Ukraynada separatçılar "səfərbərlik" elan etdi
Hərbi ekspert: "Hücum "Kabus" zərbə qrupunun döyüş sınağı idi"
"Donetsk Xalq Respublikası" separatçı qrupunun rəhbərliyi "nizami ordu"nun yaradılması və əhalinin "ümumi səfərbərliyini" elan edib.
publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "Facebook" səhifəsində yazıb.
Hərbi ekspert qeyd edib ki, Rusiya 50 tank da daxil olmaqla, Donetskə onlarla hərbi texnika vahidi göndərib. D.Tımçuk bildirib ki, terrorçu İqor Bezleranın rəhbərlik etdiyi və Qorlovka rayonunda yerləşən "Donetsk Xalq qoşunu" yeni artilleriya sistemləri ilə gücləndirilib. "Quldur dəstələri "briqadalar" statusunu alıb", - deyə ekspert yazıb.
Ukrayna qoşunlarının 32-ci postunun məhv edilməsi üzrə əməliyyat separatçılar və Rusiya muzdlulardan təşkil olan yeni zərbə qrupunun döyüş hazırlığının yoxlanılması idi. Bu fikirləri Ukrayna Hərbi-Siyasi Tədqiqatların Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "Facebook" səhifəsində yazıb.
Hərbi ekspert qeyd edib ki, 32-ci posta "Kabus" zərbə qrupu hücum edib.
D.Tımçukun sözlərinə görə, qruplaşmaya yerli döyüşçülər və Rusiya muzdluları daxil olmaqla 1200 nəfər daxildir. Zərbə qrupunun hərbi texnika arsenalına isə 20-yə qədər tank, 40 BBM və 40-a qədər artilleriya qurğusu, həmçinin reaktiv yaylım atəş sistemləri və minaatanlar daxildir.
Ukraynalı komandirdən həyəcanlı xəbərdarlıq
"Separatçıların Mariupola deyil, Berdyansk rayonuna hücum etmə ehtimalı daha böyükdür". unian.net saytının verdiyi məlumata görə, bunu Ukraynanın "Azov" könüllü batalyonunun komandiri Andrey Bileski "5 kanal"ın efirində edib.
Onun sözlərinə görə, Berdyanskda böyük faciə yaşana və itkilərin miqyası İlovayskda verilən itkilərdən daha böyük ola bilər: "Hamı anlayır ki, Mariupolu zərbə altına qoymayacaqlar, bu separatçılar üçün çox ağrılı olardı. Biz İlovaysk ilə müqayisə edilə bilməyən faciəni yaşaya bilərik. Biz nədənsə bu istiqamətdə möhkəmləndirmə işləri aparmırıq".
Qeyd edək ki, Berdyansk şəhəri Azov dənizi sahilində yerləşir və Zaporojye vilayətinin inzibati mərkəzidir. Berdyansk rayonu Mariupol ilə yanaşı Rusiyadan Krıma gedən quru yolunun üzərində yerləşən strateji məntəqədir.
Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk isə Mariupol şəhəri ətrafında separatçı qüvvələrin fəallığının müşahidə olunduğunu bildirib. Hərbi ekspert qeyd edib ki, Rusiya qoşununun batalyon taktik qrupu Novoazovsk rayonu istiqamətindən Mariupol istiqamətinə yerini dəyişib. D.Tımçuk batalyon taktik qrupunun Rusiya muzdluları ("kadırovçular", osetinlər və kazaklar), həmçinin yerli separatçılardan təşkil olunduğunu bildirib.
"Donetsk Xalq Respublikası" separatçı qurumun "baş naziri" Aleksandr Zaxarçenko yaxın vaxtlarda Mariupol şəhərini ələ keçirməyi planlaşdırdıqlarını deyib. "Azov" batalyonun komandiri isə hesab edir ki, qarşı tərəf bu cür xəbərdarlıqlarla əsas hədəflərini gizlətməyə çalışır.
Rusiyadan
separatçılara növbəti "humanitar yardım"
Rusiyanın Donbas hövzəsinə göndərdiyi humanitar yük Ukrayna sərhədini keçib. RİA xəbər agentliyinin verdiyi məlumata görə, humanitar yük kolonunun ilk partiyası Luqanska, ikinci partiyası isə Donetskə çatdırılacaq.
Rusiya tərəfi humanitar yardımın tikinti materialları, ərzaq məhsulları, tibbi preparatlar, həmçinin qışa hazırlıq üçün maddi-texniki vasitələrdən ibarət olduğunu bildirib. Humanitar yük kolonu 100 avtomobildən ibarətdir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko bundan əvvəl Ukraynaya daxil olan "humanitar yardımlar"ın heç biri Kiyevlə razılaşdırılmadığını və "yardımlar"ın yerli əhaliyə çatmadığını bildirib: "Buna görə də biz mülki əhaliyə çatdırılacaq humanitar yardımdan danışa bilmərik. Bu yük avtomobilləri humanitar yardım bəhanəsi ilə Ukraynanın ərazisinə daxil olur. Amma söhbət separatçıların silahlanmasından gedir".
Barrozodan Rusiya
haqda qorxunc sözlər
Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo Rusiya haqqında fikirlərini bölüşüb.
Barrozo Rusiya təhlükəsinə toxunaraq Avropa Birliyinin (AB) bu istiqamətdə böyük rola malik olduğunu deyib: "AB olmasaydı, Rusiya çoxdan Bolqarıstan və Baltikyanı ölkələri işğal etmişdi. Rusiya Ukrayna ilə kifayətlənməyəcəkdi. Avropaya hücum tam real olacaqdı. Bir anlıq fikirləşin ki, AB yoxdur. O zaman indi təkcə Ukrayna böhranını deyil, bütün Avropa böhranını müzakirə edərdik. Böyük ehtimalla Bolqarıstan və Baltikyanı ölkələr artıq Rusiyanın tərkibində idi. Tam səmimi deyirəm ki, bu bir reallıqdır".
Yaxın vaxtlarda vəzifəsini təhvil verməyə hazırlaşan Barrozo başçı olduğu dövrdə AB-nin genişləndiyini də dilə gətirib: "Son illərdə ətrafımız xeyli genişləndi. Amma buna baxmayaraq, qərar verərkən yeni üzvlər yox, daha çox köhnə birlik üzvləri buna qarşı çıxırdı".
Vəzifə müddəti boyunca Barrozonun ən böyük müvəffəqiyyətlərindən biri AB-nin genişlənməsi olub. 2004-cü ildə 10 ölkə - Polşa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Litva, Latviya, Estoniya, Kipr və Malta, 2007-ci ildə Bolqarıstan və Rumıniya, 2013-cü ildə isə Xorvatiya AB-yə üzv olub.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2025-03-04 00:59:37

2025-03-04 00:40:03

2025-03-04 00:21:17

2025-03-04 00:17:44

2025-03-03 23:51:15

2025-03-03 23:20:26

2025-03-03 23:09:58

2025-03-03 22:40:10

2025-03-03 22:28:51

2025-03-03 22:16:33

2025-03-03 21:37:42

2025-03-03 20:54:58

2025-03-03 20:43:31

2025-03-03 20:35:22

2025-03-03 20:15:39

2025-03-03 19:54:54

2025-03-03 18:56:01

2025-03-03 17:26:24

2025-03-03 17:14:20

2025-03-03 16:03:05
