Fransızların prezidentlikdən uzaqlaşdırdığı Sarkozinin seçki hekayəsi!
Fransızların prezidentlikdən
uzaqlaşdırdığı Sarkozinin seçki hekayəsi!

Məğlubiyyətindən sonra Türkiyədə onu ələ salimağa başlayıblar, Hollandın isə Yeliseyə nə vaxt yerləşəcəyi artıq məlumdur

Məlum olduğu kimi, Fransada Nikola Sarkozi dönəmi qapandı. Cəmi bir müddətə prezidentlik qoltuğuna oturan Sarkoziyə ikinci müddət üçün etimad göstərilmədi.

Dünən bir daha təsdiqlənib ki, Nikola Sarkozi hələ seçki məntəqələrinin qapıları bağlanmamış, prezident seçkilərində məğlub olduğunu etiraf edib. O, hətta qalib rəqibi Fransua Hollanda zəng edərək, onu təbrik edib, sonra isə Parisdə öz seçiciləri qarşısında çıxış edib.
"Vesti.ru"nun verdiyi xəbərə görə, Həmrəylik meydanındakı böyük bayram tədbiri hələ seçkilərin başa çatmasına 1 saat qalmış təxirə salınmışdı. Amma San-Viktor küçəsinə toplaşan Sarkozi tərəfdarları hələ də möcüzənin baş verəcəyinə inanırdılar. Onlar prezident üçün "Marselyoza"nı - himni ifa edirdilər.
Və 3, 2, 1… Tamam başqa emosiyalar. Başqa üzlər, başqa hisslər, başqa baxışlar! Məyusluq, üzüntü!
Bildiyiniz kimi, Holland Sarkoziyə 4 faiz çox səslə qalib gəldi. Sarkozi artıq vida çıxışı etməlidir. Saat 20:15-də Sarkozi tribunaya çıxır. "Təəssüflər olsun, biz məğlub olduq", - bu Sarkozinin öz tərəfdarlarına deyəcəyi son sözlərdir. "Fransa Respublikasının yeni prezidenti seçildi. Bu demokratik, respublika seçimidir. Fransua Holland Fransanın prezidentidir və ona hörmətlə yanaşmaq lazımdır. Mən onla telefonda danışdım və bu çətin dövrdə ona öz işində uğurlar arzuladım. Çətin olacaq, ancaq bütün qəlbimlə arzulayıram ki, Fransa - bizim ölkəmiz bu çətin sınağı şərəflə keçsin, çünki bizim özümüzdən daha vacib bir anlayış var, bu bizim ana vətənimiz - Fransadır", - Sarkozi öz tərəfdarları qarşısındakı vida çıxışında belə deyib.
Sarkozi məğlubiyyətini çox tez etiraf edib. Bəlli olub ki, onun seçki kampaniyasındakı ən realist şəxs elə Sarkozinin özüdür. Çox həyəcanlı və emosional çıxışdan sonra tərəfdarları Sarkozini buraxmaq istəməyiblər. Onun güclü eləməyə söz verdiyi Fransa köhnə prezidentiylə vidalaşıb, o prezident ki, həyəcandan, təşvişdən hətta vida çıxışında "Təşəkkürlər" sözünü belə, deyə bilməyib.
Sarkozi əvvəlcədən bəyan etdiyi kimi, parlament seçkilərində iştirak etməyəcək və siyasətdən gedəcək. Beş il çox tez keçdi və sağçılara səs verən əhalinin 48 faizi çox ümid edir ki, Fransua Holland bunu yaxşı xatırlayacaq.
Vidalaşmaq üçün və Yelisey sarayını Fransua Hollanda təhvil vermək üçün Nikola Sarkozinin 7 günü var. Onun hakimiyyətinin müddəti mayın 16-sı gecə başa çatır.
Bu arada Fransanın artıq keçmiş sayılan dövlət başçısı Nikolas Sarkoziyə Türkiyədən iş təkilifi olub. Paytaxt Ankara şəhərinin bələdiyyə sədri Melih Gökçek Sarkoziyə Türkiyədə saqqız fabriki açmağı məsləhət görüb. Sosial şəbəkə saytlarından ən çox istifadə edən siyasətçilərdən biri olan Gökçek bu barədə "Twitter" hesabında yazıb. "Sarkozi seçkidə məğlubiyyətə uğradı. Türklərin yaddaşında isə saqqız hadisəsilə qaldı. Deyirəm gəlsin Türkiyədə saqqız fabriki qursun. Pula pul deməz. Fabriki Ankarada açmaq istəsə, söz verirəm ona pulsuz torpaq sahəsi tapacağam. Araşdırmalara görə bu çox qazanclı işdir. Sarkozi bu təklif barədə fikirləşsin", - Gökçek qeyd edib.
Sarkozi üçün heykəl də qoyacaqlarını yazan Melih Gökçek "Twitter" təqibçilərindən bu heykələ ad qoymaq üçün yardım istəyib. "Bilirsiniz ki, Fransa Konstitusiya Məhkəməsi (qondarma "erməni soyqırımının" inkarını cinayət hesab edən) qanun layihəsini qəbul etmədi. Artıq Sarkozinin heykəlini qoyacağıq. Heykəlin adını isə siz qoyacaqsınız. Sarkozi heykəlinə nə ad təklif edirsiniz? :)"
Xatırladaq ki, 2009-cu ilin oktyabr ayında Fransa prezidenti Nikolas Sarkozi türklərin keçirdiyi tədbirin açılışı üçün Parisə gedən Türkiyə prezidenti Abdullah Gülü saqqız çeynəyərək qarşılamışdı. Rəsmi Ankara Fransa prezidentinə analoji addımı ataraq cavab vermişdi. Belə ki, Sarkozinin Türkiyəyə rəsmi səfəri zamanı Ankara bələdiyyəsinin sədri Melih Gökçek Fransa dövlət başıçısını saqqız çeynəyərək qarşılamış və eyni şəkildə yola salmışdı.
Dünən o da məlum olub ki, Fransa prezidenti seçilən sosialist Fransua Holland yeni baş nazirin adını mayın 15-də açıqlayacaq. "Frans Press"in verdiyi məlumata görə, bunu Fransua Hollandın özü mənzil-qərargahının çıxışında jurnalistlərə bildirib.
Hollandın kampaniyasının direktoru Pyer Moskovisi isə deyib ki, yeni prezidenti yaxın günlərdə beynəlxalq məsələlər üzərində işləyəcək və gələcək hökumətin tərkibi ilə məşğul olmayacaq.
Hələlik Fransanın fəaliyyətdə olan hökumət başçısı Fransua Fiyondur. O, 2007-ci il mayın 17-dən bu vəzifədədir.
Qeyd edək ki, sosialist Fransua Holland prezident seçkilərinin ikinci turunda fəaliyyətdə olan prezident Nikola Sarkoziyə qalib gəlib. Seçkilərin yekun nəticələrinə görə, o, səslərin 51,62 faizini, Nikola Sarkozi isə 48,38 faizini toplayıb.

Ülviyyə Qasımlı