Arktikada "soyuq müharibə"
Kreml Arktika "beşliyi"ni qarşıdurmaya aparır
"The Sunday Times" nəşrinin yazarı Mark Franketti Rusiyanın Arktikada planlaşdırdığı və artıq reallaşdırmağa başladığı tədbirlərdən danışıb.
publika.az-ın verdiyi xəbərə görə, o, "Putinin Arktikada soyuq müharibəsi" adlanan yazısında Rusiyanın 1980-ci illərdə Arktikada itirilmiş mövcudluğunu qaytarmağa çalışdığını qeyd edir.
Məqalədə deyilir ki, Rusiyanın iddiaları Kanada, Danimarka, Norveç və ABŞ-ın ambisiyaları ilə toqquşur: "Arktika strateji baxımdan inanılmaz dərəcədə əhəmiyyətlidir. Bəzi qiymətləndirmələrə görə, region dünyanın öyrənilməyən neft ehtiyatlarının 15, təbii qaz ehtiyatlarının isə üçdə birinə, yəni nəhəng iqtisadi potensiala malikdir".
Amerikalı hərbi analitik Pavel Felqenqauerin fikrincə, Rusiyada hakimiyyətdə olan şəxslər 2030-cu ildə dünyada enerji ehtiyatlarının kəskin qıtlığının yaranacağı, Qərb ölkələrinin ABŞ-ın rəhbərliyi altında Rusiyanın neft və qazını ələ keçirmək üçün ona hücum edəcəyinə əmindirlər. Hərbi analitik bütün Arktikanın hərbiləşdirilməsinin kökündə də bu əminliyin dayandığını qeyd edib: "Keçən həftə Vrangel adasında yeni baza açıldı, daha birinin tikintisinin Şmidt burununda tezliklə başa çatdırılması planlaşdırlır. Hələ keçən il Novosibirsk adalarında Rusiya hərbi bazası bərpa edilib. Bazaya 10 hərbi və 4 buzqıran gəmi daxil edilib. Bundan başqa, Moskva Arktika regionunda hava-kosmik müdafiəsi bölmələrini inkişaf etdirməyə başlayıb. Eyni zamanda, raketlərin aşkar edilməsi kompleksi olan RL-in tikintisi gedir. Bütün bu obyektlər 2018-ci ildə istifadəyə verilməlidir".
Frankettinin məlumatlarına görə, Kreml Arktikada altı yeni hərbi baza tikməyi və hərbi komandanlıq sistemini yaratmağı planlaşdırır. Hərbi komandanlığın tərkibinə aeroxizəklər və hava yastıqlı gəmilərə malik olan iki motoatıcı briqada daxil ediləcək. Həmçinin Arktikada yeddi hərbi aerodromun tikintisi planlaşdırılır. Rusiyanın müdafiə sənayesi isə Arktikanın sərt iqlim şəraitinə dözə biləcək silahların hazırlanması barədə tapşırıq alıb.
"The Sunday Times" nəşrinin yazarı Rusiya iqtisadiyyatında kəskin böhran, neftin qiymətinin azalması və sanksiyaların artan təsiri fonunda hərbi büdcəsinin 25 faiz artımını diqqətə çatdırır. Onun sözlərinə görə, valyuta ehtiyatlarının itkisinə baxmayaraq, müdafiə xərclərinin artırılması büdcə xərclərinin yenidən paylaşdırılmasına və gözlənildiyi kimi vətəndaş proqramlarının ixtisarına gətirib çıxaracaq.
Rusiyalı hərbi analitik Aleksandr Qols isə yaranmış vəziyyəti bu şəkildə şərh edib: "İqtisadi böhranın qızğın çağında vətəndaşlara hərbi xərcləri artıracağını elan edən rəhbərlik əyyaş ataya oxşayır. Arağın qiymətinin artdığını görən ata uşaqlarına daha az içəcəyini demək əvəzinə, bundan sonra daha az yemək lazım olduğunu bildirir".
Ancaq şimal qütbü ətrafında olan dövlətlər Kremlin Arktikada həyata keçirmək istədiyi hərbi planları asanlıqla qəbul etmək niyyətində deyillər. Məsələn, bir müddət əvvəl Kanada Rusiyanın Arktikada öz hərbi potensialını yerləşdirməsindın narahatlığını ifadə edib. Kanada xarici işlər naziri Con Berd Danimarkanın "Berlingske" qəzetinə müsahibəsində Arktikada maraqlarını silahla müdafiə etməyə hazır olduğunu bildirib.
Nazir deyib ki, Ottava Arktikada öz maraqlarının müdafiəsinə qalxmağa hazırlaşır: "Əgər lazım gələrsə, güc də tətbiq ediləcək".
Qeyd edək ki, Rusiya Sovet İttifaqının dağılmasından sonra praktik olaraq tərk etdiyi Arktikaya qayıdır. Kreml mütəmadi olaraq Arktika ilə bağlı hərbi planlarını açıqlayır, şimal qütbü ətrafında aviasiya bazaları yaradacağı barədə niyyətlərini açıq şəkildə ifadə edir. Bu da təsadüfi deyil. Enerji ehtiyatlarına görə, Arktikanı Yaxın Şərqlə də müqayisə edənlər var. Baxmayaraq ki, Arktikadakı enerji ehtiyatlarının mənimsənilməsi olduqca bahadır. Ötən il Rusiyanın on hərbi gəmi və atom buzqıranından ibarət donanması buzla örtülmüş Şimal Buzlu okeanında 2 min dəniz mili məsafəsi qət edib. Şimal donanmasına isə "Böyük Pyotr" ağır raket kreyseri başçılıq edirdi. Müdafiə nazirinin müavini general Arkadi Baxin bildirib ki, donanmanın yürüşü şimal dəniz yolu və ona bitişik Arktik zonasının təkmilləşdirilməsi üzrə böyük layihənin bir hissəsidir.
Rusiya müdafiə nazirinin müavini general Baxinin sözlərinə görə, tezliklə müasir texnologiyalardan istifadə olunmaqla yeni arktik bazalar tikiləcək. General qeyd edib ki, bu bazalar regiona müntəzəm, bütün ilboyu və hər cür hava şəraitinə uyğun girişi təmin etməlidir.
"Biz ora həmişəlik qayıtdıq, çünki bura qədim rus torpağıdır", - deyə general Rusiya KİV-nə açıqlamasında söyləyib. Müntəzəm dəniz patrul keşiyindən başqa Rusiya Şərqi Sibirin şimal sahilindəki sovet təyyarə bazasını bərpa edir. Bu baza şimal-şərq dəniz yoluna Rusiyanın nəzarət üçün müharibə meydanı olaraq xidmət göstərməlidir. Rusiya prezidenti Vladimir Putinin fikrincə, ən yaxın onilliklərdə bu yol Süveyş kanalı qədər əhəmiyyətli ola bilər. Şimal Buzlu okeanındakı şimal-şərq yolu Uzaq Şərq və Avropanı birləşdirir. Bu yol üzərində nəzarətin tamamilə ələ keçirilməsi isə gələcəkdə regionun zəngin neft, təbii qaz və bioloji ehtiyatlarının mənimsənilməsi üçün əlverilşli imkan yarada bilər. Rusiya 2001-ci ildə BMT-yə bildirib ki, şimal qütbünə qədər suyun dibi ilə uzanan Lomonosov dağ silsiləsi Sibir kontinental şelfinin davamıdır və buna görə də Rusiya ərazisi hesab edilməlidir.
2007-ci ildə Arktikanın rusiyalı tədqiqatçı Artur Çilinqarov Şimal qütbündə okean altına düşərək orada Rusiya bayrağını sancıb və dünyaya mesaj verib. "İndi bu regiona çox ölkələr, o cümlədən Çin və Braziliya kimi ölkələr də iddia etməyə başlayıblar. Halbuki onların ümumiyyətlə şimalla əlaqəsi yoxdur", - rusiyalı hərbi ekspert Viktor Litovkin söyləyib. Hərbi ekspertin fikrincə, Arktika bölgəsinə artan iddialar Rusiyanı hərəkət etməyə, qanuni hüquqlarını müdafiə etməyə məcbur edir. O, Rusiya siyasi rəhbərliyinin Arktikaya qayıtmaq qərarını qəbul etdiyini, Rusiya zonasının müdafiə olunması üçün Hərbi Dəniz Donanmasının inkişaf etdiriləcəyini vurğulayıb.
Rusiyanın Arktik təşəbbüsünün hərbi mahiyyətinə baxmayaraq, Putin ölkəsinin Arktikanın region ölkələri arasında sülhlə bölünməsini dəstəklədiyini vurğulayıb. Ancaq Arktika dövlətləri Rusiyanın sülh bəyanatlarına inanmırlar. Bunun son vaxtlar bir-birinin ardınca Kanadanın təkbaşına, Danimarkanın isə ABŞ ilə birgə uzaq şimalda hərbi təlimlər keçməsi də göstərir.
Qeyd edək ki, 5 sərhədyanı dövlət - ABŞ, Kanada, Danimarka, Norveç və Rusiyadan başqa daha 20 dövlət Arktikanın zənginliklərinə iddia edir. Onlardan ən iddialısı isə Çindir. Son vaxtlar Çinin qütbdəki yeraltı sərvətlərin ələ keçirilməsi üçün aktivliyi nəzərə çarpır. Bölgə dövlətləri iddialarını hərbi hərəkətlərlə ortaya qoysa da, Çin qütbdə torpağı olmadığı üçün bölgədə yer əldə etmək məqsədilə diplomatik vasitələrdən istifadə edir. Mərkəzi Avstraliyada yerləşən Beynəlxalq Siyasət İnstitutunun direktoru Linda Jakobson bildirib ki, Arktika son iki ildə Çinin xarici siyasətinin gündəmindədir və Pekin bölgədə iştirak etmək üçün davamlı şəkildə yollar axtarır.
Çin bölgəyə ilk araşdırma gəmisini keçən ilin avqust ayında göndərib. Çinli səlahiyyətlilər şimal qütbü ölkələri ilə daha yaxşı əlaqələr qurmaq üçün Danimarka, İsveç və İslandiyaya səfər edərək olduqca mənfəətli ticarət razılaşmaları təklif edib. Çinin aktivliyindən isə Rusiya, ABŞ, Kanada və Avropa İttifaqı narahatdır. 2012-ci ilin iyun ayında Aİ prezidentinin köməkçisi Antonio Tajani Qrenlandiyaya səfər edərək Çinin qiymətli yataqlara çatmasına maneə olmaq üçün yüz milyonlarla dollarlıq yardım təklifi edib. Qrenlandiya ABŞ Hava Qüvvələrinin ucqar şimaldakı bazası olan Tulenə yaxın olduğundan qütblər ABŞ-ın xarici siyasətində böyük əhəmiyyət ifadə edir.
Qütblər Birləşmiş Millətlər Təşkilatının dənizlər qanunu ilə idarə olunur. Qanuna görə, 200 dəniz mili qütb bölgəsindəki ölkələr üçün iqtisadi sərhəd olaraq göstərilir. Bu ölkələrə dənizaltı araşdırmalar aparmağa icazə verilir. Şimal qütbünün daha uzaq sahələri kimsəyə aid olmadığından, burada şərtlər çox daha çətindir.
Arktika problemləri ilə məşğul olan ən böyük və nüfuzlu dövlətlərarası təşkilat - rəsmi olaraq 1996-cı ildə yaradılmış Arktika Şurasıdır. Buraya qütbə yaxın bütün dövlətlər daxildir. Bu dövlətlərdən başqa Şurada aleutlar, eskimoslar, saamlar və digər şimal xalqlarının təşkilatlarının nümayəndələri də təmsil olunub.
Ömər Dağlı
Digər Xəbərlər
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01