Lənkəranda nə baş verir?
13:16 16-05-2012
İQTİSADİYYAT
Lənkəranda nə baş verir?
İranın nəzarəti altında olan dindarlar Cümə məscidi ətrafında qalmaqal yaratmaq istəyirlər
Ötən həftənin bazar günündən etibarən Lənkəranda vəziyyət qəfil pisləşməyə başlayıb. Buna səbəb isə rayonun mərkəzində yerləşən Cümə məscidinin həyətində qazıntı işlərinin aparılması və orada uşaq baxçasının tikilməsi üçün işlərin görülməsi olub.
Lənkərana yenicə rəhbər təyin edilmiş Taleh Qaraşovun göstərişi ilə məscidin həyətinə göndərilən qazma maşınlarına mane olan dindarlar isə hətta həmin ekskavatorların qarşısına yıxılıblar. Onlar heç bir vəchlə məscidin həyətinin zəbt edilməsinə imkan verməyəcəklərini bəyan ediblər. Hadisədən sonra işləri dayandıran icraçıların yekun qərarı gözlədikləri deyilir.
Son məlumatlara görə, rayonda baş verən qalmaqalın səbəbkarı olan dindarlar şayələr yaymağa başlayıblar. Belə ki, onlar Lənkəranda belə bir xəbər yayırlar ki, guya, Cümə Məscidinin həyətində otel inşa olunacaq. Və məsələdən xəbərdar olduqları üçün bu məqsədlə mübarizə aparırlar. Eyni zamanda, yerli polisin aranı qarışdırmaq istəyən dindarları saxlaması da gərginliyin artmasının əsas amillərindən biri olub. Bu barədə məlumat verən rayon sakinləri bildirirlər ki, xüsusən də dindarlar həmin həbslərin qarşısını almaq üçün müxtəlif addımlar atmağa çalışırlar.
Məlumatda o da vurğulanır ki, lənkəranlı dindarlar İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirməyi də planlaşdırırlar. Mənbə deyir ki, bu aksiyanın əsas təşkilatçıları İranın təsiri altında olan islamçılardır. Onun sözlərinə görə, Cümə Məscidi ətrafında yaranmış qalmaqaldan sonra artıq rayonda etiraz aksiyasının keçirilməsi ilə bağlı təbliğat işləri də güclənib. Onu da eyniylə qeyd olunan kontingentin nümayəndələri reallaşdırırlar.
Əslində, Lənkəranda nələrin baş verdiyini müəyyən etmək elə də çətin məsələ deyil. Sadəcə, bunun üçün dindarların əlinə gözlənilmədən bəhanə verilib. Lənkəran İcra Hakimiyyəti bəyan edir ki, Cümə Məscidinin həyətində hər hansı bir otelin tikilməsindən söhbət getmir. Onlar bildirirlər ki, niyyətləri boş ərazidə uşaq bağçası salmaqdır. Bununla əlaqədar xeyli müddətdir düşünülüb və daşınılıb. Nəticədə, qərara alanıb ki, məscidin həyətindəki boş ərazidə belə bir obyekt tikilsin.
Lakin İranın təsiri altında olan dindarlar əllərinə düşmüş bu fürsətdən yararlanmaq istəyirlər. Onlar "Eurovizion" ərəfəsində ölkədə qarışıqlıq yaratmaq üçün onsuz da bəhanə axtarırdılar. Mənbə bildirir ki, məscidin həyəti ilə bağlı yaranmış qalmaqal isə həmin təbəqə üçün göydəndüşmə olub. Bildirilir ki, onlar aldıqları tapşırıqlara əsasən hərəkət edərək, yeni icra başçısının fəaliyyətinə mane olmaqla yanaşı, həm də öz istəklərinin həyata keçirilməsini istəyirlər. Elə bu səbəbdəndir ki, əllərinə düşmüş fürsəti fövtə verməmək üçün etiraz aksiyasına start vermək fikrindədir.
Mənbə bildirir ki, dindarların bu şəkildə aqressivləşməsi heç də yaxşı nəticələr verməyə bilər. Onun sözlərinə görə, İranın təsiri altında olan bu dini kəsim aldığı tapşırığı icra etmək üçün münasib vaxtın yarandığını düşünür. Ona görə də, indidən hərəkətə keçərək, məscid qalmaqalını daha da böyütməyə cəhd edirlər.
Bu əsnada o da məlum olub ki, dindarlar bir sıra addımlar atmaqlarını rəsmiləşdirməyə hazırlaşırlar. AİP Lənkəran Şəhər Təşkilatının sədri Hacı İlham Hacıyev bəyan edib ki, məscidin hüquqlarının müdafiə şurası təsis olunması və fəal üzvlərin seçilməsini həyata keçirməyi planlaşdırırlar. O deyib ki, həmin şura vasitəsilə elə bu gün icra başçısına müraciət olunacaq. "Baş verənlərə qarşı etiraz imzaları toplanacaq və mətbuatda dərc olunacaq. Əlimizdən gələni edəcəyik. Bu dövlət bizimdir, bu xalqındır, bunlar, bu məmurlar bunu yaddan çıxarıblar. Dövlət məmurları polisdən istifadə edib xalqa zülm edirlər. Bu günlər xalqla dövlət arasında bu uçurumu yaradanlar, bu süni gərginlikləri yaradanlar nəyə xidmət edir, bilmirəm".
Sonda onu da bildirək ki, Lənkəranda vəziyyətin stabil saxlanılması üçün polis və Daxili Qoşunların imkanlarından istifadə edilməkdədir. Bu barədə məlumat verən rayon sakinləri deyiblər ki, hal hazırda yerli polis və DQ-nin qüvvəsi şəhərdə qismən də olsa, diqqəti çəkir. Onların daha total şəkildə hərəkətə keçməsi isə dindarların fəaliyyətindən asılı olacaq. Yəni, sözügedən qüvvələr İranın təsiri altında olan təbəqənin aksiyalara başlayacağı təqdirdə, qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətinə keçiblər.
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00