Deputatlarımız həməruzəçilərlə görüşdə
Dağlıq Qarabağ problemini müzakirə etdilər
Mayın 20-də Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə komitəsinin (Monitorinq komitəsi) həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrexlə görüşü oldu.
YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirdi ki, Milli Məclisin tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir. Parlamentdə 10-a yaxın siyasi partiya təmsil olunur. O, qonağa parlamentin qanun yaradıcılığı prosesi, ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə qarşılıqlı əməkdaşlığı barədə məlumat verdi. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən, qurumla əlaqələrin daha da inkişaf etməsinə tərəfdar olduğumuzdan söz açdı.
Görüşdə çıxış edən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev çıxışlarında onları düşündürən məsələlərdən və ölkənin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən söhbət açdılar. Qeyd olundu ki, 20 ildən artıqdır ki, davam edən münaqişə bütün regionun təhlükəsizliyini ciddi təhdid altında saxlayır. Görüşdə bildirildi ki, Azərbaycanın Venesiya Komissiyası və Avropa Şurasının digər təsisatları ilə qarşılıqlı əməkdaşlığı yüksək səviyyədədir. Parlamentdə qanun layihələri hazırlanarkən bu qurumlardan gələn bütün təkliflərə həssaslıqla yanaşılır.
Pedro Aqramunt Azərbaycanda müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirdi. Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan qonaq bildirdi ki, münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edilməlidir.
Söhbətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı, həmməruzəçilərin sualları cavablandırıldı.
Digər Xəbərlər
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01