ABŞ-ın yeni İraq planı: 4 ssenari
09:41 09-07-2014
DÜNYA
ABŞ-ın yeni İraq planı: 4 ssenari
Vaşinqtonun cavab verə bilmədiyi sual: İŞİD lideri FTB casusudurmu?
ABŞ-ın yeni İraq planının bəzi detalları məlum olub. Belə ki, Pentaqon və MKİ-nin Ağ Evə təqdim etdiyi 17 səhifəlik hesabatda İraq üçün dörd cür gələcək nəzərdə tutulub. Türkiyənin "Yeni Şəfəq" qəzeti xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) İraqın Mosul, Fəllucə, Tikrit, Ənbar bölgələrini işğal edərək xilafət dövləti elan edib.
Bundan sonra dağılmağa sürüklənən İraqda kürdlərlə razılığa gələ bilməyən ABŞ hökuməti gələcəklə əlaqədar ssenarilər hazırlayıb. MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) və Pentaqon dörd cür ssenari üzərində işləyən ABŞ-ın Müdafiə Nazirliyi ilə birgə 17 səhifəlik hesabat hazırlayaraq Ağ Evə təqdim edib.
İlk plan: Üçə bölünmə
Pentaqon və MKİ-nin gələcək üçün nəzərdə tutduğu ssenarilər belədir:
Ölkə sünni, şiə və kürdlər arasında üç ayrı siyasi federasiyaya bölünür. Əgər İŞİD Bağdadı da işğal etsə, islam dövləti elan edər.
Uzun müddətli vətəndaş qırğını baş verər.
İraq şiələrin hegemonluğunda yenidən 2013-cü ildən əvvəlki illərə qayıdar.
Razılığa gələ bilmirlər
Ölkədəki siyasi gedişata əsasən mövqe tutan Ağ Ev dövlət katibi Con Kerri vasitəsi ilə Nuri Əl-Malikinin vəzifəsindən istefa verməyini istəmişdi. Amma Maliki bu mövzuda əsla geri addım atmayacağını qeyd etmişdi. İllərdir kürdlər müstəqillik səylərinə nəzərə alan Kerri, Cəlal Təlabanidən sonra İraq prezidentliyini İraq Kürd Regional Rəhbərliyinin (İKRR) lider Məsud Bərzaniyə təklif edib. Lakin kürdlərlə də razılığa gələ bilmədiyindən o, Vaşinqtona qayıdıb və İraq ssenarilərini ABŞ prezidenti Barak Obamaya təqdim edib.
Qaçılmaz sona doğru
İraq mənbələri 2003-cü ildə azadlıq gətirəcəyi bəhanəsi ilə İraqı işğal edən ABŞ-ın ortaya qoyduğu ssenarilərin tutarlı olmadığını bildirib. Məhz bunun üçün İraqın parçalanmasının qarşısının alınmasının mümkünsüz olduğu qeyd edilir. Mənbələrin bildirdiyinə görə, ABŞ-ın bu ssenariləri bir-bir sınayacaq, amma parçalanmanın qarşısını ala bilməyəcəyək.
Oğlunu Ali Baş Qərargah rəisi təyin etdi
İŞİD yaraqlılarının ölkənin şimalındakı bir çox bölgələri ələ keçirdiyindən İraqın Baş naziri Nuri Əl-Maliki bir çox komandirləri vəzifədən uzaqlaşdırıb və bəzisini hərbi-məhkəməyə göndərib. Əvəzində isə oğlu Əhmədi Ali Baş Qərargah rəisi təyin edib.
Rusiyadan müstəqil Kürdüstan xəbərdarlığı
Rusiya müstəqil Kürdüstan dövlətinin yaranmasını istisna etmir. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov "Ria Novosti"yə verdiyi açıqlamada terrorçu qrupların Yaxın Şərqi təhdid altında saxladığını bildirib: "İraqın parçalanması vəziyyətində müstəqil Kürdüstan ortaya çıxacaq. Rusiya olaraq İraqın ərazi bütövlüyünü dəstəkləyirik. Ancaq Moskva terror qruplarının ölkəni parçalamağa aparması vəziyyətində müstəqil Kürdüstanın yaranmasını istisna etmir".
İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi lazım olduğunu bildirən Rusiya rəsmisi Yaxın Şərqin xəritəsinin dəyişə biləcəyini bildirib: "Terrorçuların hücumları nəticəsində yalnız İraqda deyil, Yaxın Şərqin digər ölkələrində də ifrat tərəfdarı və islam ideologiyasına söykənən dövləti ortaya çıxa bilər".
Boqdanova görə, İraqda xəlifəliyi elan Iraq və Şam İslam Dövləti Suriya, Livan, Fələstin və İordaniyanı də ələ keçirib, geniş bir coğrafiyada fəaliyyət qurmaq istəyir: "Rusiya, beynəlxalq təşkilatlar, bölgə ölkələri və yerli qruplarla görüşərək İraqın bütövlüyünün qorunmasına çalışır".
İŞİD lideri FTB
casusudurmu?
Bu arada İŞİD terror təşkilatının lideri, özünü xəlifə elan edən Əbu Bəkir Bağdadinin 2005-2009-cü ilərdə ABŞ-ın düşərgəsində məhkumluq çəkdiyi məlum olub.
"CNN Türk" xəbər verib ki, ABŞ Dövlət Katibi məsələ ilə bağlı sualları cavablandırmaqdan çəkinib. Lakin Amerika mətbuatında gedən xəbərlərə görə, Bağdadi 5 il Bukka düşərgəsində (İraqdakı bir həbsxana - red.) həbsdə olub.
FTB-nin başına 10 milyon dollar qoyduğu İŞİD lideri Əbu Bəkir Bağdadinin xüsusi axtarışda olanlar siyahısındakı fotosunun həbsdə olduğu zaman çəkildiyi bildirilib.
Bağdadinin hansı cinayətlərə görə 4 il müddətində həbsdə olduğu və niyə azad edildiyi məlum deyil. Ancaq FTB sənədlərində onun 42 yaşında olduğu və İraqın Dəclə sahilindəki Samirə şəhərində İbrahim Əli Bədri kimi dünyaya gəldiyi bildirilib.
İŞİD ən çox zərəri Türkiyə verəcək
"İŞİD ən böyük zərəri Türkiyəyə verəcək". Bu barədə Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyası baş katibi Bədir Camus deyib.
O bildirib ki, İŞİD-in Suriya və İraqdakı irəliləyişi fəlakətdir. Hələbin də İŞİD-in əlinə keçməsinin an məsələsi olduğunu söyləyən Camus, radikal təşkilatın ən çox Türkiyəyə ziyan vuracağını qeyd edib. Türkiyənin regiondakı siyasətini yenidən nəzərdən keçirməsini istəyən Camusa görə, İŞİD-in qarşısı alınmazsa Türkiyə üçün istənməyən hadisələr baş verə bilər.
Baş katib İran və Suriya kəşfiyyatının İŞİD-i peşəkar formada istiqamətləndirdiyini iddia edir. Radikal təşkilatın bölgədə Türkiyə daxili sərhədlərini tanımayacağını söyləyən Camus təşkilatın Türkiyədə, Səudiyyə Ərəbistanında və İordaniyada olacağnı bildirib. Onun fikrincə İŞİD regionda yalnız İrana girməyəcək. Camus İŞİD-i İranın idarə etdiyini iddia edib.
İŞİD bombaları
necə hazırlayır?
İraq Şam İslam Dövləti döyüşlərdə istifadə etdiyi bombaların hazırlanması prosesindən fotoşəkillər yayıb. İŞİD-in yaydığı məlumatda bildirilir ki, bombalar Suriyadakı düşərgələrindən birində hazırlanır.
Qeyd edək ki, İŞİD ötən ayın əvvəllərindən İraq ordusuna qarşı hücuma keçib. İyunun 9-da ölkənin ən böyük şəhərlərindən biri Mosulu ələ keçirib. Hazırda İŞİD İraqın Suriya və İordaniya ilə sərhədində yerləşən şəhər və rayonlara nəzarət edir. İŞİD İraqla yanaşı Suriyada da döyüşləri davam etdirir.
Misir prezidenti: "Qərbin İŞİD-ə yardımı fəlakətlə nəticələnəcək"
Misir prezidenti Abdel Fəttah əs-Sisi ABŞ və Avropa Birliyini İŞİD-ə yardım etməkdən çəkinməyə çağırıb.
Əs-Sisi bəyan edib ki, Suriya və İraqdan sonra terrorçuların hədəfində İordaniya və Səudiyyə Ərəbistanı olacaq.
"İŞİD"-in Misiri də işğal etmək planları var idi. Mən onların İraqa, daha sonra isə İordaniya və Səudiyyə Ərəbistanına hücum etmək niyyətləri barədə ABŞ və Avropanı qabaqcadan xəbərdar etmişdim", - deyə Misir prezidenti bildirib.
Qeyd edək ki, iyunun 29-da İŞİD (İraq və Şam İslam Dövləti) terrorçu qruplaşması Suriya və İraqda işğal etdiyi ərazilərdə xilafətin yaradıldığını elan edib.
Məşhur şirkət İŞİD-ə
görə adını dəyişir
Mobil pulqabı üzrə ixtisaslaşan ABŞ şirkəti adını dəyişir. Belə ki, "Isis CEO Michael Abbott" şirkətinin qısaldılmış adı olan "ISİS" sözü terror təşkilatı İŞİD-in ("İraq Şam İslam Dövləti") adına oxşar olduğundan şirkət rəhbərliyi belə bir addım atmağa qərar verib.
Şirkət rəhbərliyindən verilən məlumata görə, qanlı əməlləri ilə tanınan bir təşkilatla eyni adı daşımaq istəmədikləri üçün ad dəyişikliyə hazırlaşırlar.
"Isis CEOi Michael Abbott" ad dəyişikliyinin heç də asan olmadığını, ancaq bunun şirkət, eyni zamanda, tərəfdaşları və müştəriləri üçün doğru bir qərar olduğunu söyləyib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15
2024-12-25 15:09:11
2024-12-25 14:07:02
2024-12-25 14:03:00
2024-12-25 13:47:43