Postsovet məkanı uğrunda savaş böyüyür
Barrozu və Lavrovun səfərlərindən sonra nə baş verəcək?
Bu gün Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycana səfərə gəlir. Onun ardınca – 17 iyunda Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.
Xarici siyasi müşahidəçilər hər iki səfərin nəticəsini maraqla gözləyir. Postsovet məkanı uğrunda, Qərb və Rusiya uğrunda mübarizənin, demək olar ki, son mərhələyə qədəm qoyduğu bir vaxtda sözügedən səfərlərin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir. Azərbaycan yeganə postsovet ölkəsidir ki, illərdir apardığı çoxvektorlu xarici siyasətini yaşatmaqda israrlıdır. Digər postsovet respublikalarının gedəcəyi yol, demək, məlumdur. Ukraynada hakimiyyət dəyişikliyindən sonra postsovet məkanı uğrunda Qərb və Rusiya arasında gedən mübarizəyə bir qədər də aydınlıq gətirildi. Ukraynanın yeni prezidenti iyunun 7-də keçirilən andiçmə mərasimində xalqa müraciətində Avropa Birliyi ilə assosiasiya haqqında müqaviləni mümkün qədər tez imzalayacağına söz verib. Onun sözlərinə görə, bu, Avropa Birliyinə tamhüquqlu üzv olmaq yolunda ilk addım olacaq.
Bundan əvvəl isə məlum idi ki, Gürcüstan və Moldova iyunun 27-də Avropa Birliyi ilə assosiativ saziş imzalayacaq. Orta Asiya ölkəsi olan Özbəkistan da Kremldən verilən əmrləri yerinə yetirmək niyyətində deyil. Daşkənd Rusiyanın postsovet məkanı üzərində yenidən hegomonluq qurmaq cəhdlərinə açıq şəkildə qarşı çıxır. Özbəkistan prezidenti İslam Kərimov bir neçə gün bundan əvvəl verdiyi açıqlamada Rusiya, Qazaxıstan və Belarusun həmtəsisçiliyi ilə qurulan Avrasiya İqtisadi İttifaqını keçmiş sovet respublikalarının müstəqilliyi üçün təhdid adlandırıb. Daşkənddə keçirilən beynəlxalq qida konfransında danışan Kərimov "deyin mənə, iqtisadi müstəqillik olmadan siyasi müstəqillik olarmı?" deyərək ölkəsinin Avrasiya İqtisadi İttifaqına qatılmaq istəmədiyini vurğulayıb. Özbəkistan regionda məhz NATO maraqlarından çıxış edir. Bunun nəticəsidir ki, Özbəkistan 2013-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxaraq ərazisində Şimali Atlantika İttifaqının nümayəndəliyini açmağa icazə verdi. NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Daşkənddə ittifaqın bürosunun açılışında bildirdi ki, təmsil etdiyi qurum Özbəkistana hərbi islahatlar keçirməyə kömək edəcək. Hərbi islahatlar çərçivəsində ölkənin müdafiə strukturlarının müasirləşdirilməsi, hərbi təhsil sisteminin təkmilləşdirilməsi planlaşdırılır.
Orta Asiyadakı ümumi mənzərəyə gəlincə, Qazaxıstan, məlum olduğu kimi, artıq Avrasiya İqtisadi İttifaqının üzvüdür. Qırğızıstan da, demək olar ki, bu yolun yolçusudur. Tacikistanın da Kremlin əmrindən çıxacağı ağlabatan deyil. Ölkənin Əfqanıstanla sərhədinə Rusiya sərhədçilərinin qayıtması barədə danışıqlar gedir. Ermənistana gəlincə, bu ölkədən əlavə söhbət açmağa ehtiyac yoxdur. Ermənistan "müstəqillik" əldə edəndən bəri Rusiyanındır. Göründüyü kimi, postsovet məkanında ümumi mənzərə aydındır, kimin hansı yolun yolçusu olduğu, demək olar ki, məlumdur. Azərbaycandan başqa. Həm Brüsseldə, həm də Moskvada ümid edirlər ki, onun yanında özünü daha təhlükəsiz və rahat hiss edəcəyi barədə Bakını inandıra biləcəklər. Amma hazırkı vəziyyətdə bu mümkün görünmür. Rəsmi Bakı dəfələrlə bildirib ki, Avropa Birliyi ilə bərabər münasibətlər qurmaq istəyən Azərbaycan assosiativ razılaşma imzalamaq niyyətində deyil. Avrasiya İqtisadi İttifaqa üzvlüyə gəlincə, srağagün növbəti dəfə rəsmi Bakının mövqeyi maraqlı tərəflərin diqqətinə çatdırıldı. "Azərbaycanın hələlik Avrasiya İttifaqına qoşulmaq niyyəti yoxdur. Biz hələlik bu barədə düşünmürük". Bu mesajı Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib. Rəsmi Bakının həm Avropa Birliyi, həm də Avrasiya İqtisadi İttifaqı ilə bağlı mövqeyini ortaya qoymasına baxmarayaq, Rusiya və Avropa emissarlarının təxminən eyni vaxtda paytaxtımıza səfəri proseslərə əlavə intriqa qatır. Caspian International Broadcasting Company-ın (CIBC) beynəlxalq teleradio şirkəti bildirir ki, Rusiya xarici işlər nazirinin səfərində Azərbaycan rəhbərliyi ilə görüşlərdə ikitərəfli münasibətlərlə bağlı aktual məsələlər, regional təhlükəsizlik problemləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi müzakirə olunacaq. CIBC-in iddiasına görə, beləliklə, Moskva diqqətə çatdırmağa çalışır ki, Ermənistanla ittifaq xarakterli münasibətlərə baxmayaraq, Azərbaycanla strateji əməkdaşlığın saxlanılmasında maraqlıdır.
Rusiyalı politoloqlar əmindirlər ki, S.Lavrovun Bakı səfəri Rusiyanın bir sıra təklifləri ilə əhəmiyyətli ola bilər. Bu təkliflərdən biri də Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsinə yenidən baxması ilə bağlı ola bilər. "Həm də bu təklif bir həftə öncə Bakıda olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev tərəfindən səsləndirilib. Belə bir arzunu həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayev də ifadə edib. Ancaq rəsmi Bakı seçdiyi yoldan kənara çıxmaq niyyətində deyil", – CIBC bildirir. Bakı və Moskvanın münasibətlərini indiki halda müvəffəqiyyətli hesab etmək olar. Hər iki ölkənin rəsmi strukturlarına əsasən, ikitərəfli münasibətlər strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Ticarət əlaqələri müvəffəqiyyətlə inkişaf edir. 2013-cü ildə ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollardan çox təşkil edib. Bu, 2012-ci illə müqayisədə 4 faiz artım deməkdir. İkitərəfli əlaqələrin inkişaf perspektivləri 23-24 iyun tarixlərində Qəbələ şəhərində keçiriləcək Azərbaycan-Rusiya 5-ci regionlararası forumda da geniş müzakirə olunacaq.
Həm Joze Manuel Barrozu, həm də Sergey Lavrov və Dmitri Roqozin Bakıya səfərləri postsovet məkanı uğrunda gedən mübarizənin taleyinə böyük ölçüdə aydınlıq gətirə bilərdi. Əgər hansısa tərəf Bakıdan tam razı qayıtsaydı. Amma təbii ki, bu baş verməyəcək. Sözügedən səfərlərdən sonra da Bakının xarici siyasətində hansısa dəyişikliyi gözləmək lazım deyil. Azərbaycan Avropa qurumları ilə əməkdaşlıq yolundan çəkilməyəcək, eyni zamanda, yaxın qonşularla, ilk növbədə şimal qonşusu Rusiya ilə strateji əməkdaşlığın yaradılmasına çalışacaq. Əslində, Azərbaycanı ram edə bilməyən tərəflərə bu vəziyyət də sərf edir. Necə deyərlər, mənim yanımda deyilsənsə, ən azından, qarşımda da olmamalısan. Yəni hər iki tərəf Azərbaycandan neytrallıq da tələb edə bilər. Moskva Ukraynanı əlindən çıxmaqda olduğunu hiss edəndə onun da neytral qalması tələbini irəli sürmüşdü.
Ömər Dağlı
Digər Xəbərlər
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17
2024-12-23 22:20:17
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13