İran müharibəsi qapının ağzında!
13:08 08-05-2012
DÜNYA
İran müharibəsi qapının ağzında!
Pentaqon Tehranı hədələdi, İsrail ABŞ-ı uyardı;
"Tehrandan Tel-Əvivə raket 7 dəqiqəyə çatır"
"İranla "altılıq" arasında keçirilən müzakirələrdə bütün tərəflərin qəbul edəcəyi həll yolu tapmağa çalışırıq". "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Hillari Klinton bildirib.
Onun sözlərinə görə, Rusiya və Çin də daxil olmaqla BMT Təhlükəsizlik Şurasının üzvlərini İrana qarşı sərt sanksiyalar tətbiq olunması məsələsində razı salıblar: "Daha sonra ABŞ Avropa Birliyi ilə birlikdə İrana qarşı birtərəfli sanksiyaları sərtləşdirib. Hətta İran neftinə tətbiq olunmuş sanksiya nəticəsində bu ölkə neftini sata bilmir və milli valyutası dəyərini itirir".
H. Klinton əlavə edib ki, ABŞ diplomatik həll yolunun tərəfdarıdır və hazırda tərəflər arasında müzakirələrin necə nəticələnəcəyini söyləmək tezdir.
Lakin elə srağagün "Russia Today" telekanalı "The Washington Post" qəzetinə istinadən "ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir aydan da qısa müddət ərzində İranın hərbi gücünü məhv etmək imkanına malik olduğunu açıqlayıb" məzmununda xəbər yayıb.
Xəbərdə bildirilir ki, ABŞ Mərkəzi Komandanlığı bu ölkənin hava və dəniz qüvvələri ilə birlikdə üç həftə ərzində İranın hərbi gücünü çökdürə biləcəyini deyib.
Məlumatda ABŞ-ın məhz bu səbəbdən Fars körfəzinə 2 təyyarə daşıyan gəmi göndərdiyi və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də radara yaxalanmayan "F-22" qırıcı təyyarələrini yerləşdirdiyi qeyd olunub: "Hazırda ABŞ-ın İran ətrafında 125 mindən çox əsgəri var, bunlardan da 90 mini Əfqanıstandadır. Ancaq ABŞ İrana qarşı hərbi müdaxilənin ən son variant olduğunu bəyan edir və hələ də əsasən sanksiyaların sərtləşdirilməsinə çalışır".
İsrail Silahlı Qüvvələri Kəşfiyyatının sabiq rəhbəri Amos Yadlın isə "Haaretz" qəzetinə müsahibəsində İranın kompleks bir strategiya ilə nüvə proqramını davam etdirməkdə olduğunu deyib. Onun sözlərinə görə, nüvə silahına malik İran bu ölkəyə hərbi müdaxilə etməkdən daha təhlükəlidir: "İran kompleks bir strategiya ilə nüvə silahı istehsal etməkdədir. Təəssüf ki, bu strategiya hələ də davam edir".
A. Yadlın deyib ki, İrana hərbi müdaxilə təşkil edilməzdən əvvəl bütün variantların istifadə olunmasının tərəfdarıdır. O, həmçinin Tehrandan Tel-Əvivə raketin çatması üçün yalnız 7 dəqiqə vaxt lazım olduğunu vurğulayıb.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17