Ukraynada müharibə təhlükəsi böyüdü
10:14 02-09-2014
DÜNYA
Ukraynada müharibə təhlükəsi böyüdü
Rus tankları Luqansk aeroportu uğrunda şiddətli döyüşlərə başladı, Krıma əlavə rus desantları gəlir, yeni hədəf Odessadır
Ukraynada rusyönümlü üsyançılarla hökümət qüvvələri arasında atışmalar səngimir. Strateji əhəmiyyətli İlovaysk şəhərində ukraynalı hərbçilər silahlıların pusqusuna düşüb.
Humanitar dəhlizin yaradılmasına dair qeyri-rəsmi razılaşma olmasına baxmayaraq, rusyönümlü qüvvələr 6 silahsız əsgəri yerindəcə gülləyəyib. Həmçinin Ukraynanın "Şaxtyor" futbol klubunun bazasına raket mərmisi atılıb. Atılan bombalardan dördü klubun əsas təlim bazasına düşüb.
Hərbi əməliyyatlar səbəbindən isə evlərini tərk edənləyir sayı artır.
Rusiya prezidenti Vladimir Putin isə gözlənilməz bəyanatla çıxış edib. Birinci kanala müsahibəsində Rusiya lideri Ukrayna prezidenti Petro Poroşenko ilə avqustun 26-da Minskdə münaqişənin dinc, danışıqlar yolu ilə həll edilməsinə dair razılığa gəldiyi barədə açıqlama verib. Putinin fikrincə, Donetsk və Luqanskda gedən döyüşlər Ukrayna daxilində vəziyyətin gərgin olmasından xəbər verir. Rusiya prezidenti Ukrayna hakimiyyətini hərbi əməliyyatları dayandırmağa və infrastrukturu bərpa etməyə çağırıb.
Putinin bu bəyanatından 4 gün əvvəl Rusiya sərhədini keçən 63 ukraynalı hərbçi ölkəsinə qaytarılıb. Putinin bəyanatı həmçinin ötən gün Ukrayna prezidenti Petro Poroşenkonun Avropa Birliyi ölkələrini müharibənin daha geniş miqyas ala biləcəyi barədə etdiyi xəbərdarlığından sonra gəlib.
Ukrayna prezidenti Petro Poroşenko isə düşünür ki, artıq geriyə yol yoxdur: "Biz geriyə yolun olmadığı kritik nöqtəyə çatmışıq. Bu artıq silahlıların nəzarətində olan ərazilərdə baş vermiş geniş miqyaslı müharibədir. Belə bir anda atılacaq hər hansı təcavüzkar addım məsələni kritik həddə çatdıra bilər".
Bu arada Avropa Birliyi bir həftəyə Rusiyaya qarşı sanksiylar dalğasını genişləndirməyə hazırlaşır. Brüsseldə qəbul olunmuş yekun bəyannamədə deyilir ki, Donbasda silahlılarla əlaqəsi olan bütün təşkilatlara qarşı sərt sanksiyalar tətbiq olunacaq. Ukrayna tərəfi Putindən əvvəl də sülh planının bir neçə günə hazır olması ilə bağlı işarə vermişdi. Bütün bunların fonunda Rusiya tərəfinin yumşaq bəyanatlarla çıxış etməsi anlaşılandır.
BMT-nin hesablamalarına görə, hərbi əməliyyatlarda 2500-ə yaxın insan həlak olub, 6 min nəfərdən artıq insan yaralanıb. Ukrayna ərazisinin əsasən Donetsk və Luqansk əyalətlərinin şəhərlərinin əksəriyyəti rusyönümlü üsyançıların əlindədir. Slavyansk başda olmaqla hər 3 əyalətin bəzi şəhərlərində isə hökümət qüvvələri nəzarəti bərpa edə bilib.
Luqavnskda hava limanı uğrunda döyüş
Ukrayna desantçıları ilə Rusiya Federasiyasının tank batalyonu arasında Luqansk hava limanı uğrunda döyüşlər davam edir. Bu barədə antiterror güclərinin qərargahından bildirilib.
Luqansk hava limanı hazırda Ukrayna ordusunun nəzarəti altındadır. Məlumata görə, hava limanı Rusiya tank batalyonunun fasiləsiz atəşinə məruz qalır. Ukrayna müdafiə nazirinin məsləhətçisi Aleksandr Danilyuk isə son günlər Rusiyanın təxminən 10-20 min hərbçisinin Ukraynaya daxil olduğunu qeyd edib.
Yeni hədəf - Odessa
"Putinin məqsədi Ukraynanın şərqini Krıma birləşdirməkdir". Bu haqda isə Radanın deputatı, keçmiş müdafiə naziri Anatoli Qriçenko məlumat verib: "Putin Krımı azuqə ilə təmin edə biləcəyinə əmin deyil. Ona görə Donetsk, Xerson, Nikolayevsk vilayətlərini tam ələ keçirmək istəyir. Novoazakovsk istiqamətindəki hücumun məqsədi bu idi".
O əmindir ki, planı həyata keçirmək üçün Rusiya diversiya qruplarını işə salacaq: "Əminəm, rusların ehtiyata göndərilmiş zabitləri artıq Kiyevdə, Ternopolda və bütün şəhərlərimizdə var".
Qriçenko həmçinin bildirib ki, Omsk şəhərində xüsusi desant briqadası təlim keçir. Onlar Krıma gətiriləcək və buradan Odessa üzərinə hücuma keçəcəklər.
Ukraynanın könüllü
batalyonlarına tanklar və ağır artilleriya veriləcək
Ukraynanın "Donbas" könüllü batalyonu yeni hərbi texnika ilə silahlandırılacaq və heyəti genişləndiriləcək. "RBK-Ukrayna" xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko "facebook" səhifəsində bildirib.
"Donbas" batalyonuna ağır zirehli texnika, artilleriya və minaatanları veriləcək. Hərbi texnika həmçinin Müdafiə Nazirliyindən alınmış bütün könüllü batalonlara çatdırılacaq", - Qeraşenko yazıb.
Batalyon komandiri Semyon Semençenko İlovaysk uğrunda gedən döyüşlərdə 10 hərbçinin yaralandığını qeyd edib.
Moskvadan ağır ittiham: "Avropa terrorçuları
maliyyələşdirir"
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanın ünvanına ağır ittiham səsləndirib.
İTAR-TASS xəbər agentliyinin verdiyi məlumata görə, S.Lavrov Moskva Dövlət Universitetinin müəllimləri qarşısında çıxışı zamanı Avropanı terrorçuluğu maliyyələşdirməkdə ittiham edib. "Avropa Liviyadan neft alır. Əldə olunan gəlirdən isə İraqdakı terrorçular maliyyələşdirilir", - Lavrov deyib.
Lavrov əlavə edib ki, "Moskva Qərbin sanksiyalarına cavab verməyə borcludur".
"Bizim işgüzar dairələr üçün ədalətsiz şərait yaradılanda, Rusiya bazarında kənd təsərrüfatı istehsalçılarının mövqeyinə ziyan vurulanda sanksiyalara cavab verməyə borcluyuq. "Rosselxozbank"a sanksiya qoyublar və bu səbəbdən kənd təsərrüfatı istehsalçılarının kredit almaq üçün yaxşı şəraitləri olmayacaq", - deyə Rusiya XİN başçısı bildirib.
S.Lavrovun sözlərinə görə, bütün hallarda buna cavab vermək lazımdır: "Lakin biz "göz-gözə, diş-dişə" cavab vermək istəmirik. Bu bizim yanaşmamız deyil. Biz hər zaman ağılın səsinə qulaq asmağa çağırırıq".
Putin Rusiya imperiyasını bərpa etmək istəyir
"Putin keçmiş DTK polkovniki kimi Rusiya imperiyasını bərpa etmək istəyir". Bu fikirlər 78 yaşlı amerikalı senator Con Makkeynə məxsusdur.
ABŞ senatoru Con Makkeyn CBC telekanalına müsahibəsində Rusiyanın Ukrayna sərhədlərini keçməsini işğal adlandırıb.
Senator Amerika hökumətini Rusiyaya qarşı ciddi sanksiyalara çağırıb: "Ukraynanı silahlandırmaq lazımdır. Söhbət müdaxilədən gedir, işğaldan yox. Onlara lazımi silah verin, döyüşmək şansı verin".
78 yaşlı respublikaçı siyasətçi Con Sidney Makkeyn 1987-ci ildən ABŞ senatorudur.
Amerika Birləşmiş Ştatlarının senatorları Ukraynanı silahlandırmaq qərarına gəliblər. Senatorlar bu məqsədlə ABŞ dövlətinin başçısı Barak Obama administrasiyasına müraciət ediblər. Onlar öz müraciətlərində bildiriblər ki, Rusiya tərəfindən işğalınının qarşısının alınması üçün Ukraynanı silahlandırmaq lazımdır.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01