muxtar respublikanın müstəqilliyi haqda qərar qəbul edib. "RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Krım parlamentinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir.
Müvafiq qərara 85 deputat səs verib.
Krım parlamenti həmçinin Krımın Rusiya Federasiyasına qəbulu haqda Moskvaya müraciət qəbul edib.
Putin Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı Federasiya Şurasına müraciət edəcək
Rusiya prezidenti Vladimir Putin martın 18-də Krımın Rusiya Federasiyasına birləşdirilməsi məsələsi ilə bağlı Federasiya Şurasına müraciətlə çıxış edəcək.
Tədbir yerli vaxtla saat 15.00-da Kremlin Georgiyev zalında keçiriləcək. Eyni gün səhər isə Dövlət Dumasının Krımla bağlı bəyanatı qəbul olunacaq.
Savaşın ilk siqnalı:
səfərbərlik elan edilir!
Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov qismən səfərbərlik haqqında fərman imzalayıb. Bunu Ali Radanın iclasında A. Turçinov özü açıqlayıb: "Krımdakı təcavüz və Ukraynaya birbaşa hərbi müdaxilə təhlükəsini nəzərə alaraq tərəfimdən qismən səfərbərlik haqqında fərman imzalanıb. Bu fərman parlamentin təsdiqindən sonra qüvvəyə minəcək".
Qeyd edək ki, Ukrayna hökuməti 2014-cü il büdcəsində silahlı qüvvələrin maliyyələşdirilməsinə ayrılan vəsaiti dəfələrlə artırmaq qərarına gəlib. Baş nazir Arseni Yasenyuk ordu üçün nəzərdə tutulan əlavə fonda 6,8 milyard qrivna köçürüləcəyini söyləyib.
Avropa İttifaqı
Rusiya ilə qaz
danışıqlarını dayandırdı
Avropa İttifaqı Ukrayna ilə bağlı tutduğu mövqeyə görə, Rusiyanı iqtisadi sanksiyalarla cəzalandırmaq niyyətindədir. Bu sanksiyalardan biri də Rusiya qazından imtina etməklə alternativ mənbələrin axtarışı ola bilər.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məlumatında bildirilir ki, Rusiyanın "Qazprom" şirkəti Avropanın təbii qaza olan tələbatın təxminən 30 faizini ödəyir.
"Nezavizimaya gazeta"nın verdiyi məlumata görə, agentliyin analitikləri Ukrayna böhranının şirkətə, daha doğrusu Rusiyaya təsirsiz ötüşməyəcəyini bildirirlər. "Əgər Avropa İttifaqı ölkələri Rusiya ilə energetika və iqtisadi razılaşmaları yenidən gözdən keçirərsə, "Qazprom"un Avropa qaz bazarındakı payı ixtisara düşə bilər. Avropa ABŞ-dan maye qazın idxal potensialını nəzərə alaraq "Qazprom"un payının azaldılması üçün siyasi iradə nümayiş etdirə bilər", - "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məruzəsində deyilir.
Bu halda isə Ukrayna böhranından Qərbin neft-qaz şirkətləri yalnız uda bilər. Belə ki, "Fitch Ratings"in məlumatına görə, Britaniya şirkətləri mayeləşdirilmiş təbii qazın ixracı üzrə ABŞ-ın altı layihəsindən üçündə iştirak edir. Bu qazın ilk çatdırılması isə 2017-2019-cu illərdə planlaşdırılır. İngiltərə və Hollandiyanın birgə şirkəti olan "Royal Dutch Shell" kompaniyası da maye qaz istehsalı edəcək üzən zavod texnologiyasına malikdir və bu şirkətə rəqabət üstünlüyü verə bilər. Fransanın "Total" şirkəti isə Böyük Britaniyada şist qazının hasilatı işlərini davam etdirir.
Eyni zamanda Avropa İttifaqı çoxdan bildirir ki, alternativ təbii qazın mənbələrinin axtarışında maraqlıdır. Bunun nəticəsidir ki, Avropa Komissiyası Rusiyanın Ukraynadan yan keçən "Cənub axını" qaz kəməri layihəsi ilə bağlı iddialarla çıxış edir. Rusiya hazırda "Cənub axını" layihəsini həyata keçirir. Kəmər Ukraynadan yan keçərək Qara dənizin dibi ilə İtaliyaya getməlidir. Amma bu məsələ Brüssel və Moskva arasında qarşıdurmaya səbəb olub. Avropa İttifaqının qəbul etdiyi "Üçüncü enerji paketi" münaqişəsinin səbəbi olub. "Üçüncü enerji paketi" istehsalçı enerji şirkətinə birjada qaz alqı-satqısı ilə məşqul olmağı qadağan edir. Bu isə o deməkdir ki, "Qazprom" ixrac boru kəmərlərinə nəzarət edə bilməz. Avropa İttifaqı hesab edir ki, Rusiyanın Avropanın bəzi ölkələri ilə razılaşmaları Avropa qanunvericiliyinə ziddir.
Xatırladaq ki, "Cənub axını" qaz kəməri layihəsi Rusiyanın Avropaya qaz çatdırılması marşrutlarını diversifikasiya etməlidir. Rusiyanın Ukraynadan yan keçən "Şimal axını" marşrutu artıq istismara verilib. "Cənub axını" 63 milyard kubmetr qazı Avropaya çatdırmağa imkan verəcək. Bu isə Avropanın qaz tələbatının təxminən 15 faizini təşkil edir. Rusiya kəmərin inşası üçün Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya, Xorvatiya və Avstriya ilə ikitərəfli razılaşmalar imzalayıb. Dəyəri təxminən 15 milyard olduğu deyilən "Cənub axını"nın 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Ukrayna böhranının kəskinləşməsi ilə Avropa Komissiyası Rusiyaya təzyiq vasitəsi kimi "Cənub axını" layihəsindən istifadə etməyə qərar verib. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger qaz kəməri üzrə danışıqların dayandırıldığını bildirib. "Mən danışıqları davam etməyəcəyəm, danışıqlar təxirə salınacaq", - avrokomissar "Die Welt" qəzetinə müsahibəsində söyləyib.
"RusEnergy" konsaltinq şirkətinin partnyoru Mixail Krutix əmindir ki, "Cənub axını" lap əvvəldən lazımsız ticarət layihəsi idi. Layihənin siyasi motivlərlə bağlı olduğunu deyən M.Krutixin fikrincə, deyilənlərin əklsinə olaraq "Cənub axını" layihəsinin ümumi qiyməti kompressor stansiyalarının müasirləşdirilməsi və Rusiya daxilində qaz kəmərlərinin tikintisi də daxil olmaqla 70 milyard dollar təşkil edəcək.
Milli Energetikası İnstitutunun direktoru Sergey Pravosudov isə hesab edir ki, Avropa Rusiya qazının istehlakını azaltmağa müvəffəq olmayacaq. "Təcrübə göstərdi ki, mayeləşdirilmiş təbii qaza ümid çox azdır. Şimali Afrikaya ümid etmək olmur. Liviya demək olar ki, bir qaz ölkəsi mövcudluğunu dayandırıb. Əlcəzair Asiya bazarına ixracı artırır", - S.Pravosudov deyib.
Ekspertin fikrincə, Ukraynada vəziyyəti nəzərə alaraq alternativ qaz kəmərləri məsələsində tələsmək lazımdır.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 21:53:15
2024-12-25 21:03:45
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20