NATO-nun hərbi yardımı Ukrayna sərhədinə çatdı
08:42 21-05-2014
DÜNYA
NATO-nun hərbi yardımı Ukrayna sərhədinə çatdı
Kremlin ikinci adamından Kiyevə sensasion mesaj
Şok iddia: Putin seçki günü Ukraynaya qoşun yeridəcək
Şimali Atlantika İttifaqına (NATO) üzv ölkərinin ilk hərbi yardımı artıq Ukrayna sərhədindədir. unian.net saytının verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Andrey Parubiy bildirib.
"Dəbilqələr, gülləkeçirməyən jiletlər, gecə cihazları, tibbi yardım lavazimatları və başqa avadanlıqlar artıq Ukrayna sərhədindədir və Ukrayna ordusu yardımı bir neçə günə alacaq", - Parubiy deyib.
A.Parubiyin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi metodlar ölkənin müdafiə sektorunda islahatların aparılmasını tələb edir: "Rusiya müharibənin ən yeni metodlarından istifadə edir. Bu "hibrid müharibə"sidir. Ordudan başqa diversiya və kriminal qruplarından istifadə olunur. NATO-dakı partnyorlarımız da anlayırlar ki, əgər Putin dayandırılmasa, sabah Ukraynada onun tanklarının harada olacağı məlum deyil".
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rusiya hərbi qruplaşmalarının Ukrayna sərhədindən çəkildiyini təstiqləməyib.
Ukraynada gərgin
döyüşlər gedir
Bu arada məlum olub ki, Ukrayna hərbçiləri Slavyansk şəhərini artilleriya atəşinə tuturlar.
Ukrayna hərbçiləri şəhərin yaxınlığında yerləşən Karaçun dağından şəhəri atəşə tuturlar. Slavyansk sakinlərinin sözlərinə görə, şəhərdə güclü partlayış səsləri eşidilir, yaşayış binalarında pəncərələrin şüşələri partlayıb. İlkin məlumatlara görə, xeyli insan yaralanıb.
Anti-terror əməliyyatları nəticəsində Slavyansk şəhəri ilə yanaşı Kramatorsk şəhəri də 40 dəqiqə ərzində atəşə tutulub. Burada isə ölən və yaralanalar barədə məlumat verilmir.
25 mayla bağlı şok iddia
Rusiya mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisinin qarşısını almaq üçün hərbi təyyarələrlə bu ölkənin hava məkanını pozaraq müdaxiləyə başlayacaq. Bununla bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Rusiya Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin Müdafiə Sistemini yarmaq üçün "Təyyarələr paradı" adlı hava əməliyyatı hazırlayır.
Plana görə, Ukrayna hərbçiləri ölkə ərazisinə soxulan təyyarələri vurmalıdırlar. Rus təyyarələri seçkiləri pozmaq üçün alçaqdan və yaşayış məskənlərinin üzərindən uçacaqlar.
Rus təyyarələrinin Kiyevə qədər uçacaqları bildirilib. Təyyarələrin vurulmasından sonra Rusiya Ukrayna ərazisinə hücuma keçəcək. Və bəhanə edəcək ki, ilk atəşi Ukrayna ordusu açıb.
Təxribat variantı da istisna olunmur. Rus hərbçiləri öz təyyarələrini də vura bilərlər. Təyyarələrin vurulmasından sonra hücum 3 istiqamətdə olacaq. İlk müdaxilə Luqansk istiqamətində olacaq. Digər iki istiqamət isə Belorus və Dnestryanı ərazisindən ehtimal olunur.
Mənbənin sözlərinə görə, Rusiya seçkiləri pozmaqda israrlıdır. Ona Ukraynanın ərazisi lazım deyil. Ona Ukraynanın Avrointeqrasiyasının və NATO-ya qoşulmasının qarşısını almaq üçün öz istədiyi prezident lazımdır.
Mənbə həmçinin bildirib ki, seçki günü Mərkəzi Seçki Komissiyasını tutmaq üçün Kiyevə havadan diversiya qrupu atılacaq.
Medvedev Ukraynanın bütövlüyünə
zəmanət vermədi
Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynanın ərazi bütövlüyünə zəmanət verməkdən imtina edib. Bu barədə Medvedev Qərb KİV-nə müsahibəsində bildirib.
Rusiyanın ikinci adamı bildirib ki, Rusiya heç vaxt Ukraynanın ərazi bütövlüyünün saxlanılmasına dair öhdəlik götürməyib, müvafiq olaraq da Rusiya bu ölkənin ərazi bütövlüyünə dair zəmanət verə bilməz: "Biz hesab edirik ki, əsas hədəf Ukrayna ərazisindəki vəziyyəti sakitləşdimək olmalıdır".
Medvedev həmçinin bildirib ki, Qərb ölkələri Ukraynanın daxili işlərinə qarışmayacaqlarına və bu ölkənin NATO-ya üzv olmasına nail olmayacaqlarına dair zəmanət verməlidirlər. Baş nazirin fikrincə, ukraynalılar ilk növbədə rəsmi Kiyevdən zəmanət almalıdırlar. Bunun üçün isə tərəflər arasında dialoq başlanmalıdır.
Ukraynanın ən zəngin iş adamı fəhlələri
separatçılığa qarşı
xəbərdarlıq tətilinə çağırdı
Ukraynanın ən zəngin iş adamı, ölkənin şərqindəki əksər sənaye müəssisələrinin sahibi olan Rinat Əhmədov öz müəssisələrində çalışan fəhlələri separatçılığa qarşı xəbərdarlıq tətili keçirməyə çağırıb. Ukrayna xəbər agentliklərinin verdiyi məlumata görə, R. Əhmədov "Ukraina" telekanalının efirində təcili bəyanatla çıxış edib. R. Əhmədov insanların qorxu içində yaşamaqdan yorulduğunu vurğulayıb: "Bu gün Mariupol sakinləri sülh marşı keçirmək istəyib. Mənə dedilər ki, 50 min dən çox adam aksiyaya çıxmağa hazırlaşır. Təkcə Mariupol şəhərində bu qədər adam küçələrə çıxmaq niyyətindədir, bütün Donbassda isə belələrinin sayı milyonlarladır. Niyə? Çünki insanlar qorxu və terror şəraitində yaşamaqdan, küçəyə çıxanda gülləyə tuş gəlməkdən yorulub. İndi Donbassda avtomatlar və qumbaraatanlarla gəzirlər, şəhərlərdə quldurluq, soyğunçuluq hökm sürür. Məgər dinc həyat belə olur? Belə vəziyyətdə güclü iqtisadiyyat, layiqli iş və layiqli əməkhaqqı necə mümkün ola bilər? Mən hər kəsə söyləmək istəyirəm: Bizi qorxutmaq və dayandırmaq mümkün deyil! Heç kim, o cümlədən özünü hansısa Donetsk respublikası elan edənlər bunu bacarmayacaq. "Donetsk respublikası"nın liderlərini axı kim tanıyır? Onlar Donbass üçün nə ediblər? Heç nə. Onlar əslində Donbassa qarşı mübarizə aparır. Bu, Donbassa qarşı soyqırımdır".
R. Əhmədov bölgənin əmək kollektivlərini xəbərdarlıq tətilinə çağırıb: "Mən bütün əmək kollektivlərini öz iş yerlərində xəbərdarlıq aksiyasına səsləyirəm. Aksiya Donbassın bütün müəssisələrində günorta fit səsi ilə başlayacaq. Nə qədər ki, sülh əldə olunmayıb, hər gün saat 12.00-da bütün Donbassda bu cür fit səsi eşidiləcək". Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərində gərginliyin başladığı gündən bəri Rinat Əhmədov ilk dəfədir ki, separatçılığa qarşı konkret addımlar atır. Bölgənin ən güclü adamı olan məşhur iş adamının bu mövqeyi separatçılara qarşı sarsıdıcı zərbə kimi qiymətləndirilir.
Rusiyaya hücum
güclənir: "Kipr Avropanı qazla təmin edəcək"
Əgər Kiprdə yeni qaz yataqları ilə bağlı aparılan işlər uğurla nəticələnsə, o zaman Avropa Rusiyadan qaz asılılığını azaldacaq. Bu açıqlama ilə Kiprin Energetika naziri Georgi Lakkotripisa çıxış edib.
O, aktiv fəaliyyətə 2-3 həftə ərzində başlanılacağını bildirib: "Hazırda Kipr 6 trilyon kub fut təbii qaz ehtiyatına sahibdir. Uğurlu kəşfiyyat işindən sonra bunu 4-5 trilyon kub fut daha qaldıra bilərik. Bu işin aparılmasında Eni, Koreya Qaz Qrup və Total kimi şirkətlər iştirak edəcək. Aktiv işə 2-3 həftə ərzində başlanılacaq".
Qeyd edək ki, Qərb Rusiyaya qarşı sanksiyaların effektivliyini artırmaqdan ötrü ondan aldığı qazdan imtina etmək niyyətindədir. Bunun üçün əlavə qaz ehtiyatları axtaran Avropanın əsas ümid nöqtələri kimi Azərbaycan, Türkmənistan və İran göstərilir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04