Ermənilərin Suriya planı
11:34 18-04-2014
DÜNYA
Ermənilərin Suriya planı
Kəsabda baş verənlərin pərdəarxası
Suriyanın Kəsab şəhərindən ermənilərin qovulması ilə onların əlinə fürsət düşdü. Baş verənlərin xronologiyasını izləyəndə hətta bu hadisələri ermənilərin özlərinin bilərəkdən törətdiyini ehtimal etmək olar. Bu barədə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin hesabatında bildirilir.
Kəsab hadisələrinin üçüncü günündə Suriyadakı erməni Katolik kilsəsinin başçısı bəyan etdi ki, artıq Suriya parlamentinin 32 deputatından Kəsab hadisələrinin ermənilərə qarşı türklər tərəfindən soyqırım olmasına dair rəylər alınıb.
Erməni Katolik Kilsəsinin başçısı A.Selimyan Kəsab ermənilərinin Dağlıq Qarabağa köçürülməsinin əleyhinə çıxdı. Bildirdi ki, qonşu şəhərlərə, meşələrə və hətta qonşu ölkələrə qaçmış Kəsab erməniləri yaxın vaxtda öz şəhərlərinə qayıdacaqlar. Kəsab ermənilərinin Dağlıq Qarabağa köçürülməsi məsələsi də qısa müddət ərzində sürətlə diqqətə gətirildi. Ehtimal ki, ermənilər hamısı Kəsab hadisələrinə hazırlaşırmış.
Suriyadakı erməni başbilənləri Kəsab ermənilərinin dağılmasına ona görə rəvac veriblər ki, Suriya parlamenti "erməni soyqırımı"nı tanısın. Ermənistandakılar isə Dağlıq Qarabağda vəziyyətin gərgin olduğu dövrdə Kəsab ermənilərini didərgin salıb ora köçürməklə yeni vəziyyət yaratmaq niyyətində olublar. Erməni başbilənlərinin öz məqsədlərinə çatması üçün erməniləri əzab-əziyyətə düçar etməsi birinci hadisə deyil.
Kəsab ermənilərinin düşdüyü vəziyyətdən istifadə edərək ermənilər yeni antitürkiyə kampaniya başladılar. Türkiyə Suriya ermənilərini öz ərazisində yerləşdirməyə hazır olduğunu bildirdi.
"Keçmişin mübahisəsiz vacibliyinə diqqət verərək, biz həm də gələcəklə yaşamalıyıq. Biz tam inamlıyıq ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq vasitəsilə regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsində ciddi imkanlar əldə edə bilərik. Biz ümumi regionumuzun islahatlar vasitəsilə birgə inkişafına ümidliyik. XXI əsrdə yaşayarkən biz inanırıq ki, gələcəyə gedən yol Ermənistanla Türkiyənin arasında sərhədlərin açılmasından və diplomatik münasibətlərin qurulmasından keçir" - Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Baqdasaryan bu fikirləri Yerevanda keçirilən "NATO-nun Cənubi Qafqazda tərəfdaşlığı: regional təhlükəsizliyə strateji yanaşma" mövzusunda keçirilən konfransda bildirdi. Hər halda ermənilərin belə tez-tez dəyişməsi heç kimə sirr deyil.
Daha 3 məsələ diqqətdən kənarda qalmır. Bunlardan birincisi, Türkiyənin kürdlər yaşayan regionlarında erməni kilsələrinin dəyişiklik katalizator rolu haqqında Qərb mətbuatında gedən yazıdır. Bu, kürdlərin antitürkiyə fəaliyyətində ermənilərin onların kilsələrinin roluna və bu rolun Qərb tərəfdən dəstəklənməsinə yaxşı misaldır. Digər misal isə Tələt paşanın Soqomon Teyleryan tərəfindən Berlində güllələnməsinin il dönümünün qeyd edilməsidir.
Ermənilər türkləri məhz türk olduqlarına görə öldürmək planını bir daha təbliğ etdilər. Üçüncüsü, Krımda baş verən hadisələr fonunda ermənilər Krım tatarlarına "yeni türk sortu" adı verdilər.
"Ermənistan-Türkiyə münasibətləri tamamilə Moskvanın nəzarəti altındadır. Rusiyanın siyasəti Türkiyəni Ermənistanın əbədi düşməni, Rusiyanı isə Ermənistanın əbədi dostu kimi təqdim etməkdən ibarətdir. Hazırda Ermənistan-Türkiyə sərhədi faktiki Rusiya-Türkiyə sərhədidir. Belə olan təqdirdə Rusiya bu faktordan istifadə edərək regionda öz təsirini artırır" - Ermənistanın keçmiş təhlükəsizlik naziri, "Konkord" araşdırmalar mərkəzinin rəhbəri D.Şahnazaryan.
"Avropalılar Türkiyədə ölmüş ermənilərin sümüklərini alıb ondan heyvan üçün yem düzəldirdilər" - Türkiyə publisisti və yazıçısı B.Oran.
Suriyanın ermənilər məskunlaşmış Kəsab şəhəri radikal islamçıların, Türkiyənin və Suriya hökumət qoşunlarının əməliyyat zonasına çevrildi. Bu, ermənilərin Kəsabı tərk etməsi ilə nəticələndi. Niderlandda nüvə sammitində iştirak edən S.Sərkisyan Kəsab hadisələri ilə bağlı xüsusi müraciətlə çıxış etdi, Kəsab hadisələrini "ermənilərin üçüncü soyqırımı" adlandırdı. ABŞ-dakı ermənilər B.Obama administrasiyasına müraciət edərək Türkiyəyə təsir etməsini tələb etdilər. ABŞ Dövlət Departamenti Kəsab hadisələrinə reaksiya verdi - pislədi, amma Türkiyənin rolunu qeyd etmədi. Bu, ermənilərdə narahatlıq yaratdı.
Rusiya Kəsab ermənilərinə qarşı törədilənləri pislədi. Rusiyanın bu mövqeyini BMT BA-da Ermənistanın Rusiyanın dəstəklənməsinə qarşılıq kimi başa düşmək olar.
Kəsab hadisələrinin əsas motivasiyası belədir: coğrafi mövqeyinə görə Kəsab Suriya hadisələri zamanı Rusiya radarları yerləşdirməsi üçün ən əlverişli məkan kimi seçildi. Bəşər Əsəd rejiminin təhlükəsizliyinin təminində Rusiyanın qurduğu radarların rolu çox vacib idi. Rusiya radarlarına qarşı mübarizə aparmaq məqsədilə Kəsab və Kəsab ətrafında islamçı radikal qruplaşmalar cəmləşdi.
Bunların birləşərək hərbi fəaliyyətə başlamasından öncə Türkiyə aktivlik nümayiş etdirdi. Eləcə də Suriyanın hökumət qoşunları da məsələyə müdaxilə etməyə hazırlaşırdılar. Bu hazırlığın qatı geosiyasi təbəqəsi də vardır. Ukrayna hadisələrində Rusiyaya uduzan Qərb vaxtilə Rusiyaya uduzduğu Suriyanı geri qaytarmaq niyyətinə düşdü. Eləcə də Suriyada vəziyyəti gərginləşdirməklə Rusiya üçün ikinci müharibə ocağı yaratmaq niyyətinə düşdü. Beləliklə, Suriyanın ermənilərlə məskunlaşılmış Kəsab şəhəri geosiyasi burulğanların və siyasi hadisələrin turbulent zonasına düşdü.
Ermənistan və Suriyadakı ermənilərin Kəsab hadisələrindən əvvəlcədən xəbərdar olduqları bəlli olur. Hər tərəf öz marağı üçün bu hadisələrdən istifadə etməklə bağlı plana malik olub. Ermənilər Kəsabdakı erməniləri didərgin salıb, Dağlıq Qarabağa gətirmək istəyirmişlər, bununla da Dağlıq Qarabağda gedən proseslərə yeni istiqamət verə bilərdilər.
Suriya Katolik ermənilərinin başçısı A.Selimyan isə Suriyada "erməni soyqırımının" tanınması üçün Kəsab hadisələrindən istifadə etmək planına malik imiş. Ermənistan parlamentariləri Suriyada oldular. B.Əsədlə görüşüb vəziyyəti müzakirə etdilər. Hər iki erməni katolikosu əvvəldən bu məsələni diqqətdə saxlamışdılar.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-22 20:56:07
2024-11-22 20:26:34
2024-11-22 20:06:36
2024-11-22 19:59:51
2024-11-22 19:50:41
2024-11-22 19:29:32
2024-11-22 18:59:58
2024-11-22 18:25:10
2024-11-22 18:13:34
2024-11-22 17:30:03
2024-11-22 17:24:08
2024-11-22 16:38:54
2024-11-22 16:21:00
2024-11-22 15:45:00
2024-11-22 15:28:00
2024-11-22 14:45:34
2024-11-22 14:35:05
2024-11-22 14:08:21
2024-11-22 13:56:00
2024-11-22 13:36:00