Putin və Obama: İŞİD-dən sonra Yaxın Şərqdə dəyişən rollar
11:06 26-06-2014
DÜNYA
Putin və Obama: İŞİD-dən sonra Yaxın Şərqdə dəyişən rollar
Şok! İraqda daha hansı təşkilatlar silahlanacaqlar?
Rusiya prezidenti Vladimir Putin İraqda aparıcı rolu ABŞ prezidenti Barak Obamadan ala bilər. Belə bir qənaətə "Panorama" həftəliyində dərc etdirdiyi yazısında siyasi müşahidəçi Luçano Tirinnansi gəlib.
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının paytaxt Bağdada hücumunun davam etdiyini yazan müəllif Rusiyanın Nuri əl-Maliki hökumətinə tam dəstəyini ifadə etdiyini qeyd edib.
"Vladimir Putinin bəyanatı prezident Obama üçün gözlənilməz oldu. Putin açıq şəkildə və heç bir şübhə görünmədən ifadə etdi ki, Rusiya İraq ərazisinin terrorçulardan azad olunmasına tam dəstək göstərməyə hazırdır. Son dərəcə aydın bəyanatdır. Moskva Suriyada Əsəd rejimi kimi, İraqda da Maliki hökumətini dəstəkləyir. Rusiya ABŞ-ın dövlət katibinin qərarsızlığından istifadə edə və İraqda təşəbbüsü əsas rəqibinin əlindən ala bilər. Özü də İran və Suriya rejimi ilə birlikdə. Con Kerrinin
Bağdad səfəri isə "vəziyyətin düzəldilməsi"nə xidmət edirdi", - Luçano Tirinnansi qeyd edib.
O, İŞİD-in hazırda İraq şəhərlərinin əhəmiyyətli hissəsinə nəzarət etdiyini xatırladır: "Bu şəhərlərin bir çoxunun strateji əhəmiyyəti var. Söhbət həm neft-qaz yataqlarına, həm də Suriya və İordaniya ilə sərhəd məntəqələrinə nəzarətdən gedir. Bir sözlə, islam dövlətinin yaradılması artıq planlaşdırılıb".
Yazı müəllifi hesab edir ki, hər halda Kremldə outran rəqib Ağ Evi qorxuya salmalıdır: "Qətiyyətsiz amerikalılardan fərqli olaraq ruslar bu sübut edirlər ki, onlar daha praqmatik və aydın məqsədi olanlardır. Bu isə Moskvanın müttəfiqlərinin xoşuna gəlir".
"Beynəlxalq məsələlərdə Birləşmiş Ştatların həddən artıq ehtiyatlılığı son zamanlar Vaşinqtonun qeyri-normal hərəkətsizliyində özünü göstərir. Prezident Obama müttəfiqlərin gözündə zəif və etibarsız görünür. Obama bu cür inamsızlıqla rusların əlinə oynaya bilər", -məqalənin müəllifi sonda qeyd edib.
İraqda İŞİD-dən
başqa onlarla təşkilat
silahlanacaq
İraqın bir çox şəhərini ələ keçirən İŞİD-dən başqa da onlarla bu cür təşkilatın olduğu ortaya çıxıb. Cihad elanından sonra bu qurumların silahlanacağı gözlənilir.
Belə ki, İraqda İŞİD-dən başqa da bir çox terror qruplaşmaları var. İŞİD yaraqlılarının Mosuldan başlayaraq bir çox sünni şəhərlərinin idarəçiliyini ələ keçirməsindən sonra dünyanın gözü bu ölkədəki silahlı qruplaşmalara çevrilib. Ölkədə Əl-Qaidə və İŞİD-in vəhşi idarəçiliyinə qarşı çıxan onlarla irili-xırdalı şiə və sünni təşkilatları var. Bir çox təşkilatların cihad fətvasından sonra siahlanacağı bildirilir.
İŞİD-ə şiələr də, ölkədəki bir çox sünni təşkilatlar da sərt reaksiya göstərir.
İraqda İŞİD-ə qarşı silahlı mübarizə aparmağa hazır olan təşkilatar bunlardır:
Sünni təşkilatlar:
"1920-ci il İnqilabı Tuqayları" - ABŞ işğalına qarşı qurulan ilk silahlı qurum olan "1920-ci il İnqilabının Tuqayları" qurumunun adı 1920-ci ildə İngiltərə ilə aparılan silahlı mübarizədən götürülüb.
"İraq Həması"nın silahlı qanadı olaraq qurulan təşkilat 2007-ci ildə komandirləri Musenna Darinin rəhbərliyi altında müstəqil fəaliyyət göstərib. Bağdad, Ənbar və Səlahəddində fəallıq göstərən təşkilat 2007-ci ildə İraq Əl-Qaidəsini hədəfə götürüb.
"İraq Həması" – 2003-cü ildə İraq Milli İslami Dirəniş Partiyası kimi qurulan təşkilat 2007-ci ildə "İraq Həması" adlanmağa başlayıb. 2007-ci ilədək "1920-ci ilə İnqilabı Tuqayları" ilə ortaq hücumlar təşkil edib, amma sonradan onların yolları ayrılıb. Təşkilat 2010-cu ilədək İraq Əl-Qaidəsinə qarşı fəaliyyət göstərib.
"Ceyşul İslami" (İslam Ordusu) – ABŞ işğalına qarşı 2004-cü ildə qurulan təşkilat İraqın ən böyük silahlı güclərindəndir. Təşkilatın 50 min milisə malik olduğu deyilir. ABŞ və İngiltərə əsgərlərini hədəfləyən təşkilat 2007-ci ildən sonra İraq Əl-Qaidəsi ilə toqquşmaya başlayıb.
"Ceyşul Mücahidin" (Mücahidlər Ordusu) – 2003-cü ildə ABŞ işğalına qarşı qurulub. Təşkilatın 4 mindən çox milisi var. "Ceyşül Mücahidin" təşkilatı Bağdadın sünni məhəllələrində və Tikrit, Əbu Qureyb, Diyala, Ənbar və Fəllucə şəhərlərində fəaliyyət göstərir. "İslam Ordusu" və "Ənsarul İslam" ilə əlaqələri olan təşkilat şiələrin öldürülməsinə qarşı çıxdığı üçün İŞİD-ə qatılmağı rədd edib.
Şiə qruplaşmaları:
"Şiə Bədr Tuqayları" – 1981-ci ildə Kərbəlada qurulub. On iki min nəfər milisi var. İran-İraq müharibəsində İraq ordusuna qarşı savaşıb. Qurumun ABŞ İraqı işğal edəndən sonra Amerika əsgərlərinə bələdçilik etdiyi və sünni din adamlarının öldürülməsinə yol acıdığı iddia edilir. Baş nazir Nuri Əl-Maliki "Bədr Tuqayları"nın sədri Hadi Əl-Əmirini müdafiə naziri edib.
"Əhli Haq" – Təşkilatı 2007-ci ildə "Sədr" hərəkatından ayrılan Qeys Əl-Xəzəli qurub. Qeysin "Əhli Haq" qruplaşmasının min nəfər milisini Suriyada Əsədə yardım üçün göndərdiyi iddia edilir. Təşkilat Sistaninin cihad fətvasına tabe olub.
"Muxtar Ordusu" (İraq Hizbullahı) – Livanda fəaliyyət göstərən "Hizbullah" təşkilatının İraqdakı qanadı olduğu iddia edilir. "Muxtar Ordusu"nun Səudiyyə Ərəbistan sərhədində 40 min milisi olduğu deyilir. ABŞ-ın terror təşkilatları siyahısında olan qruplaşma Səudiyyə Ərəbistanına hücumlar etməklə tanınır. Bu təşkilat da Sistaninin İŞİD-ə qarşı cihad çağırışına tabe olacağını açıqlayıb.
"Sərallah Tuqayları" – Yusif Sənavinin qurduğu Sərallah (Allahın İntiqamı) Tuqayları Bəsrədə fəaliyyət göstərir.
"Mehdi Ordusu" - Müqtəda Sədr tərəfindən 2003-cü ilin sentyabrında qurulan "Mehdi Ordusu" ölkənin cənubunda, Bağdadın Sədr bölgəsində, Nəcəf və Bəsrə şəhərində aktivdir. 2006-cı ilədək ABŞ və İngiltərə ordusu, 2009-cu ilədək Malikinin silahlı qüvvələri ilə müharibə aparıb. 2009-cu ildə silahı yerə qoyduğunu açıqlayan təşkilat Sistaninin İŞİD-ə qarşı verdiyi son fətva çağrısından sonra yenidən silahlanacağını elan edib.
Bundan başqa, İraqda digər şiə qruplaşmaları – "Vəd Edilən Gün Tuqayları", "Əbul Fadl Əl-Abbas Tuqayları", "Seyyiduş Şühəda" qrupu və "Zülfüqar Tuqayları" fəaliyyət göstərir.
İŞİD Kiprdən
bombalanacaq
İraqda İŞİD qüvvələrinə qarşı aparılacaq hava əməliyyatlarının Kiprdə yerləşən İngiltərə hərbi bazasından reallaşacağı bildirilir.
Belə ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə İngiltərə Baş naziri Devid Kameron arasında baş tutan telefon danışığından sonra İngiltərə Baş nazirinin köməkçisi Dunkan Smit ABŞ İraqa hava hücumlarına başladığı təqdirdə ingilis hərbi bazasının istifadə olunacağını açıqlayıb.
Qeyd edək ki, İngiltərənin nüfuzlu "Metro" qəzeti Baş nazir köməkçisinin "ABŞ İŞİD-ə qarşı hərbi müdaxiləyə hazırlaşarsa, ona hər cür yardım edəcəyik", - dediyini və bu sözlərin Kiprdəki ingilis hərbi bazasının ABŞ-ın ixtiyarına veriləcəyi anlamına gəldiyini bildirib.
İŞİD terrorçuları Kerrini axmaq adlandırdı
İŞİD silahlıları İraqda səfərdə olan ABŞ Dövlət katibi Con Kerrini axmaq adlandırıb. Bu barədə silahlılara aid tvitter sosial şəbəkəsində yazılıb.
Terrorçuların tvitter səhifəsində Con Kerrinin helikopterdən düşərkən çəkilmiş şəkli yayılıb və şəklin üstündə təhqir ifadələrinə yer verilib.
"Axmaq Kerri Bağdadda gülləkeçirməz jilet geyinir" – deyə şəklin üstündə yazılıb.
Şəklin üst tərəfində isə, "Qorxaq Con, bağışla Kerri" - yazılıb.
İraq Ordusu daha bir
şəhəri İŞİD-dən geri aldı
Bu arada İraq hərbi qüvvələri strateji əhəmiyyətə malik olan Beyci şəhəri üzərində nəzarəti yenidən bərpa edib. Bu barədə açıqlama verən hərbi qüvvələrin mətbuat katibi general leytnant Qasım Atta əl Musəvi bölgədəki İŞİD qüvvələrinin havadan endrilən zərbələr nəticəsində zərərsizləşdirildiyini qeyd edib.
İraq hərbi qüvvələri həmçinin Turaibil və əl-Valid məntəqələrini də silahlılardan təmizləyib. Kərkükdə isə silahlılar köçkün düşmüş ailələrə humanitar yardım aparan şəhər şurasının rəhbəri Munir əl-Qəfliyə öz avtomobilində hücum edərək öldürüblər.
İraqda yaşanan zorakılıqlar bu ölkəyə qonşu İranda etirazlara səbəb olub. Paytaxt Tehranda baş tutan aksiyaya on minlərlə insan qatılıb.
Etirazçılar İraqda yaşanan zorakılıqların Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən təhrik olunduğunu bildiriblər.
Türkiyəli tanınmış
din adamından İŞİD
haqqında ağır sözlər
Türkiyənin tanınmış din alimi və moizəçisi, Cübbəli Əhməd ləqəbli Əhməd Mahmud Ünlü son moizəsini İŞİD probleminə ayırıb. Baş verənlərin qiyamət əlaməti olduğunu deyən Cübbəli Əhməd heç bir dində belə əməllərə izn verilmədiyini vurğulayıb: "İndi İraq əvvəlkindən də betər vəziyyətdədir. Nə baş verdiyi heç bilinmir. Qiyamətin əlaməti özünü göstərir. Nə öldürən niyə öldürdüyünü, nə də öldürülən niyə öldürüldüyünü bilir. Belə bir şey ola bilərmi? Müsəlman da müsəlmanı öldürə bilərmi? Bu necə oyun, necə fitnədir? Adamın başını kəsib top oynayırlar. Bu hansı kitabda var? Hansı kafirə bunu etmək rəvadır? Hansı insana, hansı heyvana bunu etmək mümkündür?"
İŞİD-çilərin nəinki sünni, müsəlman belə olmadığını deyən moizəçi onları nifrətlə lənətlədiyini bildirib: "Bu necə biabırçılıqdır. Belə sünnilik olarmı? Biz onları nifrətlə lənətləyirik. Onlar müsəlman belə deyildir. Küçədən keçənləri sıraya düz və güllələ, yandır, uçur... Belə şey olmaz. Onlar məqbərə düşməni. Peyğəmbərin əshabələrini qəbirdən çıxardılar. Burdan deyirəm. Yəhudi də olsa, xristian da olsa sənə qarşı döyüşməyəni, silah çəkməyəni öldürən cənnətin ətrini ala bilməz. Bunu peyğəmbərimiz deyir".
Onların Həzrəti Əlini şəhid edən xaricilərin davamçısı olduqlarını deyən Cübbəli bu qruplaşmanın namussuz olduğunu qeyd edib: "Onlar və əməlləri barədə cihad, mücahid, şəhid deyə fikirləşməyin, yoxsa məhv olarsınız. O yolda ölsəniz məhv olarsınız. Bunlar xaricilərin davamıdır. Bunlar Həzrəti Əlini (ə.s.) "Allah rizası üçün" öldürən xaricilərin davamçılarıdır. Bunlar təkfirçidir. Ən böyük xüsusiyyətləri, insanlarqa o dəqiqə "kafir" damğasını yapışdırmaqdır. Bunlar çox böyük namussuz və şərəfsizdirlər. Onlarda namus yoxdur. Millətin arvad-uşağını kəniz kimi görürlər. Biz mücahidik deyərək hər şey edirlər".
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40