Putinin vurucu qüvvəsi: likudniklər və "Black Water" partizanları
10:26 03-06-2014
DÜNYA
Putinin vurucu qüvvəsi: likudniklər və "Black Water" partizanları
1980-ci ildən bu günədək Amerika Konqresinin qəbul etdiyi 1800-dən çox xarici siyasət qərarı heç bir effekt verməyib
Suriyada müharibə ssenarisi ABŞ-ın Əfqanıstan və İraq əməliyyatlarında xeyli fərqlənirdi. Qərb Suriyanı daxilindən vuraraq uğur qazanmaq arxasında idi.
Əsas məqsədlərdən biri isə Şimali İraqdakı avtonom kürd dövlətilə Aralıq dənizi arasında dəhliz yaratmaq və bununla Rusiyanın Tarsus limanındakı hərbi bazasını dağıtmaqdı. Lakin Bəşər Əsədin devrilməməsi və lazım olan dəhlizin yaradıla bilməməsi amerikalıların "Super dövlət" yaratmaq istəklərinin üzərindən xətt çəkdi.
Əsədi devirməkdə ABŞ-ın əsas hədəfi Suriya yox, Rusiya idi. Koreya, Tayvan və Yaponiya üzərindən Çinə edilən təzyiqlər kimi Qərb Yaxın Şərq vasitəsilə eyni hücumu Rusiyaya hazırlamışdı. Amerika Suriyada vəziyyəti gərginləşdirməklə həm də 2008-ci ildən bu günədək davam edən iqtisadi böhrandan yaxa qurtarmağı planlaşdırırdı. Çin və Rusiyanı Suriyada qloballaşan daxili müharibəyə cəlb etməklə ABŞ silah və neft sahələrindəki ticari rəqabəti gücləndirdi.
ABŞ Rusiya faktoruna görə Suriyaya açıq müharibə elan edə bilmir
2011-ci ildən bu günədək ABŞ Suriya müharibəsində döyüşən radikal terror təşkilatlarına milyardlarla dollar məbləğində silah satıb. Eyni zamanda Ukraynada Yanukoviçi devirməyə cəhd edəndə ABŞ Rusiyanın Xarkov, Krım və Donetskdə siyasi çəkisinin ağır olduğunu bilirdi. Vaşinqton başa düşürdü ki, Ukraynada ediləcək çevriliş cəhdi Rusiyanın adekvat cavabı ilə qarşılanacaqdı. Məqsəd Rusiyanı müxtəlif istiqamətlərdə hərəkətə gətirib çaşdırmaq idi. Rusiya faktoruna görə Suriyaya da açıq müharibə elan edə bilməyən ABŞ radikal qruplaşmaların əlilə Qutada sarin qazından istifadə edərək kütləvi qırğın həyata keçirdi. Quta soyqırımı ABŞ-ın Suriyaya açıq müdaxiləsinə zəmin hazırlamaqdı. Lakin Rusiyanın regiondakı varlığı buna əngəl oldu. Cenevrə konfransında Obama Quta qırğınının Əsəd yox, "əl-Qaidə" tərəfindən törədildiyini bildirməklə Suriyaya müdaxilə əmrini verməkdən boyun qaçırdı. "Əl-Qaidə", "əl-Nüsrə" və İDİD kimi radikal sələfi təşkilatlarının Suriyaya müharibəsinə cəlb edilməsinin əsl səbəbi ABŞ və İsrail hakimiyyətlərində baş verən çatdır. Buş dövründə qurulmuş nizami orduya edilən təzyiqlər Pentaqon və neokonlar arasında böhrana səbəb oldu.
"Black Water"
partizanları
Çeneyin tabeliyində olan "Black Water" kimi xüsusi ordu və SSRİ-nin Əfqanıstana hücumu əsnasında ABŞ, Səudiyyə Ərəbistanı və İsrail tərəfindən yaradılan "əl-Qaidə" kimi terror təşkilatlarının əlilə silah və enerji ticarətinin dövriyyəsi artırıldı. Çeneyin "Goldman Sachs" və "JP Morgan" kimi nəhəng investisiya bankları Asiyada baş verən müharibələrin əsas kapital mənbəyini təşkil etdi. Ukrayna da vəziyyət gərginləşən kimi "Black Water"dəki legioner muzdlu əsgərlər gizli şəkildə rusların təsirləri altında olan regionlara göndərildi. Həmin legionerlərdən vaxtilə İraq, Əfqanıstan, Afrika və Latın Amerikası ölkələrində də istifadə edilib. Digər ölkələrdən fərqli olaraq amerikan legionerlər Ukraynada kontr-partizan əməliyyatlarında iştirak edirlər. NATO-nun gizli şəkildə Qara dənizdən Ukraynaya sızmasını başa düşən Rusiya Krımı işğal edərək Luqansk, Donetsk və Xarkovda möhkəmlənməyə çalışır. Prezident seçkisində Rusiyanın Ukraynada iri miqyaslı təxribat işini reallaşdırmamasının səbəbi də NATO partizanlarının proseslərə güclü nəzarət mexanizminin olması idi. Əks təqdirdə Rusiya təxribatı ilə Ukraynada vəziyyət qlobal xarakter ala bilərdi. Ukrayna və Suriyada baş verən proseslərin qlobal müharibəyə çevrilməməsinin səbəbi nüvə silahlarına sahib olan iki nəhəng dövlətin - ABŞ və Rusiyanın hadisələrdə yer almalarıdır.
"Qladio"
Çeney lobbisinin ən güclü dəstəkçiləridən olan Likudniklər, yəni İsrail iqtidarındakı sağ qüvvələr də ABŞ-ın Suriya və Ukrayna hadisələrindəki mövqelərini dəstəkləməyə məcbur olublar. Çünki Rusiyanın dünyada baş verən proseslərin istiqamətverici oxuna çevrilməsi İsraili də narahat etməyə başlayıb. Buna kimi isə Likudniklər "Altlıq" və İran arasındakı nüvə müzakirələrinin qəti əleyhinə çıxaraq ABŞ-ı vuracaq bəyanatlar səsləndirirdi. Lakin Krımı işğal etməklə Rusiya Qərb qarşısında əhəmiyyətli gediş əldə edib. Bu ABŞ-la yanaşı İsrailin də maraqlarını təhlükə altında saxlayır. Krımın üstünə Avrasiya İttifaqını yaratmaqla Qərbdə çaşqınlıq yaradan Rusiya Suriya, Əfqanıstan, Pakistan və NATO-nun nəzarətində olan digər Asiya ölkələrində möhkəmlənə bilər. Siyasi uğur qazandıqca Moskva əlindəki imkanlardan Bəşər Əsədi vurucu qüvvəyə çevirməsi də mümkündür. Putin digər tərəfdən Suriya və Ukrayna hadisələrindən hakimiyyətdəki mövqeyini möhkəmlətdi. Çin və Rusiyanın möhkəmlənmiş təməl üzərində əməkdaşlığı gündəmə gəldi. Məntiq özünü təsdiq etdi, Pekinlə "Qazprom" arasında 55 milyard dollarlıq qaz sazişi imzalandı. Hətta amerikan dolları ehtiyat valyuta statusundan çıxarıldı. Bu fonda ABŞ olduqca passiv görünür. Konqres isə yalnız bir-iki lazımsız qərar çıxarmaqla kifayətləndi. 1980-ci ildən bu günədək Amerika Konqresinin qəbul etdiyi 1800-dən çox xarici siyasət qərarı heç bir effekt verməyib. ABŞ Krım və 55 milyardlıq sazişə qədər Bərzani vasitəsilə Şimali İraqla Aralıq dənizi arasında dəhliz yaratmaqla Tarsusdakı rus bazalarına zərbə vurmağı hədəf almışdısa, Rusiyanın Ukrayna üzərindən Avropaya qaz göndərdiyi boru kəmərlərinin qarşısını kəsmək istəyirdi. Ukrayna hadisələrilə Rusiya və ABŞ arasında "soyuq müharibə"nin yeni dönəminə start verildi.
CIA və NATO-nun tabeliyində olan "Qladio" bundan sonra Rusiyaya qarşı ayrı-ayrı ölkələrdə gizli əməliyyatlara başladı. Nəticədə isə bu Ukraynanın parçalanmasına rəvac verdi. Baş verən proseslərin fonunda Rusiya hələlik müttəfiqlərdən üstün görünür, vəziyyətin hara qədər davam edəcəyini əvvəlcədən demək isə həllsiz məsələyə çevrilib.
Ömər Zamin
Digər Xəbərlər
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40