Azərbaycan-İran münasibətləri yeni müstəvidə
12:46 02-04-2014
DÜNYA
Azərbaycan-İran münasibətləri yeni müstəvidə
Politoloq: "İranın Bakıya yönəlik əvvəlki ittihamları öz aktuallığını itirib"
"Azərbaycan ilə İran arasında münasibətlərdən danışarkən birmənalı fikir söyləmək çətindir. Azərbaycan dövləti daim İranla yaxın qonşuluq münasibətlərinin saxlanılmasında və inkişafında maraqlı tərəfdir. Amma İranın müəyyən hərbi, siyasi dairələrində münasibətlərin ikitərəfli inkişafından razı olmayan qüvvələr var. Onlar əlaqələrin inkişaf tendensiyasını həzm edə bilmirlər".
Bunu Modern.az saytına Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov hazırkı siyasi şəraitdə Azərbaycan-İran münasibətlərini şərh edərkən deyib. O bildirib ki, sözügedən qüvvələr daha çox işğalçı Ermənistanla əlaqələrin güclənməsində maraqlıdırlar. Ekspertin sözlərinə görə İranda yeni siyasi lider Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra rəsmi Tehranın beynəlxalq aləmdə mövqeyi müsbətə doğru dəyişməyə başladı.
"İranın nüvə proqramı ilə bağlı məsələlərdə rəsmi Tehranın tutduğu mövqe beynəlxalq aləm tərəfindən yaxşı qarşılanır. Həsən Ruhani beynəlxalq aləmdə pozitiv düşüncəli bir lider kimi qəbul edilir. Bir çox hallarda onu liberal düşüncə sahibi kimi İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ilə müqayisə edirlər". Analitik belə münasibətlərin Azərbaycanla bağlı siyasətdə də özünü büruzə verdiyi qənaətindədir. " Bu məsələ Azərbaycanla münasibətlərdə də özünü göstərir. Bu da məntiqidir. Çünki İran bir çox hallarda Azərbaycanı Qərb dövlətləri, əsasən ABŞ-la əlaqəsi olduğuna görə günahlandırırdı. İndi isə İranın özünün ABŞ-la münasibətlərdə anlaşma məqamlarının artması istər-istəməz Azərbaycanla münasibətlərə də müsbət təsir edir. İranın əvvəlki ittihamları öz aktuallığını itirib" - deyə E. Nəsirov bildirib.
Politoloq Azərbaycan prezidenti İlham Əliyevin İrana gözlənilən səfərinin perspektivə də toxunub. Onun sözlərinə görə dövlət başçısı səviyyəsində belə səfərlər iki ölkə arasında münasibətlərdə əlavə imkanlar yaradır. "Hesab edirəm ki, səfər çərçivəsində həllini tapmayan məsələlər ətrafında ciddi müzakirələr aparılacaq. Ortaq məxrəcə gəlmək tendensiyalarının olacağı güman edilir. Xüsusilə Xəzər dənizinin hüquqi statusu məsələsində yaranmış fikir ayrılıqlarının aradan qaldırılması yollarının müzakirəsi proqnozlaşdırılır. Yeni İran rəhbərliyi praqmatik siyasət yürütdüyündən rəsmi Tehran üçün Azərbaycanın aktuallığı da artır. Həsən Ruhani İranın milli dövlət maraqlarını hər şeydən önə çəkərək məhz Azərbaycanla əlaqələrin inkişafında daha maraqlı olacaq və bu istiqamətdə addımlar atacaq". Siyasi təhlilçi onu da əlavə edib ki, bütün bu amillər İranın işğalçı Ermənistanla əlaqələrini zəiflətməsi anlamına da gəlməməlidir. "Çünki Ermənistanla İran dinamik əlaqələr malikdir".
Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, İlham Əliyev aprel ayında İrana səfər edəcək.
Digər Xəbərlər
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55