Almaniya yeni kartını işə saldı
13:15 16-05-2012
İQTİSADİYYAT
Almaniya yeni kartını işə saldı
Berlin hökuməti NABUCCO-dan çıxmaq qərarı verdi, Azərbaycanla münasibətlər daha da gərginləşə bilər
Son dövrlər Almaniya hökuməti ilə Azərbaycan arasında ciddi bir gərginlik yaşanır. Bu ölkənin mətbuatından tutmuş, siyasi dairələrinə qədər bütün təbəqələri rəsmi Bakını ağır şəkildə müxtəlif bəhanələrlə ittiham edirlər. Yerli mətbuatın vaxtaşırı yazdığı uydurmaların ardından, ortaya çıxan mənzərə isə Azərbaycan tərəfinin hiddətlənməsinə səbəb olub.
Qeyd edək ki, rəsmi Bakı Almaniyanın bu hərəkətlərinin arxasında qısqanclıq dayandığını bəyan edir. Eyni zamanda, "Yeni Azərbaycan" qəzetində nəşr olunmuş məqalədə vurğulanır ki, hal hazırda bu cür kampaniyaların təşkil edilməsində Azərbaycan müxalifətinin müstəsna rolu var. Məqalədə o da qeyd olunur ki, Azərbaycan müxalifəti bütün vasitələrdən istifadə edərək, Almaniyanın siyasi dairələrini Bakının üzərinə qaldırmağa çalışır. Və bu hərəkət hakim partiyanın rəsmi orqanı tərəfindən xəyanət olaraq qiymətləndirilib.
Lakin bütün bunlara baxmayaraq, Almaniya tərəfi yeni kartlarını işə salmağa başlayıb. Artıq siyasi və mətbuat savaşından proseslər iqtisadi forma almaqdadır. Vəziyyət isə belədir ki, Almaniyanın məşhur şirkətlərindən biri Azərbaycanın Xəzər dənizindən çıxardığı təbii qazı satmaq üçün nəzərdə tutduğu əsas kəmərlərdən birindən çıxmaq qərarı verib. Bu barədə yayılmış məlumatlarda deyilir ki, sözügedən ölkənin NABUCCO-dakı əsas nümayəndəsi RWE şirikəti layihədən çıxdığını elan edib.
"Der Spiegel" qəzetinin yaydığı məlumatda vurğulanır ki, şirkət bu addımını layihənin bahalaşması ilə əlaqələndirib. Belə ki, NABUCCO-nun hal hazırda tikintisi üçün nəzərdə tutulan məbləğin 9 milyard avrodan, 15 milyard avroya qədər yüksəlməsi məlum olub. Eyni zamanda, kəmərin təbii qazla doldurulmasında əsas istehsalçı ölkə qismində nəzərdə tutulan Azərbaycan və Türkmənistanla da bu barədə tam razılıq əldə etmək mümkün olmayıb.
Əslində, layihənin bahalaşması mümkün olan versiyalardan biridir. Lakin Azərbaycanla bağlı məsələyə gəldikdə isə bu real görünmür. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Xəzərdə hasil edilən "mavi yanacağın" miqdarı həddindən artıq çoxdur və onun satışa çıxarılması üçün alternativ variantlardan istifadə etmək fikrindədirlər. Azərbaycan hökuməti ən yüksək səviyyədə bununla bağlı onu da bildirir ki, ölkəmizin NABUCCO-ya qoşulması üçün heç bir problem yoxdur. Hətta dəqiq rəqəmlər də ifadə olunub. Məsələn, rəsmi Bakı bildirib ki, hər il NABUCCO kəmərinin doldurulması üçün 10 milyard kub metr qaz verməyə hazırdır.
Almaniya tərəfinin belə bir addım atmasının əsas səbəblərindən biri Azərbaycanla arasında olan gərgin münasibətlərdir. Berlin hökumətinin ölkəmizdə bəzi işlərə cəhd etməsi və daxili işlərimizə qarışmasından sonra yaşanan problemlər artıq Avropa nümayəndəsinin daha da qıcıqlanmasına səbəb olub. Heç bir şəkildə Azərbaycan xalqını hakimiyyətə qarşı qaldıra bilməyən almanlar indi də iqtisadi vasitələrdən yararlanmaqdadırlar. Elə buna görədir ki, Almaniya tərəfi əlində olan bütün kartlardan yararlanmağa çalışır.
NABUCCO layihəsindən çıxmaqla bağlı alman şirkətinin verdiyi qərarı şərh edən ekspertlər bildirirlər ki, RWE-nin addımı sırf siyasidir və Almaniya dövlətinin maraqlarını ifadə edir. Onlar deyirlər ki, son dövrlər Berlinlə Bakı arasında yaşanan gərginlik yeni bir müstəviyə keçməyə başlayıb və bu daha təhlükəli şəkil ala bilər. Onlar hesab edirlər ki, Azərbaycan tərəfi Almaniya ilə münasibətlərini korlamaq fikrində deyil və maksimum şəkildə münasibətlərin qalmasına çalışır. Lakin Berlin tərəfinin atdığı addımlar vəziyyəti gərginləşdirməklə yanaşı, həm də iki ölkə arasındakı münasibətlərə zərər vurduğu da göz qabağındadır.
Almanların bu hərəkətlərinin nələrə gətirib çıxara biləcəyi barədə verilən sualları cavablandıran yerli ekspertlər düşünürlər ki, proseslərin bu şəkildə davam etməsi heç də yaxşı perspektiv vəd etmir. Onların qənaətinə görə, Berlin hökuməti heç bir səmərəsi olmayan addımları ilə diqqəti çəkir və bununla Azərbaycan tərəfini hədələməyə çalışırlar. "Lakin unudulur ki, Azərbaycan bu gün aparıcı enerji daşıyıcıları istehsalçısı olan dövlətdir. Əgər Almaniya bu gün neft və qaz almaqdan imtina edərsə, başqa dövlətlər bunun üçün var. Xüsusən də Rusiya kimi potensial bir alıcı hər gün qapımıza dayanır. Almaniyanın bu hərəkətləri iki ölkə arasında münasibətlərin soyumasına gətirib çıxaracaq ki, bunun da zərərini elə almanların özləri görəcəklər. Çünki bu münasibətlərdən ən çox itirən tərəf almanların özləri olacaqlar".
Cavid
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00