Ukrayna separatçılara qarşı yeni cəbhə açdı
15:28 14-06-2014
DÜNYA
Ukrayna separatçılara qarşı yeni cəbhə açdı
Donetsk separatçılarının liderinin mikroavtobusu partladıldı: 2 nəfər öldü, 7 nəfər yaralandı
Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində antiterror əməliyyatı keçirilir. Belə ki, dünən səhər saatlarında Ukrayna Milli Qvardiyası, DİN-in "Azov" xüsusi batalyonu və "Dnepr-1" batalyonu Mariupol şəhərində separatçılara qarşı əməliyyata başlayıb.
Silahlıların nəzarətində olan inzibati binalar və bank şöbəsi azad edilib, 5 terrorçu məhv edilib, onlara məxsus "BRDM" (hərbi kəşfiyyat-keşik avtomobili) vurulub. Daxili işlər naziri Arsen Avakov 11 silahlı separatçının yaxalandığını və silahla dolu bir avtomobilin ələ keçirildiyini açıqlayıb.
Şəhərin təmizlənməsi üçün əməliyyat davam etdirilir.
Rusiyadan
Ukraynaya daxil olan
2 tank vuruldu
Ukraynanın şərqində, antiterror əməliyyatının keçirildiyi zonada növbəti ciddi toqquşma baş verib.
"İnformasiya Müqaviməti" adlı Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, istefada olan podpolkovnik Dmitri Tımçuk özünün "Facebook" səhifəsində Ukrayna qüvvələri ilə terrorçular arasındakı döyüşlərlə bağlı məlumat verib. O, döyüşlərdə 4 Ukrayna hərbçisinin həlak olduğunu, 31-nin yaralandığını açıqlayıb.
İki gün əvvəl Rusiyadan sərhədi keçərək Ukrayna ərazisinə daxil olmuş 2 ədəd tank Ukrayna əsgərləri tərəfindən vurulub. Bundan başqa, 3 ədəd "BTR", üzərində iri çaplı pulemyot quraşdırılmış 2 avtonəqliyyat vasitəsi, eləcə də terrorçuları və silah-sursat daşıyan 2 ədəd yük avtomobili məhv edilib. Əlavə olaraq, Rusiya sərhədi yaxınlığında Rusiyadan Ukrayna ərazisinə soxulan 3 avtomobil karvanı ələ keçirilib. Avtomobillər Ukraynanın şərqindəki terrorçulara silah-sursat gətirirmiş. Terrorçuların nə qədər itki verdiyi hələlik bəlli deyil.
ABŞ Dövlət
Departamenti Rusiyanı hədələdi
Vaşinqtonda Rusiya tanklarının Ukrayna sərhədindən keçməsi barədə məlumatlar yoxlanılır. Əgər məlumatlar təsdiqlənsə, bu, böhranın dərinləşməsi kimi qiymətləndiriləcək. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.
O qeyd edib ki, yayılan məlumatlar təsdiqlənsə, ciddi nəticələr olacaq. "Bu isə Şərqi Ukraynada böhranın dərinləşməsi olacaq", - deyə o vurğulayıb.
Ukrayna Dövlət
Sərhəd Xidmətinin
rəisi istefa verdi
Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi Nikolay Litvin istefa verib. Litvin bildirib ki, ötən gün qurumun qarşısında aksiya keçirən fəallar öz məqsədlərinə çatıblar.
Qeyd edək ki, mayın 12-də Kiyevdə Nikolay Litvinin istefasını tələb edən 150-dək Maydan nümayəndəsi Dövlət Sərhəd Xidmətinin binasının qarşısında piket keçiriblər.
Donetsk
separatçılarının
liderinin
mikroavtobusu
partladıldı
Qondarma "Donetsk xalq respublikası"nın lideri Denis Puşilinin mikroavtobusu Donetsk şəhərinin mərkəzində, vilayət administrasiyasının binasının qarşısında partladılıb.
Rusiya mətbuatının verdiyi xəbərə görə, partlayış nəticəsində 7 nəfər yaralanıb. Onların arasında 2-si Puşilinin mühafizəçisi, sürücüsü və şəxsi köməkçisinin olduğu bildirilir. Puşilin özü hadisə baş verən an maşında olmadığı üçün xəsarət almayıb. Yaralananlardan 2-si sonradan xəstəxanada keçinib.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış avtomobil yenicə binadan aralandıqdan sonra baş verib. Partlayışdan sonra naməlum silahlı şəxslər avtomobili tərk etməyə çalışan yaralılara atəş açıblar sonra isə avtomobilə minərək hadisə yerini tərk ediblər. Qeyd edək ki, bu son bir neçə gün ərzində Puşilinə qarşı törədilmiş sayca ikinci sui-qəsdir. Xatırladaq ki, iyunun 7-də Puşilinin köməkçisi qətlə yetirilib.
Ukraynalı zabit:
"İraqda xidmət
etmək Donbasdakından asan idi"
Ukraynanın şərqindəki əməliyyatlarda iştirak edən zabitlər etiraf ediblər ki, Kosovoda, İraqda xidmət etmək Donbasa nisbətən daha asan idi.
Bu barədə ukraynalı hərbi jurnalist Dmitri Qnap öz "Facebook" səhifəsində belə yazıb : "Kosovoda ancaq şəhərin ucqar yerlərində güllə səsi eşidərdin. İraqda pusquya düşdüyümüz vaxtlar olurdu, hərdən qranatamyotdan atəşə tutulurduq. Ancaq bu, nadir hallarda olurdu. Slavyansk isə tam fərqlidir. Burada əsl müharibə gedir. Gah avtomatdan, gah minomyotdan atəşə tutulurduq. Minalardan qorunmaq daha çətindir. Qəlpələr yük maşınını deşir, insana dəyəndə əl-ayağını yerindən qoparır. Əvvəl elə bilirdik, bu dəhşət uzağı 10-15 günə qurtarar. Ancaq indi düşünürük ki, belə deyil".
"Vikiliks" Poroşenkonu ABŞ casusu elan etdi
Bu arada səxfi yazışmaları və danışıqları yaymaqla məşhurlaşan və bununla dünya siyasi gündəmini çalxalayan məşhur "Vikiliks" saytı bu dəfə Ukraynanın yeni prezidenti Pyotr Poroşenko haqqında məlumatlar yayıb.
modern.az xarici KIV-ə istinadən xəbər verir ki, "Vikiliks" P. Poroşenkonun bir neçə il bundan qabaq Ukraynada koalisiya hökumətinin formalaşması üzrə məsləhətləşmələrin gedişatı haqqında ABŞ-ın bu ölkədəki səfiri Con Xerbstə məlumatlar ötürdüyünü bildirir. Məlumata görə bu, 2006-cı ildə P. Poroşenkonun deputat olduğu zamanlarda olub. Sözügedən sayt iddia edir ki, P. Poroşenko bununla ABŞ üçün informator rolunu oynayıb. 2006-cı il 28 aprelində ABŞ-ın Ukraynadakı səfirliyinin Dövlət Departamentinə göndərdiyi məxfi teleqramlarda P. Poroşenko məhz informator kimi xarakterizə edilir.
"Vikiliks" teleqramda P. Poroşenkonun Ali Radanın hazırkı sədri Aleksandr Turçinovun və keçmiş nazir Yuliya Timoşenkonun həbsinə nail olmaq üçün iş gördüyünü də bildirir. Lakin ABŞ tərəfi P.Poroşenkonun bu addımlarına şübhə ilə yanaşır.
Poroşenko: "Putinin fikri məni maraqlandırmır"
Ukraynanın yeni seçilmiş prezidenti Petr Poroşenko ilk müsahibəsini verib. "Time" jurnalına müsahibəsində Poroşenko bildirib ki, ölkəsində baş verən faciəyə görə Rusiyanı cəzalandırmaq istəyir, lakin Moskva ilə dialoqa getməkdən başqa variant da görmür: "Olsun ki, bəzi ukraynalılar öz qonşuları kimi İsveçrə, yaxud Kanadanı görmək istəyir, lakin bizim qonşumuz Rusiyadır".
Ukrayna prezidenti onu da vurğulayıb ki, həmin qonşu ilə dialoqda ölkəsinin təhlükəsizliyinin zəmanəti mühüm rol oynayır. Poroşenko Putini Ukraynanın mövcud sərhədləri daxilində mövcud olmaq haqqına sahib olmasına güclü ordu yaratmaq və iqtisadiyyatı çiçəkləndirməklə inandıra biləcəyini qeyd edib: "Düzü, məni vətəndaş Putinin mənim ölkəm haqda nə düşünməsi maraqlandırmır".
Ekspert:
"ABŞ səfirliyi olan yerdə "Maydan" da ola bilər"
"Ukrayna Ali Radasında belə bir məşhur lətifə var idi: "Nəyə görə ABŞ-da "narıncı inqilab" ola bilməz? Çünki orada ABŞ səfirliyi yoxdur". Buna görə də, harada ABŞ səfirliyi varsa, nəzəri cəhətdən Ukraynada baş verən hadisələr həmin ölkələrdə mövcud ola bilər, praktiki olaraq isə bunlar vətəndaş cəmiyyətinin, yerli siyasi qüvvələrin səviyyəsindən, xaricdən verilən tapşırıqlara uymayan müstəqil siyasətin yürüdülməsi istəyindən asılıdır". Bu fikirləri Ukraynadakı "Maydan" hadisələrinin MDB ölkələrində, xüsusilə Azərbaycanda baş verə biləcəyinin mümkünlüyünü şərh edən Rusiya-Ukrayna İnformasiya Mərkəzinin direktoru, jurnalist, politoloq Oleq Bondarenko deyib.
O, bildirib ki, hazırda Şərqi Avropaya "Facebook inqilabı" anlayışı xasdır: "Gəlin faktlara baxaq. Qeyri-hökumət təşkilatlarını, KİV-ləri, bloqqerləri, internet aktivliyini maliyyələşdirilən şəbəkələr mövcuddur. "Facebook inqilabı" anlayışı bu gün Bolqarıstandan Cənubi Qafqaza qədər yayılıb. Bu, çox təsirlidir, çünki orada nə partiya, nə də struktur var. Partiyanı bağlamaq olar, "Facebook"u isə yox, Çin istisna olmaqla. Onlar maliyyə mənbələrini də gizlətmirlər. Bunlar USAİD, National Democracy İnstitute, İnternational Republic İnstitute və digər bu kimi təşkilatlardır. Həmin təşkilatlar da seminarlar, treninqlər, görüşlər keçirirlər. Kim bunu maliyyələşdirir, o da belə işlərdə maraqlıdır".
Bondarenko eyni zamanda ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bu yaxınlarda yerli KİV-lərin birinə verdiyi müsahibəsində növbəti Maydan hərəkətinin Azərbaycanda ola biləcəyi haqda fikirlərinə də toxunub. Ekspert bildirib ki, əgər səfir belə bir çıxış edirsə, vətəndaş cəmiyyəti buna reaksiya verməlidir.
Yanukoviç ikinci arvadı ilə Soçidə yaşayır
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç ölkədən qaçandan bir müddət sonra həyat yoldaşı ilə Soçi şəhərinə yerləşib. Bu haqda Moskva dairə administrasiyasının keçmiş prefekti Oleq Mitvol şəxsi mənbələrindən məlumat alıb: "Mənim məlumatıma görə, o vətəndaş nikahında olan Lyubov Polejayla Soçidə məskunlaşıb. Nə işlə məşğuldur? Bu haqda mənbə məlumat verməyib".
Ukraynanın keçmiş prezidenti fevral hadisələrindən sonra ölkədən qaçıb. Onun iki övladının anası olan Lyudmila Yanukoviç isə əri hakimiyyətdə olduğu müddətdə Kiyevə gəlməyərək doğma Donetsk şəhərində yaşamağa üstünlük verib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 09:46:00
2024-12-25 09:29:00
2024-12-25 09:14:00
2024-12-25 09:09:09
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07